Dövlət çevrilişi cəhdi yenidən gündəmə gələ bilərdi… – Təhlil

Baxış sayı: 
209
0  
0  

 
Türkiyədə növbədənkənar parlament və prezident seçkilərinin təxminən 2 ay sonraya – iyunun 24-nə təyin olunmasının bir sıra mühüm səbəbləri ola bilər.
 
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
 
Onun sözlərinə görə, məhz bu amillər Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə Prezident Rəcəb Tayyib Ərdoğan ittifaqını seçkiləri 2019-cu ilin noyabr ayında yox, daha tez təyin etməyə vadar etmiş ola bilər:
 
“Bunlar hansılardır? Bildiyiniz kimi, bu günlərdə bir neçə hadisə baş verdi ki, bunlar birbaşa Türkiyəyə aid beynəlxalq hadisələr hesab oluna bilər. Türkiyə ABŞ, Böyük Britaniya və Fransa koalisiyasının Suriyanı bombardman etməsini alqışlasa da, bu ölkələrin Türkiyə ilə həmsərhəd dövlətdə güc yolu ilə möhkəmlənməyə çalışması Ankaranı narahat edir. Eyni zamanda, aprelin 17-də Avropa Komissiyası Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olan Türkiyə ilə bağlı 5 maddədən ibarət növbəti irəliləyiş hesabatını açıqladı.
 
Hesabatda Turkiyəyə yönəlik birbaşa ittihamlar yer alıb. Doğrudur, sənəddə bəzi müsbət maddələr də var. Məsələn, hesabatda 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd pislənib və Türkiyənin bu kimi təhdidlərin qarşısını almaq istiqamətindəki təxirəsalınmaz tədbirləri qanuni hesab edilib. Mətndə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd olunub. Lakin sənəd ümumilikdə Türkiyəni tənqid edir, xüsusilə fövqəladə vəziyyət rejiminin uzadılması tənqid olunur, hesabatda Türkiyədən fövqəladə vəziyyət rejiminin ləğv edilməsi tələbi əksini tapıb. Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Han Türkiyənin Avropadan iri addımlarla uzaqlaşdığını bildirib”.
 
N.Məmmədova əlavə edib ki, R.T.Ərdoğan özü də ölkənin hazırkı siyasi sistemi ilə faktiki idarəetmə arasında ziddiyyətlərin olduğunu etiraf edib:
 
“İndiki şəraitdə fövqəladə vəziyyət rejiminin aradan qaldırılması mümkün terror təhlükələri və dövlət çevrilişləri cəhdlərini gündəmə gətirə bilər. Odur ki, belə mürəkkəb şəraitdə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi məqsədəuyğun hesab oluna bilər. Digər tərəfdən İyi Partiyanın şansları getdikcə çoxala bilərdi ki, bu da Ərdoğan-Baxçalı ittifaqına narahatlıq yarada bilərdi. Bunlardan əlavə, ölkədə dollar və avronun müəyyən qədər bahalaşması əhalinin güzəranına pis təsir edir. Odur ki, bütün bu görünən və görünməyən səbəblər iqtidarı və MHP-ni növbədənkənar seçkilər keçirməyə vadar edib”.

Загрузка...
Загрузка...