​Dünya yenidən bölüşdürülür: Cənubi Qafqaz hansı supergücün təsir dairəsinə düşə bilər…

Baxış sayı: 
175
1  
0  

 
Rusiya ABŞ və Qərblə geopolitik mübarizədə üstünlük qazanmış tərəf kimi görünür; Rusiyanın Ermənistanla münasibətlərinin böhranlı mərhələyə keçməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana əlavə hərbi-siyasi imkanlar açır...
Pandemiyadan sonra dünya düzəninin dəyişəcəyi artıq demək olar ki, şübhə doğurmur. Çünki koronavirusun altı aylıq hökmranlığı onsuz da çox şeyi dəyişib. Hər halda, dövlətlərarası münasibətlərdə yeni meyllər ortaya çıxmaqdadır, maliyyə-iqtisadi, ticari və s. əlaqələr fərqli şərtlərə uyğunlaşmaqdadır.
 
Təbii ki, hazırda ən çox müzakirə edilən mövzu dünyanın yenidən bölüşdürülməsi ilə bağlıdır. Hər halda, 2020-ci ilin ilk günlərində aktual olan dünya düzəni artıq öz əhəmiyyətini itirməyə başlayıb.
 
Deməli, beynəlxalq siyasət məkanında, supergüclərin maraqlarının toqquşduğu əksər önəmli regionlarda keçərli söz sahibi olmaq hüquqları da yenilənənə bilər. İndiki proseslərin inkişafı geriyədönməz xarakter alacağı təqdirdə, vaxtilə bəzi supergüclərin təsir dairəsində olan regionlarda fərqli güc mərkəzlərinin yaranaraq,  ön plana keçə biləcəyi qətiyyən istisna deyil.
 
 
Cənubi Qafqazda hegemon supergücün kimliyinin müəyyən edilməsində region dövlətlərinin mövqeyi həmişə böyük önəm daşıyıb...
 
 
Şübhəsiz ki, Cənubi Qafqaz dövlətlərini də daha çox bu regionu gözləyən gələcək perspektivlər maraqlandırır. Hər halda, bu region da bəzi supergüclərin maraqlarının kəskin toqquşduğu geopolitik məkanlardan biridir.
 
Cənubi Qafqazın əsas özəlliklərindən biri bu regionun postsovet məkanına aid olmasıdır. Keçmiş SSRİ-nin dağılmasından üzübəri həmişə bu region uğrunda amansız mübarizə mövcud olub.
 
Bir tərəfdə keçmiş SSRİ-nin varisi Rusiya Cənubi Qafqaz regionunu öz nəzarətində saxlamaq məqsədilə xüsusi həssaslıq nümayiş etdirib. Digər tərəfdəsə, ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək, bu regionu Rusiyanın təsir dairəsindən çıxartmaq məqsədilə “geopolitik pəncərə” axtarışında olub.
 
Təbii ki, Cənubi Qafqazda hegemon supergücün kimliyinin müəyyən edilməsində region dövlətlərinin mövqeyi həmişə böyük önəm daşıyıb. Hər halda, region dövlətlərinə söykənmədən Cənubi Qafqazda dayaqlanmaq mümkün ola bilməz.
 
Maraqlıdır ki, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın yürütdüyü xarici siyasət geopolitik proseslərin istiqamətlərində həlledici rol oynayır. Belə ki, müstəqilliyinin ilk dövründə Dağlıq Qarabağ münaqişəsi ilə çətin vəziyyətə salınan Azərbaycan bu durumda çevik siyasi kurs və vaxtında reallaşdırılan regional iqtisadi layihələr sayəsində təşəbbüsü ələ ala bildi.
 
 
Müstəqilliyinin ilk dövründə Dağlıq Qarabağ münaqişəsi ilə çətin vəziyyətə salınan Azərbaycan çevik siyasi kurs və vaxtında reallaşdırılan regional iqtisadi layihələr sayəsində təşəbbüsü ələ ala bildi...
 
