Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ

Baxış sayı: 
127
2  
0  

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb. 

 

Həmçinin, Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. 

Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 
Загрузка...
Загрузка...