DURĞUN CƏMİYYƏTİN ÖLGÜN HALI

Baxış sayı: 
137
1  
0  

Əhali keçmişdə olduğu kimi, sosial-ictimai problemlərinin çözümü yönündə gözünü avtoritar rejimə dikib…

Azərbaycanda faktiki olaraq, son 15 ildə vətəndaş cəmiyyəti, siyasi partiyalar, insan haqları təşkilatları durğunluq çağını yaşayırlar. Bunun əsas səbəblərindən biri də odur ki, virtual və vizual dünyada cəmiyyətlə birgə olmanın bir sıra problemləri yaşanılır. Ona görə ki, yuxarılar “passiv toplum” siyasətini yürüdürlər, aşağılar yeni texnoloji vasitələri ilə cəmiyyətlə birgə olmanın düzənini ortaya qoya bilmirlər. Beləliklə hər kəsin dilədiyi demokratiya və demokratik proseslər nokauta salınıb.

Qrant xəstələrinin çözə bilmədikləri

Ötən yüzilin 90-cı illərindən başlayaraq, Qərb dövlətlərinə məxsus fondlar, institutlar və digər təsisatlar Azərbaycanda demokratiya və demokratik proseslərə təkan verilməsi adı ilə çoxsaylı strukturlar, şəbəkələr formalaşdırırdı. Beləliklə də “qrant” çetesi adlı yeni bir sosial zümrə formalaşdı. Bu gün həmin çetelərə rəhbərlik edənlərin 90 faiz YAP-ın yedəyində gedirlər. Onlar hətta Milli Məclisdə, digər dövlət təsisatlarında təmsil olunurlar. Çünki, bir alışqanlıq yaranmışdı. “Vətəndaş cəmiyyəti”nin nümayəndəsi kimi yemlənsin.
2000-ci illərdə Azərbaycan tarixində 3-cü “neft fontanı” gumbuldamağa başlayanda bu dəfə “oliqarx”a çevrilmiş şişkin məmurlar öz sosial zümrələrini yaradaraq feodalcasına qarşılarına çıxanları əzib məhv etməyə başladılar. Özəlliklə də onların maddi və inzibati dəstəyi ilə siyasi partiyalar, vətəndaş cəmiyyətləri, çeşidli qəzet və internet resursları yaradıldı. Bu çetelərin qarşısında tək görəv var idi. Onlara qrant verən feodalların, yəni oliqarxların mənafeyini qorumaq. Elə hakimiyyətin olimpində yer alan zümrəyə belə bir durumun yaranması sərf edirdi. Beləcə çağdaş modern idarəetmə avtoritarizmi modeli rəsmiləşdirildi. Liberal qılaflı hərbi-polis rejiminin yedəyində məhkəmə, prokurorluq və digər inzibati struktular belə bir durumla barışmaq istəməyən vətəndaş cəmiyyətlərinin axırına çıxa bildilər. İcra hakimiyyətləri bu gün faktiki olaraq, ölkəni başdan-başa sarmış durğunluq fəlsəfəsinin icraçısına çevriliblər. Demokratik təsisatların hüquqi məkanı olan bələdiyyələr “torpaq alverçisi” statusundan o yana keçə bilmədilər. Belə bir düzənlə barışmaq istəməyənlər “xalq düşməni” elan edildilər. Kütləvi həbslərin, mühacirətə üz tutmanın səbəbi də budur.

