​Erməni anti-rusizmi: Paşinyana bağlı media Rusiyanı Beynəlxalq Məhkəməyə verməklə hədələdi

Baxış sayı: 
108
3  
0  

 
Moskvaya qarşı erməni nankorluğu sərhəd tanımır; “məxməri” baş nazir böhrana görə özündən savayı hamını günahkar görür - koronavirusu, Kremli, oliqarxları...
İşğalçı Ermənistanın populist baş naziri Nikol Paşinyan hələ ki, öz reytinqindən “yeyir”. Ölkədə tüğyan edən və faktiki, nəzarətdən çıxan koronavirus pandemiyası, şübhə yox ki, bu prosesin sonunu tezləşdirəcək. Çünki yeni, qəliz situasiya “inqilabçı” hökumətin ağır sosial-iqtisadi problemlərin həllində nə dərəcədə bacarıqsız  olduğunu əyani şəkildə ortaya qoymaqdadır.
 
Nikol Paşinyan isə ictimai diqqəti reytinqi əleyhinə işləyən sərt reallıqlardan yayındırmaq üçün “günah keçiləri” axtarır. Əhalinin durumunda inqilabdan sonrakı iki ildə yaxşılaşma baş verməməsinin məsuliyyətini siyasi opponentlərin, COVİD-19 virusunun və bir də Rusiyanın üzərinə atmağa çalışır. Son vaxtlar Ermənistanın 1 nömrəli müttəfiqinə qarşı orada baş qaldıran abu-havanın əsas motivi həm də bununla izah edilir.
 
Artıq gün kimi aydındır ki, Paşinyan Ermənistanı əvvəlki Ermənistandan müsbətə doğru heç nə ilə fərqlənə bilməyəcək. Vəd olunan köklü iqtisadi-demokratik islahatlar, Ermənistanın guya xarici investorlar üçün Gürcüstan kimi cəlbedici ölkə olacağı barədə vədlər, “iqtisadi möcüzə”-filan olmayacaq, Ermənistan təcrid rejimindən qurtula bilməyəcək. Bu acı qənaəti, yəni Nikol Paşinyanın “sehrli çubuğu”nun olmadığı haqda gerçək getdikcə daha çox sayda sıravi erməni tərəfindən dərk edilməkdədir.     
 
*****
 
Rusiyanın etimad göstərmədiyi fiqur: yaxud başsız nazirin Moskva ...
 
“Nikol Paşinyanın idarəçiliyi Ermənistanın dünya ilə əlaqəsini qırdı. Heç bir ciddi beynəlxalq tərəfdaş bu hökumətlə qısamüddətli planlar və ya uzunmüddətli perspektivlər qurmaq istəmədi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “168 am” nəşrində getmiş redaksiya məqaləsində deyilir.
 
Məqalədə ardınca bildirilir: “Ermənistanın dünya ilə yeganə əlaqəsi Rusiya vasitəsi ilədir. O Rusiya ki, öz geosiyasi missiyasından çıxış edərək, bizim hakimiyyətlə işləməyə davam edir. Həmişə Rusiyadan güclü asılılığa qarşı çıxış edən biri kimi bunu da qeyd etməyə bilmərəm ki, aparılan siyasətin nəticəsi olaraq bu asılılıq indi təhlükəli həddə qədər güclənib”.
 
Müəllif bu fonda Ermənistanda son vaxtlar baş qaldıran anti-Rusiya meylləri barədə də yazıb. “Qeyd etmək lazımdır ki, Moskvadan artan asılılığa paralel olaraq Ermənistanda yerli, sürünən anti-rusizm körüklənir. Səbəbkar isə hakimiyyətdəkilərdir. Onlar bunu, məsələn, Rusiya kanallarının efirdən çıxarılması haqqında hazırlanan qanunla və ya Avropaya gedib səsvermə zamanı düymələri qarışdıran deputatlarla (AŞ PA-da Rusiya əleyhinə səs vermiş deputatlar nəzərdə tutulur - ”YM"), yaxud hər hansı xarici siyasət səhvinə görə Moskvanı, daxili siyasətə görə isə KQB-ni ittiham etməyə hazır olan müxtəlif QHT-lərin köməyi ilə edirlər", - deyə yazıda vurğulanır və Paşinyan hakimiyyətinin yalnız radikal anti-Rusiya mövqeyi tutduğu üçün “Sosna Tsrer” terror qruplaşması başçılarını həbsdən azad eləməsi yada salınır.
 