 
“Əsrin Müqaviləsi”nin yaratdığı maliyyə qaynağı isə Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin etdi. Azərbaycan öz iqtisadiyyatına cəlb etdiyi xarici investisiyalar ilə daha da güclənərək, qısa müddətdə Cənubi Qafqazın liderinə çevrildi.
 
Ancaq ABŞ və Qərb Azərbaycanla reallaşdırılan regional iqtisadi layihələri və investisiya qoyuluşunu həm də Cənubi Qafqazda siyasi dividentə çevirə biləcəyinə ümid bəsləyirdi. Çünki yalnız bu halda, Rusiyanın kəskin müqavimətini qıraraq, Cənubi Qafqazda hərbi-siyasi cəhətdən yerləşmə şansı qazana bilərdi.
 
Rəsmi Bakı isə ABŞ və Qərbin bu ümidlərinə eyni həvəslə cavab verməyi lazım bilmədi. Çünki bu halda, ABŞ və Qərblə yaxınlaşmanın paralelində Azərbaycan-Rusiya münasibətləri təhlükə altına düşə bilərdi.
 
Ona görə də maliyyə-iqtisadi yüksəlişin verdiyi güclə müstəqil siyasət yürütmək imkanları ön plana çəkildi. Yəni, rəsmi Bakı bir supergüclə mövcud münasibətləri digər supergüclə yaxınlaşmaya qurban verməyə ehtiyac duymadı. Əksinə, Cənubi Qafqazda və Azərbaycanla münasibətlərdə maraqları olan bütün supergüclərlə paralel tərəfdaşlığı ön plana çəkdi.
 
Vaxtilə keçmiş prezident Mixail Saakaşvili Gürcüstanı Rusiyadan uzaqlaşdıraraq, ABŞ və Qərbin Cənubi Qafqazdakı forpostuna çevirməyə çalışırdı. Nəticəsi isə acınacaqlı oldu. Belə ki, Kremlin qəzəbinə uğradı...
 
 
İndi artıq açıq-aşkar görünür ki, rəsmi Bakının illərlə yürütdüyü bu siyasi kurs özünün doğruldur. Yəni, hazırda Azərbaycan bütün supergüclərlə yaxşı münasibətlərə sahibdir. Eyni zamanda, supergüclər arasındakı regional rəqabətə də neytraldır. Və müstəqil xarici siyasət yürütmək imkanlarını da öz əlində saxlayır.
 
Ancaq bunu Cənubi Qafqaz regionunun digər iki dövlətinə aid etmək mümkün deyil. Belə ki, həm Gürcüstan, həm də Ermənistan supergüclərin geoploitik qarşıdurmasında tərəf tutmaqla, dəfələrlə sarsıdıcı zərbələrə məruz qalıb.
 
Məsələ ondadır ki, vaxtilə keçmiş prezident Mixail Saakaşvili Gürcüstanı Rusiyadan uzaqlaşdıraraq, ABŞ və Qərbin Cənubi Qafqazdakı forpostuna çevirməyə çalışırdı. Nəticəsi isə acınacaqlı oldu. Belə ki, Kremlin qəzəbinə uğradı.
 
Rusiya hərbi mexanizmlərini hərəkətə gətirdi və rus əsgərləri qısa müddətdə paytaxt Tiflisin 60 kilometrliyinə qədər irəlilədi. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın nəzarəti altına keçdi. Və rəsmi Tiflis hələ də bu situasiyanı öz xeyrinə dəyişə bilməyib.
 
ABŞ və Qərb Cənubi Qafqaz uğrunda Rusiya ilə mübarizədə Gürcüstan plastdarmını da uduzmuş kimi görünür...
 
 
Düzdür, Saakaşvili hakimiyyətinin dəyişməsindən sonra yeni hökumət Rusiya-Gürcüstan münasibətlərini normallaşdırmağa cəhd göstərdi. Ancaq Kreml Gürcüstanda hökm sürən Rusiya əleyhinə əhval-ruhiyyəni də ön planda tuturaq, rəsmi Tiflislə “siyasi məsafə”ni qorumağa üstünlük verdi. Və Gürcüstan Saakaşvili hakimiyyətinin yürütdüyü ifrat Qərbyönümlü xarici siyasət kursunun ağır nəticələrini hələ də yaşamaqdadır.
 