Avtoritarizmin Azərbaycan modeli

Heç də sirr deyil ki, əksər ictimai və sosial çevrələrdə gedən söhbətlərdə qeyd olunur ki, süni şəkildə formalaşmış “oliqarxiya sistemi” çökdürülməkdədir. Bəs onun yerində hansı təsisatlar qurulur? Bu suala kimsə cavab vermir. Tək görünən tərəf odur ki, hakimiyyətin ən yüksək eşalonunda yer almış fiqurların “Qərb”, “Rusiya”, “İslahatçı” yönümlü və sair ibarələrlə təsnifatını verməyə çalışılır. Halbuki, cəmiyyətə bütün bunlar yox kimidir. Belə ki, dövlət üzərində hakimiyyətin və 25 ildir YAP-ın monopoliyası adlı anlayış mövcuddur. Müxalif partiyalar, vətəndaş cəmiyyətləri, insan haqları, KİV-lər və digər strukturlar tamamilə iflic durumuna salınıblar. İcra hakimiyyəti adı ilə sərt idarəetmə siyasəti hələ də davam edir. Avtoritarizmin qorunub saxlanılması üçün faktiki olaraq, tamamilə yeni düzən formalaşmaqdadır. Bu, “səssiz avtoritar” idarəetmə modelidir. Dövlət Statistika Komitəsinin etiraf etdiyinə görə, ölkədə orta aylıq gəlir 540 manatdır. Nazirlər Kabineti bu rəqəmi 130 manat civarına pərçimləyib. Əhali keçmişdə olduğu kimi sosial-ictimai problemlərinin çözümü yönündə gözünü avtoritar rejimə dikib. Onun insaf və mürvətinə tapınmaq istəyir. Patriarxal siyasətin hansı fəsadlara yol açdığının belə fərqində deyil. Ona görə də siyasi mədəniyyət dəfn olunub. Yaranmış boşluğu fanatizm və gerizəkalı kindar dindarlıq əvəz edib. İqtisadi inkişaf baxımından tamamilə geri qalmışıq. Beləliklə cəmiyyətdə uyuyan konfliktlərin miqyası da dərinləşməkdədir. Hərbi-polis rejiminin qoyduğu şərtlər daxilində oliqarxların, bürokratik rejimin və gizli şəkildə formalaşmaqda olan kindarlıq Azərbaycanın milli bəlasına çevrilib.

Antidemokratik cəmiyyətin fəsadları

Bu gün “Azərbaycan brendi” adı altında çeşidli kompot və mürəbbələr, pomidor, xiyar, kələm, badımcan və bibər turşuları, diş çöpü istehsal etməklə buna iqtisadi inkişaf damğasını vurmaq tamamilə gülünc haldır. Adicə cib yaylığı, corab, ütü və digər məşiət mallarını istehsal edə bilməyən zəngin ölkənin iqtisadi baxımdan neft fontanı kimi fışqırtı salması da dönəmin ironiyasıdır. Çünki, ölkədə avtoritarizm hökm sürür. Monopolizm həyatımızın bütün sahələrini əhatə edir. Rejim üçün ən kasıb təbəqə sayılan millət vəkillərinin çoxu təmsil olunduqları bölgənin məhəlli oliqarxlarıdırlar. Onların onmin hektarlarla sahələri, qoyun-quzu sürüləri, heyvandarlıq kompleksləri, tarlaları və sair mövcuddur. Yerli əhalini öz istedadı və bacarığına güvənərək iş görmələrinə kəsinliklə mane olurlar. İri şəhərlərdə isə, fabrik-zavod adına görünən istehsal vasitələri tamamilə insan orqanizminə və sağlamlığına qarşı zərərli olan konsentrantların əsirinə çevrilib.
Çünki, demokratik qanunlara tüpürərək hakimiyyətin ədalətli şəkildə bölgüsü yoxdur. Qanunun hakim olması, hakimiyyətin seçkilər vasitəsilə bölgüsü, gerçək siyasi partiyalar və sosial haqlar, insan hüquqları ölgün durumdadır. Cismani terror terror eyləmlərinin qarşısı alınsa da, mənəvi terror cəmiyyətin ayrılmaz bir parçasına çevrilibdir. Plürealizm isə demək olar ki, dəfn bürosunun arayışında belə yoxa çıxıb. Totalitar və avtoritar bir düzənlə ölkə idarə olunur. Ona görə də cəmiyyətdə demokratiyanın nə demək olduğunu çoxları dərk etmir. Keçmiş Sovetlər Birliyi dönəmində olduğu kimi, “partiya-dövlət”-dir siyasəti 25 ildir bəlirsiz bir düzənlə YAP-ın inhisarındadır. Heç nədən çəkinmədən ağızdolusu: “Bizdə demokratiya var. Qəzetlər, partiyalar və sairlər” şablonları dilə gətirirlər. Monopolizm elə bir həddə çatıb ki, neosiyasi düzən bürokratik qaydalarla hətta hüquqi status alıb. Azərbaycan dünyanın ən ifrat diktator rejimini yaşamış Kambocanı və dahi rəhbər Pol Pot dönəmini xatırladır. Siyasi iradəni təmsil edən “Qırmızı Kxmerlər” də əbədiyyən ölkəni idarə edən rejimin əlaltısıdır. “İndoktrinasiya” bu prosesin aparıcı ruporudur. Buna bəşəriyyətin dəhşətsaçan sosial diktator fəlsəfəsinin banisi leninizminin təbirincə “kim bizdən deyilsə, bizim düşmənimizdir” deyilir. Ona görə ki, psixoloji terror avtoritar və antidemokratik rejimlərin başlıca silahıdır. Belə bir durumda ölkə məmurların qanunlar çərçivəsində deyil, şəxsi maraq və görüşləri prinsipləri ilə idarə olunur. Tiranlıq məhz burada özünü isbat edir.

