​Doqquz düşmənli ABŞ-ın ortada qalan son iki düşməni – ancaq yeniləri əmələ gəlir

Baxış sayı: 
42
1  
0  

 
“Sem dayı”nın şəriksiz dünya hegemonu omaq niyyəti baş tutacaqmı?
15 il öncə ABŞ-ın dünya ağalığı iddiasına qarşı dirənən 9 ölkə vardı – Rusiya, İran, İraq, Suriya, Venesuela, Şimali Koreya, Kuba, Liviya, Əfqanıstan.
 
Bu sıraya bəzən başqa ölkələr də daxil olurdu, amma onların anti-ABŞ ovqatı uzun çəkmirdi, həmin ölkədə demokratik rejim vardısa, ilk seçkilərdəcə məsələ həll olunurdu – hakimiyyətə ABŞ-a qarşı düşmənçilik etməyən siyasi qüvvə gəlirdi.
 
Yuxarıda adı çəkilən ölkələrdə isə əsasən avtoritarizm və diktatura rejimləri hökm sürdüyündən hakimiyyətlər uzun müddət dəyişmir və onların Amerikafob hakimiyyətlərinin siyasəti də olduğu kimi davam edirdi.
 
Təxminən 15 il əvvəldən başlayaraq ABŞ-a qarşı açıq düşmənçilik siyasəti yeridən ölkələrin sırası seyrəlməyə başladı.
 
Səddam asıldı, İraq dağıldı və “dost” oldu
 
İraqda Səddam Hüseyn ABŞ-ın hərbi müdaxiləsi nəticəsində devrildi, ölkədə vətəndaş müharibəsi və xaos dövrü başlandı. Ölkə parçalandı, yüz minlərlə insan öz evindən didərgin düşdü, yüz mindən artıq insan lokal döyüşlərdə öldü və yaralandı, ardı-arası kəsilməyən terror aktlarında həlak oldu, şikəst qaldı. Bu gün İraq nəinki ABŞ-ın düşməni deyil, hətta onun ştatlarından biri kimidir.
 
Əfqanıstanda “Taliban”ı amerikalı generallar əvəzlədi
 
Əfqanıstan da eyni taleyi yaşadı. ABŞ-ın hərbi müdaxiləsi ilə amansız və qəddar “Taliban” rejimi devrildi, ölkə nisbətən azad nəfəs almağa başladı, amma lokal döyüşlər, terror aktları hələ də davam edir. 100 ildən bəri davam edən vətəndaş müharibəsi, qəbilələrarası savaş bitmək bilmir. ABŞ-ın hərbi qüvvələri əsaslı şəkildə bu ölkədə yerləşiblər. Əfqanıstanı amerikalı generallar idarə edir.
 
Buşa “şeytan” demişdi, küçədə linç edildi
 
Nyu-Yorkda, BMT Təhlükəsizlik Şurasının toplantısında ABŞ prezidenti Corc Buşu “şeytan” adlandıran Liviya lideri Müəmmər Qəzzafi çox keçmədən daxili qüvvələrin aktivləşdirilməsi ilə devrildi və küçədə linç edilərək öldürüldü. Əslində zəngin neft ölkəsi olan Liviyada sosial problemlər olmadığından heç kəs o ölkədə belə bir üsyanın baş verəcəyini gözləmirdi. Amma ABŞ BMT-də səslənmiş “şeytan” kəlməsini nə Qəzzafiyə, nə də Liviyaya bağışlamadı. Bu gün Liviyada vətəndaş müharibəsi gedir. Hökumət qüvvələri ilə müxalifətçilər bir-birini qırırlar.
 
Adının mənası “aslan” olan Əsədin pişiyə döndərilməsi
 
Beş yerə parçalanmış, dünyaya 5 milyona qədər qaçqın “bağışlamış”, sənaye müəssisələri və infrastrukturu darmadağın olmuş Suriya Rusiya və İranın sayəsində birtəhər toparlansa da, bu ölkəyə dəyən ziyanın ölçüləri fantastik miqyasdadır. Bəşər Əsəd rejimi öz başını qoruyub, amma ölkə yeddi arşın quyunun dibindədir və “Sem dayı” bu ölkədən hələ əlini tam çəkməyib.
 
Çökdürülmüş Venesuelada müqavimət göstərənlər
 
ABŞ-ın qarşısında hər zaman dik duran, ona boyun əyməyən “qırmızı köynəkli komandante” Uqo Çaves müəmmalı şəkildə ölüb getsə də, onun davamçısı Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hələ də dünya hegemonuna qarşı siyasət yeridir. ABŞ da Venesuelanı tam olaraq öz nəzarətinə almaq üçün hər yola əl atır, ölkənin iqtisadi çətinliklər məngənəsində sıxıb-boğmaq istəyir, arada bu ölkəyə hərbi müdaxilə edəcəyi ilə hədələyir. ABŞ-ın məqsədi parlamentin sədri Quaydonu hakimiyyətə gətirib möhkəmlətməkdir. Ancaq Maduronun həm də narkokartel sahibi olan mafioz generalları sərt şəkildə müqavimət göstərirlər. Ölkədə ciddi vətəndaş qarşıdurması var, hər an daxili müharibə başlaya bilər. Ölkənin siyasi qüvvələri bunu istəməsələr də, prezident Tramp Venesuelanın qan glündə boğöulmasını çox istəyir.
 
