Ermənilərin hücum edəcəyini bilirdik – Fərid Şəfiyev

Baxış sayı: 
127
1  
0  

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatla əlaqədar Azərbaycan Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin və Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında ətraflı məlumat və şərh verilib.
 
Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Tovuzdakı erməni təxribatı ilə bağlı danışarkən deyib.
 
Onun sözlərinə görə, bu təxribat Ermənistanın nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti gərginləşdirməyə çalışdığını göstərir:
 
“Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarını şərh edərkən qeyd etmişdi ki, ötən il Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “itirilmiş il” hesab olunmalıdır. Mərkəzimiz hələ 2019-cu ilin sentyabrında iki ölkənin post-danışıqlar mərhələsinə daxil olduğunu açıqlamışdı. Ümumiyyətlə, rəsmi İrəvan hər hansı substantiv danışıqlardan boyun qaçırırdı. Buna baxmayaraq, Azərbaycan dünya ictimaiyyətinə öz xoş niyyətlərini nümayiş etdirərək danışıqları davam etdirmişdi. Lakin 2020-ci il yanvarın sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin apardığı danışıqların uğursuz nəticələri yenə də sübut etdi ki, Ermənistan hökumətinin destruktiv mövqeyi dəyişməyib”.
 
F.Şəfiyev aprel-may aylarında COVİD-19 pandemiyasının yaratdığı böhranla əlaqədar Ermənistan hökumətinin yay aylarında təxribat cəhdlərinə əl atacağı barədə tərəflərindən proqnoz verildiyini də xatırladıb:
 
“Təxribatın münaqişə ilə bağlı təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsi onu göstərir ki, İrəvan münaqişəyə üçüncü dövlətin və yaxud qurumun cəlb olunmasına nail olmaq istəyir. Belə olan şəraitdə hər hansı imitasiya tipli danışıqların davam etdirilməsi mənasızdır və cəbhə bölgələrində etimad tədbirləri (confidence building measures) yalnız status-kvonun saxlanılmasına xidmət edir”.
 
Fərid Şəfiyevin fikrincə, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın addımları hərtərəfli, düşünülmüş olmalıdır:
 
“Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun inkişafı, o cümlədən ordu potensialının güclənməsi, xarici siyasət sahəsində nailiyyətlər (buna sonuncu misal kimi Prezidentin təşəbbüsü ilə çağırılan BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının açılması) və digər sahələrdə islahatlar dövlətçiliyin möhkəmlənməsinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına xidmət edir”.

Загрузка...
Загрузка...