Hər şeyə “icazə” var, siyasətdən savayı

Çağdaş avtopritar rejimlərin təsnifatında yer alan siyasət daha dəhşətlidir. Onlar sözdə cəmiyyətin bütün hüquq və azadlıqlarını ifadə etsələr də, siyasi iradə məsələsində sərt mövqe sərgiləyirlər. Türkiyədə əşirətçi, kindar dindarlıq, avtoritar siyasət yürüdən AKP və onun liderini siyasi baxımdan kim tənqid edirsə, dərhal ya basqılara görə ölkəni tərk etmək zorunda qalır, ya da həbs olunur. Bu durum qardaş ölkədə yenicə intişar tapsa da, gözəlim Azərbaycanda 25 ildir hakimi mütləqdir. Avtoritar rejimlərin digər mahiyyəti isə son illərdə “populizm”lə müşahidə olunan və sonucda cəmiyyətə xeyri dəyməyən mövzuların gündəmə gətirilməsi texnologiyasıdır. Fransız sabun köpüyü operettalarında olduğu kimi ani baxışda xoşəglimlidir, strateji hədəfdə heç nəyə yaramayandır. Bəzən avtoritar rejimlər “milli vətənpərvərlik” dərslərinə də üz tutur. İctimai fikrə öz hökmünü yeritmək üçün. Halbuki, bu bəsit mövzularla cəmiyyətə təlqinlə öz iradələrinin başlıca hökm daşıdğını duydurmaqdan savayı ortada heç nə yoxdur. Bunun pərdəarxası tək bir mənası var:
a) Mütləq və dual monarxiyanın ictimai xarakter alması, 
b) Hərbi-polis diktaturası və onun şərtləri daxilində idarəetmənin ömrünü uzatmaq,
c) Demokratik proseslərin mümkün qədər əngəllənməsi,
d) Personal tiranlıq. 
Ona görə də əhalinin vergiləri əsasında fəaliyyət göstərən “AzTv”, “İtv”, “Mədəniyyət”, “İdman”, “ARB TV” televiziya kanallarında alternativ düşüncə və baxışlara tabu qoyulub. Alternativ televiziya və radio kanallarının yaradılmasına qətiyyətlə imkan verilmir. Qəzet və jurnalların yayım şirkətləri tamamilə qapadılıb. Siyasi partiyaların, vətəndaş cəmiyyəti və insan haqları təşkilatlarının bütün Azərbaycan boyunca əhali ilə görüşləri yasaqlanıb. Gənclərin və əhalinin digər təbəqələrinin öz qurumlarını yaradaraq istədikləri tədbirləri keçirməsi də bu yasaqların zirvəsində yer alır.

