Elinanın intiharı işi - məktəb direktoruna hökm oxundu, qolbaqla gəzəcək, 18 min ödəyəcək

Baxış sayı: 
66
2  
0  

 
Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.
 
Musavat.com xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib.
 
Məhkəmə prosesində direktorun vəkili Sadiq Bağırov çıxış edib.
 
Müdafiəçi ittihamları qəbul etmədikləri bildirib və Sevin Abbasova barəsində bəraət hökmü çıxarılmasını istəyib.
 
Sevin Abbasova da son sözündə barəsində bəraət hökmü çıxarılmasını istəyib.
 
O deyib ki, 25 il müəllimə işləyib, işinə məsuliyyətlə yanaşıb.
 
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Sevin Abbasova barəsində 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılıb. S.Abbasova bu müddət ərzində elektorn qolbaqla gəzməli olacaq.
 
Hökmdə mülki iddia hissəsində S.Abbasovadan 18 min manat tutularaq Elinanın anasına ödənilməsi də göstərilib.
 
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışı etmişdi. Prokuror Sevin Abbasovanın azadlığının 2 il 6 ay müddətinə məhdudlaşdırlmasını istəmişdi.
 
Rəsmi ittihamda qeyd olunur ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.
 
O da qeyd edilir ki, Elina sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevin Abbasova bununla bağlı hər hansı addım atmayıb.
 
Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.
 
İttihama görə, E.Hacıyeva özünü məktəbdən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub.
 
Elan olunmuş ittihamla Sevin Abbasova özünü təqsirli bilməyib.
 
Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib.
 
Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.
 
Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevin Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
 
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...