Ermənilərin yəhudi problemi: Müsəlman Azərbaycanla müqayisədə burada faktlar başqa reallığı göstərir

Baxış sayı: 
59
1  
0  

 
“The Jerusalem Post” qəzetinin yazarı Cess Boqner Azərbaycan və Ermənistanda antisemitizmin, yəni yəhudi düşmənçiliyinin təzahürlərinin müqayisə olunduğu maraqlı məqalə qələmə alıb.
Musavat.com həmin məqaləni təqdim edir:
 
“Məşhur tarixçi Robert Vistrixin “ən uzun müddətli nifrət” adlandırdığı bir fəlakət indi özünün ikinci dirçəlişini yaşayır. Qlobal medianın işıqlandırdığı Pitsburqda və Poueydə (ABŞ) sinaqoqların gülləbaran edilməsindən tutmuş, yəhudilərə yönəlik, lakin ictimaiyyətə az məlum olan gündəlik təhdid və zorakılıq xəbərlərini oxuduqca antisemitizmin 21-ci əsrdə yenidən yüksəldiyini söyləmək olar.
 
İndi əsas diqqət haqlı olaraq radikal sağçılara, islam dinindən olan ekstremistlərə yönəlib. Lakin yəhudilərə qarşı ənənəvi nifrət mənbələrindən biri - xristian antisemitizmi yaddan çıxıb.
Keçən həftə Qüdsdə erməni kilsəsinin 60 tələbəsinin Şavuot bayramı ərəfəsində yəhudilərə hücum çəkməsi xristianların bu millətə çoxəsrlik münasibətini, o cümlədən Ermənistanda davam edən antisemitizmi ortaya qoydu. Bundan başqa insident qlobal tərəfdaşlar və alyanslar yaratmaq yolunda səylər göstərən yəhudi liderləri və İsrail hökumətini ehtiyatlı mövqe tutmağa vadar etməlidir.
 
Vatikan tərəfindən katolik kilsəsində aparılan antisemit təlimlərə son qoyan islahatlar, habelə evangelist icmada xristian sionizminin çiçəklənməsi fonunda xristian antisemitizminin tarixə qovuşduğunu güman etmək olardı.
 
Paralel olaraq dini (islam) terrorizmin təhdidinin, habelə ərəb-İsrail gərginliyinin artması ilə birlikdə İsrailin müsəlman ölkələrindən daha çox xristian əhalisi çoxluqda olan dövlətlərlə dil tapacağı və alyanslar qura biləcəyi daha məntiqli görünür. Lakin faktlar bəzən tamam başqa təzahürləri göstərir. Özü də Ermənistan kimi qədim xristian millətlərdən birində...
 
Erməni cəmiyyətində sistemli antisemitizmin baş qaldırdığını göstərən bir çox sübuta rast gəlinir. “Pew Research Center” şirkətinin 2018-ci ildəki sorğusuna görə, ermənilərin 32%-i yəhudiləri vətəndaş olaraq qəbul etmirlər. “The Anti-Defamation League” (ADL) təşkilatı öz araşdırmasında isə ermənilərin əksəriyyətinin antisemit stereotiplərində özlərini haqlı saydıqlarını müəyyən edib.
 
 
Bundan başqa Ermənistan müstəqillik əldə etdikdən dərhal sonra İsraillə diplomatik münasibətlər qurmasına rəğmən, iki ölkə arasındakı əlaqələr əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla olduğu qədər inkişaf etməyib.
 
İsrailin Azərbaycanla dərin bağlantıları təsadüf sayılmır. Azərbaycanda nə keçmişdə, nə də indi antisemitizm olmayıb. Burada 2 min ildən çoxdur ki, inkişaf etmiş yəhudi icması mövcuddur..
 
İsrailə Azərbaycandan gedən yəhudilər haqqında da eyni sözləri söyləmək olar.
 
Bəs necə ola bilər ki, bir müsəlman dövləti dünyadakı yeganə yəhudi dövləti ilə bu cür isti münasibətlər qura bilir, Ermənistan isə antisemitizmin və İsraillə soyuq münasibətlərin əziyyətini çəkir.
 
İlk öncə Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə olduğunu nəzər almaq lazımdır. Bu da dövlət və dinin çox düzgün şəkildə ayrılmasından irəli gəlir. “Gallup International / WI Network of Market Research” şirkətinin araşdırmalarının nəticəsinə əsasən Azərbaycan 65 ölkə arasında dünyada ən dünyəvi dövlət olaraq göstərilib. Azərbaycan əhalisinin 97%-nin müsəlman olmasına rəğmən ölkə dünyəvi hüquq və təhsil sisteminə malikdir. Burada hər hansı bir dövlət dinindən danışmaq mümkün deyil.
 
Lakin Azərbaycanla müqayisədə Erməni Apostol kilsəsinin dövlət və ictimai həyatda təsiri olduqca güclüdür. Ermənilər xristianlığı ilk qəbul edən millətlərdən biridir. Erməni Apostol kilsəsi isə dini etiqad azadlığı haqqında qanunda kilsə və dövlətin ayrıldığının elan edilməsinə baxmayaraq, rəsmi status daşımaqdadır. Beləliklə, Ermənistan Azərbaycan qədər dünyəvi dövlət sayıla bilməz.
 
Eyni zamanda şərqi pravoslav kilsələrində qədim antisemitizm ənənələrinin hələ də yaşadığını söyləymək mümkündür. “ADL” bu kilsələri antisemit hissələri dini qiraət ədəbiyyatlarından çıxarmağa çağırır.
 
Apostol Kilsəsinin ölkədə oynadığı böyük rolu nəzərə alınsa, Ermənistanın Xolokost tarixini (yəhudi soyqırımı) dövlət səviyyəsində tanımadığına təəccüblənməmək lazımdır. Ermənistan mətbuatı daim İsrail və antisemit materialları nümayş etdirir. Dövlət və kilsə arasında həqiqi ayrılma baş vermədən yəhudilərə yönəlik xürafat fikirlər və nifrət ölkə əhalisinin qızışdırılması üçün böyük potensial əxz edir.
 
Əksəriyyəti müsəlman, lakin dünyəvi Azərbaycan isə ardıcıl olaraq antisemitizmə qarşı çıxır, rəsmi Bakı İsraillə sıx hərbi və iqtisadi əlaqələr qurub.
 
İsrail liderləri bu tarixi və müasir konteksti ağıllarında tutmalıdırlar. Hər hansı dövləti burada hakim olan dinə görə mühakimə etməyin. Dini nifrətin qaynaqları ilə bağlı ümumi qəbul olunan müəyyən fikirlər mövcud olsa da, bəzən müttəfiqlərini heç ummadığın yerdə tapa bilərsən…”
 
Məqalənin sonunda müəllif Cess Boqnerin yazar və jurnalist olduğu qeyd edilir. Onun memaurları və “Eqotist” adlı sosial tənqid kitabı 5 dilə tərcümə olunub. Cess Boqnerin “The Daily Callaer”, MSN və “The Huffington Post” saytlarında çalışmaları vardır. 2018-ci ildə jurnalistin “Tikkunim” (Düzəltmələr) adlı məqalələr kitabı çapdan çıxıb.
 
Məqalənin orijinalını buradan oxuya bilərsiniz: https://www.jpost.com//Opinion/Armenias-Jewish-problem-593558
 
Musavat.com

Загрузка...
Загрузка...