“Erməni gənclər bizimlə döyüşmək istəmirlər” - Müsahibə

Baxış sayı: 
52
2  
0  

 
Teleqraf.com-un suallarını Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov cavablandrıb. Müsahibəni təqdim edirik.
 
– Zaur müəllim, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsini şərh etməyinizi xahiş edirik...
 
– Livandan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi qanunsuz məskunlaşdırma siyasətidir. Amma bu əslində bizim üçün qeyri-adi olmamalıdır. Çünki ermənilər uzun illərdir ki, bu siyasəti aparırlar. Onlar Suriyada vətəndaş müharibəsinin qızğın çağında da bu ölkədən etnik ermənilərin işğal olunmuş ərazilərimizə köçünü təşkil etmişdilər.
 
Ümumiyyətlə, bu gün Cənubi Qafqazdakı ermənilər özləri bura gəlmədirlər. Bu xalq heç zaman öz dövləti olmayaraq dünyanın ayrı-ayrı bölgələrinə səpələnib. Onlar bu gün hətta Latın Amerikasında da kompakt halda yaşamaqdadırlar. Belə olan təqdirdə onları yaşadıqları dövlətə bağlayan təbii ki, heç bir mental, psixoloji amil olmur. Xüsusilə vurğulamaq lazımdır ki, Livandan ermənilərin Dağlıq Qarabağa, ələlxüsus Şuşaya və digər ərazilərə köçürülməsi yolverilməzdir. Bu, ciddi təxribatdır və kifayət qədər həssas məsələdir. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı bildirdi ki, müvafiq beynəlxalq konvensiya var və həmin konvensiya hərbi əməliyatların getdiyi bölgələrdə, işğal altındakı torpaqlarda hər hansı məskunlaşma siyasətini qadağan edir. Lakin buna baxmayaraq Ermənistan oradakı demoqrafik vəziyyəti dəyişmək, bölgəyə həm mülki əhalini, həm də mülki əhali adı altında terrorçu qrupları – hansı ki, Livanda kifayət qədər tanınmış erməni terrorçu qrupları var – bölgəyə gətirməkdədir. Bu bir daha onu göstərir ki, Ermənistanın niyyəti işğalçılıq siyasətini davam etdirmək, yeni torpaqlar işğal etmək və danışıqlar masasına oturmamaqdır.
 
Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rəhbərliyin son bəyanatları bir daha göstərir ki, onlar artıq özlərinə artıq tam arxayıblaşıblar. Və müəyyən ölkələrin təsiri altında özlərini arxayın hiss edərək Azərbaycana meydan oxumaq istəməkdədirlər.
 
– Emənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyan Tavuş vilayətindəki sərhədyanı Doveq kəndində nasos stansiyasının açılmasından danışarkən fəxrlə bildirib ki, bundan sonra çayın suyu Azərbaycana axmayacaq...
 
– Təəssüflər olsun ki, Cənubi Qafqazın şirin su ehtiyatları ən az olan ölkəsi Azərbaycandır. Biz bu məsələdə qonşu ölkələrdən asılıyıq. Çünki ərazimizdən keçən çaylar öz mənbəyini ya Ermənistan, ya da Türkiyə ərazisindən götürür. Başlanğıcını Türkiyə ərazisindən götürən Araz kimi böyük çayımız da Ermənistanla sərhəddən axıb gəlir. Bilirsiniz ki, içməli su hövzələrinin qorunması ilə bağlı beynəlxalq konvensiya və beynəlxalq proseslərdə etik normalar mövcuddur. Bir müddət əvvəl Avropa institutları Sərsəng su anbarı ilə bağlı Ermənistanın əleyhinə olan bir qərar qəbul etmişdi. Lakin biz görürük ki, Ermənistan öz çirkin siyasətini davam etdirməkdədir. Hətta azərbaycacanlıların yaşadıqları sərhədyanı bölgələrdə insanların yaşayışına təsir edə biləcək mənfur əməllərindən əl çəkmirlər və Azərbaycana qarşı hidroterror həyata keçirirlər.
 
Ümumiyyətlə, su məsələsinin yaxın gələcəkdə bütün dünyada əsas münaqişə predmeti olacağını əsas götürsək, biz artıq indidən planlaşdılmış şəkildə həmin su hövzələrinin coğrafiyasını cızmalıyıq və gələcək müharibə zamanı şirin su hövzələrinə də sahib olmalıyıq. Çünki 50-100 il sonra Azərbaycanda içməli su ilə bağlı problem ola bilər. Bildiyiniz kimi bizim tarixi torpaqlarımızda kifayət qədər şirin su ehtiyatları vardır ki, o su ehtiyatları olan ərazilərin geri qaytarılması ideal variantlardan ola bilər. Bəlkə də indi bu fikirlər bir qədər qəribə və paradoksal səslənir, amma Qərb analitiklərinin də verdikləri məlumata görə, Cənubi Qafqaz, Mərkəzi Asiya bölgəsində şirin su ilə bağlı ölkələr arasında qarşıdurmalar olacaq. Biz hələ Afrikanı demirik. Orada vəziyyət ümumiyyətlə münaqişəli olacaq.
 
