Erməni nazir Məmmədyarovla görüşün anonsunu verdi - Bakıdan “getmə!” çağırışları

Baxış sayı: 
28
1  
0  

 
Ekspertlər deyirlər ki, Paşinyan Xankəndindəki bəyanatından  imtina etməsə, Azərbaycan danışıqlara qatılmamalıdır
Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.
 
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
 
Rusiyanın Azərbaycanın xarici işlər naziri ilə Ermənistanın xarici işlər nazirini BMT Baş Assambleyasında görüşdürməyə çalışdığı, hətta bunun üçün Azərbaycan rəhbərliyinə xahiş etdiklərini keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bir neçə gün əvvəl “Amerikanın Səsi”nə demişdi. O, bildirib ki,  Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz: “Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyan hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək qərbyönümlü siyasətini daha da fəallaşdırmaq istəyir. Ermənistan rəhbəri həm də onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir. Paşinyanın verdiyi bəyanatlara baxmayaraq, səfər çərçivəsində Qarabağ mövzusunu müzakirələrə qatmamaq üçün elə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycanla danışıqlar davam etdirilir. Buna görə də xarici işlər naziri Mnatsakanyan Elmar Məmmədyarovla növbəti görüşün keçirilməsində maraqlıdır. Bu görüş BMT-nin Baş Assambleyanın illik toplantısında baş tuta bilər. Bu proseslərin hamısı danışıqların öz axarı ilə davam etdirilməsini göstərmək məqsədi ilə ediləcək”.
 
T.Züfüqarov hesab edir ki, indiki şəraitdə görüşləri davam etdirməyin Azərbaycan üçün heç bir faydası yoxdur: “Artıq Paşinyanın Xankəndidəki mitinqdə səsləndirdiyi bəyanatlarından sonra danışıqlar üçün heç bir əsas qalmayıb. İmitasiya xarakterli danışıqlar aparmağın Azərbaycana heç bir faydası yoxdur. Amma eyni zamanda hiss olunur ki, bu bəyanatlardan kənarda hansısa maraqlar mövcuddur. Bu maraqları Mnatsakanyan ifadə edir. O da  öz çıxışında bəzi tezisləri səsləndirir. Bununla o, danışıqlara hazır olduğunu bu və ya digər şəkildə göstərmək istəyir. İstisna olunmur ki, Mnatsakanyan özünü Paşinyandan qabaq mövcud olan prinsiplər əsasında görüşlər keçirmək niyyətində olduğunu göstərməyə çalışır”.
 
Sabiq XİN rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi bu görüşə qatılmalı deyil: “Əlbəttə, Azərbaycanın imitasiya xarakterli görüşlərə qatılması Paşinyanın mövcud bəyanatlarının üstündən keçmək, qəbul etmək və görüşləri davam etmək kimi anlaşılacaq. Azərbaycan bu addımı atsa, uduzacaq. İstənilən halda Paşinyanın birləşmə çağırışından sonra bu görüşə qatılmaq olmaz. Çünki Paşinyan səsləndirdiyi bəyanatları təkzib etməyib, onlardan imtina etməyib. İkincisi, Nikolun bəyanatlarından sonra Azərbaycan bu görüşlərə qatılmazsa, oktyabrda Putin-Paşinyan görüşündə Qarabağ mövzusunun müzakirəsinin aparılması labüd olacaq. Düzgün məntiq budur. İndiki mərhələdə Azərbaycan tərəfi olaylara ciddi siyasi qiymət verərkən, Paşinyanın mövcud bəyanatlarının danışıqları davam etdirməyi mümkünsüz etdiyini vurğulamalıdır. Bu bəyanatdan Paşinyan rəsmi olaraq imtina etməsə, Azərbaycan növbəti görüşlərə qatılmamalıdır. Bir sözlə, Azərbaycan ciddi şəkildə öz mövqeyini ortaya qoymalıdır. Bunun üçün əlimizdə hər bir siyasi əsas var. Təbliğati baxımdan da biz bu faktdan düzgün istifadə etməliyik. Bir daha deyirəm, bu görüş Azərbaycanın xeyrinə olmaz. Bunu birmənalı başa düşməliyik”.
 
 
Bəs Rusiyan danışıqların dayanmasından nədən narahatdır? Rusiya nəticəsi olmayan Qarabağ danışıqlarını nədən bu qədər istəyir?
 
Bu suallara cavabı isə AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında verib. A.Əlizadə bildirdi ki, Rusiya Dağlıq Qarabağ probleminin həllini sürətləndirməkdə deyil, əksinə, Azərbaycan və Ermənistan arasında mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdır. Bununla da həm Azərbaycanı, həm də Ermənistanı problemin həllində özündən asılı vəziyyətdə saxlamağa çalışır: “Rusiya rəsmiləri  dəfələrlə açıq və ya üstüörtülü şəkildə cəbhə bölgəsində aktiv hərbi əməliyyatların keçirilməsinə qarşı olduqlarını vurğulayıblar. Bu səbəbdən də Ermənistanın hazırkı iqtidarının, xüsusilə də Paşinyanın bu ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağla əlaqədar yürütdüyü təhdidedici siyasəti Rusiyanı narahat etməyə bilməz. Ermənistan rəhbərliyinin hazırkı mövqeyi hərbi əməliyyatların bərpasını çox real edir. Rusiya tərəfinin isə yeganə istəyi budur ki, müharibə olmasın. Ona görə də Azərbaycan və Ermənistan arasında vəziyyət gərgin fazaya daxil olan kimi Rusiya yetkililəri də aktivləşərək problemin yalnız danışıqlar masası ətrafında mümkünlüyünü tərəflərə təlqin edirlər. Hesab edirəm ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avqustun 16-da Ermənistana, iki gün əvvəl isə Azərbaycana səfərinin pərdəarxası səbəblərindən biri də bu ola bilər. Rusiya eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi danışıqlar prosesini nəzarətdə saxlayaraq istədiyi səmtə istiqamətləndirir və uzun illərdir ki, davam edən danışıqların nəticəsiz qalmasında bu ölkənin xüsusi rolu vardır. Əslində Rusiya problemin danışıqlar yolu ilə həll olunmayacağını da yaxşı bilir və bu üzdən də  danışıqların davamlı, lakin nəticəsiz olmasında bütün mümkün vasitələrdən istifadə edir”.
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 

Загрузка...
Загрузка...