Kubanın “Düşmənlər dəftəri”ndə dəyişən yeri
 
Kuba qatı ABŞ düşməni Fidel Kastronun ölümündən sonra ABŞ-a dost olmayıb, ancaq əvvəlki kimi də deyil. Xüsusilə də Obamanın prezidentliyi dövründə bu ölkənin ABŞ-a qarşı siyasətində yumşalma oldu. Ancaq bu, ABŞ-ın qane etmir. Məhz buna görə də Kubada 10 il əvvəlki iqtisadi çətinliklər, məhrumiyyətlər davam edir. Sadəcə, uzun illər Kubada aparılan repressiyalar bu ölkədə müxalif fikirli adamların yetişməsinə, toparlanmasına imkan verməyib deyə, ABŞ hələlik “Azadlıq adası”nı daxildən qarışdıra bilmir. Kubanı qarışdıracaq kütlə əsasən Florida ştatında təmərküzləşib, ancaq kubalı miqrantlar artıq əvvəlki kimi aqressiv deyillər, aradan 60 il keçdiyinə görə onlar yerli cəmiyyətə qaynayıb-qarışıblar. Bununla belə, Kuba ABŞ-ın “düşmən dəftəri”ndə ön sətirlərdə deyil, onun adının başda olduğu vərəq qatlanıb. Bu ölkənin məsələsi zamana buraxılıb.
 
ABŞ Şimali Koreyanı bişirir, Cənubi Koreyadan milyardlar qazanır
 
Şimali Koreya ilə ABŞ-ın münasibətləri hələ ki qarşılıqlı cilvələşmə səviyyəsindədir. Tramp və Kim Çen In vaxtaşırı görüşür, müzakirə aparırlar. Şimali Koreya ABŞ-dan maddi yardım almaq istəyir, ABŞ Şimali Koreyadan nüvə başlığı daşıyan ballistik raketlərdən imtina etməsini və Cənubi Koreyanı təhdid etməməsini tələb edir. “Bir millət-iki dövlət” olan koreyalıların arasındakı etimadsızlıqdan və tarixi düşmənçilikdən (bilindiyi kimi, 1948-ci ildə Koreya yarımadasında gedən vətəndaş müharibəsindən sonra iki dövlət yaranıb – şimaldakı dövlət SSRİ-nin, cənubdakı ABŞ-ın əsəridir,) qazanan tərəf isə ABŞ-dır. Bu günlərdə Tramp özü etiraf edib ki, ABŞ Cənubi Koreyanı Şimali Koreyanın aqressiyasından qoruduğuna görə Seul ABŞ-a 1 milyard dollara yaxın vəsait verib. Kriminal jarqonla desək, ABŞ Cənubi Koreyaya “krışa”lıq edir və əvəzində xərac alır.
Belə görünür ki, ABŞ Şimali Koreyanı ram etməkdən ötrü ənənəvi üsullardan (açıq işğal, vətəndaş müharibəsi törətmək, dövlət çevrilişi etmək) yox, tamamilə yeni bir vasitədən yararlanmaq istəyir. Bu, ŞKXDR-in gənc və təcrübəsiz, eyni zamanda əlinin üstündə əl olmayan müstəbid lideri Kim Çen Inı bişirməkdən, tovlamaqdan ibarətidir.
 
40 illik kin, yenə bəhanələr, barıt çəlləyi
 
Beləliklə, ABŞ-a düşmən olan 9 ölkədən ikisi qalır ki, ABŞ hələlik onlara bata bilmir. Bunlardan biri İran, digəri Rusiyadır.
Göründüyü kimi, ABŞ güclü düşmənlərini axıra saxlayıb. Hazırda hərbi aqressiyaya, daxili təlatümlərə məruz qoyulma növbəsi İranındır. Bu il düz 40 ildir ki, ABŞ bu ölkədən biabırcasına qovulub, amma elə bir gün olmayıb ki, o, bu faktla barışsın və İranla münasibətlərini qarşılıqlı güzəştlər çərçivəsində qaydaya salmağa çalışsın.
 
Hazırda İrana qarşı hər yola əl atmaq üçün ABŞ-ın əlində bəhanələr var. İranın teokratik rejimi öz inadkarlığı ilə ölkəni ABŞ və İsrailin hərbi aqressiyasının hədəfi edib. Nəyə görəsə rəsmi Tehranda elə bir qənaət var ki, İran güclü dövlət olduğundan ABŞ onunla başqa düşmənləri ilə davrandığı kimi davranmayacaq, ona müdaxiləyə cürət etməyəcək. Amma bu, ABŞ-dır. O, bütün düşmənlərini ram etmək üçün hər vasitəyə əl atır və heç nədən çəkinmir. Bu baxımdan Fars körfəzi gerçəkdən də, iranlı nazir Cavad Zərif demişkən, barıt çəlləyinə bənzəyir və nə yazıq ki, “Zippo” alışqanı ABŞ-ın əlindədir.
 