– Bu gecə Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində atəşkəs rejimini intensiv olaraq pozub. Bunu necə qiymətləndirirsiniz?
 
– Nikol Paşinyan, doğrudan da, siyasi etikadan, insan mənəviyyatından uzaq, mənəviyyatsız bir şəxsdir. Bunu artıq dəfələrlə sübuta yetirib. Azərbaycan xalqını sudan məhrum etmək istəyən Nikol Paşinyan bilsin ki, yaxın vaxtlarda tarixin ən qara səhifələrinə həkk olunacaq. Ümumi götürdükdə biz Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra, xüsusilə bu ilin əvvəlindən güclənən təxribatların şahidiyik. Paşinyan Azərbaycanı təxribata çəkmək üçün var gücü ilə çalışır və əlindən gələn hər şeyi edir. Ancaq o başa düşmür ki, geosiyasi güclər öz maraqlarını reallaşdırmaq üçün ermənilərdən istifadə edirlər. Ermənistan da hər zaman o geosiyasi güclərin öz maraqlarını reallaşdırmasını fürsət bilərək Azərbaycana qarşı işğalçılıq siyasətini genişləndirmək istəyir.
 
Lakin Paşinyan bilməlidir ki, bu onun çox böyük məğlubiyyəti olacaqdır. Budəfəki qarşıdurmada Ermənistanı hər parametr üzrə üstələyən və arxasında Ermənistandan da çox real müttəfiqləri olan dövlətlər – hansı ki, bu gün dünyanın ayrı-ayrı yerlərində öz güclərini nümayiş etdirirlər – əhatə edəcək. Beləliklə, artıq istər məskunlaşma, istər şirin su ehtiyatları, istərsə də iyul ayında Tovuz istiqamətində baş vermiş təxribatdan sonra bu gecə yenidən Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsin intensiv şəkildə pozulması onu göstərir ki, Ermənistan dövləti müharibə hazırlığındadır. Və Ermənistan yeni strategiyanı artıq hazırlayıb. Həmin o plan istiqamətində getməkdədir.
 
– Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişiklik edilib. Bu dəyişiklik yaşlı insanların könüllü orduya cəlb olunmasını nəzərdə tutur. Dəyişikliyi Ermənistanda insan resurslarının çatışmazlığı ilə əlaqələndirmək mümkündürmü?
 
– Bəli, mümkündür. Ermənistanda hərbçi çatışmazlığı ona görədir ki, təcavüzkar ölkənin əhalisi azdır və əhali ölkəni tərk etmək məcburiyyətindədir. İkincisi, Ermənistanda gənclər hərbi xidmətə getmək, Azərbaycanla müharibə aparmaq, döyüşmək istəmirlər. Bu, onların qorxaqlığı ilə bağlıdır. Biz aprel döyüşləri və Tovuz təxribatı zamanı gördük ki, ermənilər döyüş meydanından necə qaçırlar. Həmin əsgərlər yaxşı bilirlər ki, say və hərbi hazırlıq baxımından onlardan dəfələrlə güclü olan Azərbaycan Ordusunun qarşısında dayana bilməyəcəklər. Digər tərəfdən, son zamanlar Azərbaycanla Türkiyə arasında intensivləşən hərbi münasibətlər Ermənistan hakimiyyətini qorxuya salıb. Onlar guya ki, 100 min könüllü yığmaq barədə qərar qəbul ediblər. Təbii ki, öz ordusunun sayı 100 mindən dəfələrlə az olan bir ölkənin bu qədər könüllü yığması nonsensdir. İndiki halda Ermənistanın heç bir resursu yoxdur ki, 100 mini könüllü yığa bilsin. Bunun əksinə olaraq Ermənistan terrorçu qrupları həmin bölgəyə yığa bilər və yığmaqda davam etməkdədir. Dünyanın ayrı-ayrı ölkələrindən müxtəlif terrorçu qrupları bölgəyə muzdlu şəkildə cəlb edən Ermənistan hakimiyyəti bununla da terrorçu dövlətə rəhbərlik etdiyi bir daha sübut etmiş olur.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...