Hətta hazırda Gürcüstanın mövcudluğunda, bu qonşu ölkənin ayaqda qala bilməsində məhz Azərbaycanın xüsusi rolu var. Çünki Gürcüstanın dövlət büdcəsinin formalaşmasında Azərbaycanın regional iqtisadi layihələrinin əhəmiyyəti inkaredilməzdir. Azərbaycanın enerji resurslarının nəqli Gürcüstana tranzit ölkə kimi önəmli maliyyə qaynağı təmin edir.
 
Beləliklə, ABŞ və Qərb Cənubi Qafqaz uğrunda Rusiya ilə mübarizədə Gürcüstan plastdarmını da uduzmuş kimi görünür. Və regionda elə bir ciddi istinad nöqtəsinə sahib olmayan ABŞ və Qərb geopolitik qarşıdurmada passiv mövqeyə keçmək məcburiyyətində qalıb.
 
Məsələ ondadır ki, Ermənistan ABŞ və Qərbin regionda Rusiyaya qarşı yeni plastdarm açması üçün uğurlu məkan sayılmır. Çünki Ermənistan hər hansı iqtisadi resurslara sahib deyil. Bu reallıq ABŞ və Qərbin Ermənistana investisya yatıraraq, “regiona yeni pəncərə açmaq” şansını da qapadır.
 
Belə ki, Ermənistan öz mövcudluğunu sadəcə, xarici yardımlar sayəsində sürdürməyə çalışır. Özünün maliyyə-iqtisadi resursları olmayan dövlətin müstəqil siyasət yürütmək imkanlarından danışmaq isə tamamilə yersizdir. Ona görə də Ermənistan Rusiyanın regional forpostu olmaq taleyinə məhkumdur.
 
Ermənistan öz mövcudluğunu sadəcə, xarici yardımlar sayəsində sürdürməyə çalışır. Ona görə də Ermənistan Rusiyanın regional forpostu olmaq taleyinə məhkumdur...
 
 
Düzdür, Paşinyan hakimiyyəti son dövrlərdə bir neçə dəfə Rusiyaya qarşı çıxmağa, ABŞ və Qərbin diqqətini çəkməyə cəhd göstərdi. Ancaq ümid etdiyi qarşılığı görə bilmədi. Əksinə, Kremlin güvənini tamamilə itirdi. Rusiyanın “ipləri azca dartması” qarşısındasa, aciz duruma düşdü.
 
Anlaşılan odur ki, dünyanın yenidən bölüşdürülməsi prosesi də Rusiyanın Cənubi Qafqaz regionundakı təsir imkanlarını məhdudlaşdırmayacaq. Yəni, Kreml heç bir halda, ABŞ və Qərbin Cənubi Qafqaza “giriş pəncərəsi” qazanmasına imkan verməyəcək.
 
Belə vəziyyət istər-istəməz region dövlətlərinin xarici siyasət kursuna da müəyyən qədər təsir edə bilər. Məsələn, rəsmi Bakı artıq ABŞ və Qərbin geopolitik proseslərdə oyundankənar vəziyyətə düşməkdə olduğunu öz xarici siyasət kursunda hesaba qatmağa üstünlük verir.
 
Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun öz əhəmiyyətini itirməkdə olduğu ön plana çəkilir. Münaqişənin həllində Rusiyanın rolunun inkaredilməz olduğu nəzərə alınır.
 
Yəni, problemin həllində rolu olmayanlarla müzakirələrdənsə, regionda təsir mexanizmlərinə sahib olan Rusiya ilə anlaşmağa üstünlük verilir. Rusiyanın Ermənistanla münasibətlərinin böhranlı mərhələyə keçməsi isə bu istiqamətdə Azərbaycana əlavə hərbi-siyasi imkanlar açır.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Загрузка...
Загрузка...