Yenidən dirçələn Rusiyanın “sındırılmış düşmən”ə döndərilməsi layihəsi
 
Yerdə qalır Rusiya. Vladimir Putinin hakimiyyətə gəlişindən sonra yavaş-yavaş yenidən güclənən Rusiya öz neoimperiya ambisiyalarını göstərməyə, yaxın ölkələri öz təsir dairəsində saxlamaq üçün müxtəlif vasitələrə əl atmağa, dünyanın idarə edilməsi siyasətinə qarışmağa başlayınca, ABŞ-dan sərt üz gördü. Buna qədər ABŞ-da güman edirdilər ki, Rusiya artıq böyük düşmən olaraq sıradan çıxıb, amma amerikalılar yanıldılar, bahalaşmaqda olan karbohidrogen ehtiyatları Rusiyanı dirçəltdi. Rusiya dirçəlincə iştahı açıldı və köhnə düşmənçilik yeni sferaya daxil oldu. Son illərdə neftin qiymətinin kəskin ucuzlaşması, eləcə də dünyanı saran iqtisadi böhranların əsas səbəbi ABŞ-ın Rusiyanı müxtəlif vasitələrlə zəiflətməyə çalışmasıdır.
 
Rəsmi Vaşinqton Moskvaya qarşı hərbi müdaxiləyə əl ata bilməz – bu, birmənalıdır, səbəbi hər kəsə bəllidir. Rusiyada hakimiyyətin seçkilər yolu ilə dəyişdirilməsi, Kremlə demokratik qüvvələrin gətirilməsi də hələlik mümkün deyil. Putin və onun plutokratik rejimi güclüdür. Ona görə də ABŞ Rusiyanı buxovlamaq üçün ona qarşı müxtəlif növlü sanksiyalar tətbiq edir. Artıq onların sayı-hesabı itib, az qala hər gün yeniləri elan edilir.
 
Putinin hakimiyyətdən bu və ya digər şəkildə getməsi ilə Rusiya yenidən ABŞ üçün “sındırılmış düşmən”ə dönəcək.
 
ABŞ dərdi demokratiya olsaydı, konsulluqda baş kəsənlərlə dost olardımı?
 
 
Göründüyü kimi, dünyanın həm hərbi cəhətdən, həm də iqtisadi baxımdan ən qüdrətli dövləti digər dövlətlərin üzərində tam hakimiyyətə nail olmaqdan ötrü qarşısında heç bir qüvvənin durmasını istəmir və duranları hansı yolla olur-olsun, bitirir.
Yuxarıda adları çəkilən dövlətlər də heç də azacıq aşın duzu deyillər, həm özləri öz çaplarında aressordurlar, həm də demokratiyadan uzaqdırlar, insan haqlarına riayət etmirlər, istibdad yuvalarıdır. Ancaq ABŞ-ın onlarla davası heç də demokratiyaya və insan haqlarına görə deyil. Elə olsaydı, ABŞ dünyanın ən despotik rejiminə malik olan, konsulluqda jurnalist doğratdıran Səudiyyə Ərəbistanını bunca müdafiə etməzdi, əksinə, ona da sanksiya tətbiq edərdi. Ümumiyyətlə, dünya üzündəki 200-dən artıq dövlətin ən azı 100-də demokratiyadan əsər-əlamət yoxdur, ancaq ABŞ onlarla “dinc, yanaşı” yaşayır. Çünki bu despotik rejimlər ABŞ-ın böyüklüyünü qəbul edirlər. Bunun əksinə, hansısa bir demokratik dövlət ABŞ-a qarşı olarsa, o zaman onun problemləri başlayır. Parlaq misal: Türkiyə. Bu dövlət ABŞ-a boyun əyməyincə hansı təzyiqlərə məruz qaldığını dünyada bilməyən yoxdur. İki öl öncə bu ölkədə hərbi çevrilşə cəhd edən qüvvələrin başçısı ABŞ-da yaşayır, əsas icraçıları isə ABŞ-da təhsil alanlardır.
 
Yeni düşmənlər
 
ABŞ-ın İran və Rusiyanı ram etməsi, hələ o demək deyil ki, hər şey onun istədiyi kimi olacaq. Onda da onun qarşısına Çin, Türkiyə, Yaponiya, Almaniya, Fransa kimi dövlətlər çıxacaq. Bunun işartıları artıq indidən sezilir. Dünya ölkələri bir dövlətin Yer üzünün şəriksiz hökmranı olmasına təhəmmül etmirlər.

Загрузка...
Загрузка...