“İndi hakimiyyətin bütün səhvlərinə görə Rusiyanı günahkar elan etmək sanki dəb halını alıb. Rusiyanı günahkar kimi tanımaq - hakimiyyətin son gülləsidir. Amma təhlükə ondadır ki, indi bu güllə Ermənistan və ”artsax"a dəyəcək", - müəllif sonda xəbərdarlıq edib.
 
*****
 
Putindən separatçılara açıq dəstək - Qarabağı nə gözləyir?
 
Ermənistanda anti-rusizm meyillərindən söz düşmüşkən, bu meyillər hakimiyyətə yaxın KİV-lərdə daha sürəkli şəkildə körüklənməkdədir. Onlardan biri də Largir.am-dır. Saytda gedən son məqalələrin birində hətta Moskva ilə İrəvanın qaz mübahisəsi ilə bağlı Rusiyanı Beynəlxalq Məhkəməyə verməyə çağırış edilir.
 
Məqalədə deyilir: “İyunun 30-da Rusiyanın ”Qazprom" şirkəti Polşa üçün qaz qiymətlərinə yenidən baxılması haqda məhkəmənin qərarına uyğun olaraq bu ölkənin PGNiG şirkətinə vəsait köçürüb. Belə ki, Polşa şirkətinin Stokholm Arbitraj Məhkəməsində “Qazprom”a qarşı qazın qiyməti ilə bağlı qaldırdığı iddia təmin edilib. Bununla da şirkətin 1.5 milyard dollar vəsaiti geri almaq hüququ tanınıb. PGNiG-nin məlumatına görə, məhkəmə müqavilə çərçivəsində qiymət formulunu dəyişib. Bu xüsusda dəyişiklik 1 yanvar 2014-cü il tarixindən etibarən Avropa bazarındakı təbii qaz qiymətləri ilə birbaşa bağlı olub".
 
Daha sonra Paşinyanyönlü KİV təklif edir ki, Ermənistan da “Polşa ssenarisi” üzrə hərəkət eləməli və Rusiyanı Beynəlxalq Məhkəməyə verməlidir.
 
“Stokholm Məhkəməsinin qərarı Rusiya ilə bağlanan və olduqca ağır şərtləri olan qaz müqavilələrinə yenidən baxma ehtimalı axtaran digər ölkələr, o cümlədən Ermənistan üçün bir presedent ola bilər. Dünya bazarında qaz qiymətlərinin düşməsi və Rusiya qazının tədarükünün dəfələrlə azalması fonunda ”Qazprom" Ermənistanda qaz qiymətlərində artıma nail oldu. Hərçənd belə bir qərar qəbul olundu, ancaq Ermənistan incikliyi hələ “udmayıb”, - deyə nəşr sonda əlavə edib.
 
*****
 
Bəs Ermənistan rəhbərliyi Rusiyanı Beynəlxalq Məhkəməyə verəcək qədər cəsarət sahibi ola bilərmi? Çətin. İstisna deyil ki, bu, sadəcə, Moskvaya qarşı növbəti şantajdır. Ona görə ki, Ermənistan Avropa Birliyinin aparıcı dövlətlərindən olan Polşa deyil, Güney Qafqazda Rusiyanın forpostu, daha dəqiqi, faktiki müstəqilliyini itirmiş vassal bir ölkədir.
 
Başqa yandan, Rusiya erməniləri təkcə təbii qazla təmin eləmir ki, həm də Azərbaycana qarşı ayaqda durmaq üçün ucuz qiymətə silahlarla təmin edir, onun xarici sərhədlərini qoruyur, bütövlükdə “Ermənistan” adlı psevdo-dövlətin varlığını təmin edir. Bununla çox şey deyilib...
 
Analitik xidmət,
“Siyasət şöbəsi”

Загрузка...
Загрузка...