Demokratiyanın dərsləri

Bir dövlətdə və ya cəmiyyətdə demokratik rejim hökm sürdüyündə orada bəşəri inkişaf olur. Bunun üçün ilk öncə xalqın suveren hüquqlarının qəsb edilməsinin qarşısı alınmalı və onun istədiyi şəxsin seçimlə iş başına gətirilməsi təmin edilməlidir. Çünki, xalqın etimad göstərdiyi şəxs cəmiyyətin iradəsini ifadə etməyə borcludur. Azad seçki cəmiyyət və inkişafın dinamizminin açarıdır. Tənqid və problemlərin sadəcə qabardılması deyil, həm də cəmiyyətin gözü qarşısında onların həll edilməsi deməkdir. Qanunverici, icra edici və məhkəmə sisteminin ədalətli şəkildə fəaliyyətinə yol açır. Bu üçlü idarəetmə düzəni demokratiyanın təməl prinsipidir. Monopolizmin məzarda gömülməsi deməkdir. Vətəndaş cəmiyyəti institutlarının çevik şəkildə fəaliyyətinin nizamlanmasıdır. Ana Yasa qanunları çərçivəsində qanunların kimsənin şəxsi iradəsinə çevrilmədən hökmlü olmasıdır. Yəni qanunla nə yasaq deyilsə, ona icazə verilməsi deməkdir. Demokratiyanı sözdə deyil, sadə insanlar gündəlik öz həyat tərzində görmürlərsə, deməli onun adını çəkməyin, sui-istifadə etməyin özü cinayət sayılmalıdır. Bunlar olmayanda, istənilən iqtidarın legitimliyinə şübhə oyanır. Demokratiya tiran rejimlərindən sonra yaransa da, o despotizmin bəşəri inkişafa nə qədər mane olduğunu isbat edən tək fəlsəfədir. Bunun üçün də hansı dövlət və xalq bəşərin bir parçası olmaq istəyirsə, demokratik proseslərə üz tutmalıdır. Tiranların dərk etdiyi “dermokratik” qavrayışla inkişaf yoxdur. Totalitarizm və avtoritarizm demokratiyaya tüpürmək deməkdir. Demokratiya sadəcə insanların özgürlüyü deyil, həm də fərdlərin indvidual varlığının dəyəridir. Tiranlıq fəlsəfəsinə söykənənlər öz maraqlarını qorumaq üçün ona “anarxizm” damğasını vururlar. Demokratiyanın özəlliyi insan cəmiyyətinin və təbiətin vəhdətinin enerjisidir. Bu gün hansı ölkədə diktatura, avtoritarizm və totalitarizm hökm sürürsə, orada despotizm mütləq hakimdir. Tarix hər zaman despotları lənətləyən tək bir elmdir. Çünki, diktatura, avtoritarizm və totalitarizm bəşəri inkişafa problemlər yaradan anlayış deməkdir. Bu üç xəstə təxəyyül istənilən cəmiyyətin konsensus yolu ilə inkişafına qarşıdır. Plürealizmə tüpürməkdir. Təbiətin yaranışının özü demokratiyanın prinsipləri əsasında mövcuddur. Hər bir canlı varlığın mövcudluğu, onun həyat düzəni demokratiyanın bir parçasıdır. Orada bütün canlı varlıqlar özgür və hürr şəklindədir. İnsan cəmiyyətində bunun olmadığı yerdə vəhşi qanunlar istismara çevrilir. Ona görə də demokratiyanın dərslərini dərindən mənisəməliyik. Demokratik özgürlük Azərbaycanın bir dövlət olaraq inkişaf doktrinasına çevrilməyincə heç bir başarıya da imza ata bilməyəcəyik. Nə millət olaraq, nə də dövlət.

Загрузка...
Загрузка...