“Dolların məzənnəsi qalxa bilər” - NATİQ CƏFƏRLİ

Baxış sayı: 
100
3  
1  

“Azərbaycan hökuməti vacib qərarların alınmasını gecikdirdikcə ölkəyə dəyən ziyan da artır”

“Son 6 hərracda, yəni 9 gündə Mərkəzi Bank 1 mlrd. 465 mln. dollar satıb. Bu il üçün Neft Fondundan manata çevrilərək büdcəyə ötürülməli olan dolların miqdarı 6 mlrd. 676 mln. dollardır. Mərkəzi Bank yanvar-fevral aylarında Neft Fondunun 843 mln. dollarını manat çevirib, hərracda satıb”.Hurriyyet.org xəbər verir ki bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli məlumat paylaşıb.

Cəfərli nəzərə çatdırıb ki, bu günə, yəni mart ayının 19-a olan məlumata görə, artıq 2 mlrd. 308 mln. dollar satılıb: “İlin bitməsi üçün qarşıda isə hələ 9 ay var, bu aylar ərzində Neft Fondunun cəmi 4 mlrd. 368 mln. dollar satış limiti var. Fond bundan sonra aya cəmi 485 mln. dollar, həftəyə isə cəmi 121 mln. dollar sata biləcək. İndiki durumda bu, çox azdır, ölkənin təlabatını, yaşanan ajiotajı, dollara olan artan ilgiyi qarşılaya bilməz. İndiki temp 2 ay da davam etsə, may ayının sonuna Neft Fondunun büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün xırdalayacağı dollar həcmi bitəcək, sonra yəqin ki, Mərkəzi Bankın cəmi 6,3 mlrd. dollar olan kiçik ehtiyatını satmağa başlayacaqlar. Yəni, ehtiyatları bir müddət xərcləməklə manatı qorumaq olar, amma bu məntiqli yanaşmadırmı? Başqa hansı səbəblər bu yanaşmanı mənasız edir? İndi o haqda yazacam”.

Cəfərli qeyd edib ki, ölkənin ən böyük ticarət tərafdaşları elə qonşularımızdır (neft satışını nəzərə almasaq, neft də can verir), Rusiya, Türkiyə, Gürcüstan, Qazaxstan milli valyutaları kəskin ucuzlaşır:“Rusiyada dollar 80 rublu keçdi, Türkiyədə 6,5 lirənin üzərindədir, Gürcüstanda dollar 3 larini ötdü, Qazaxstanda isə təngə ortıq 10%-dən çox ucuzlaşaraq 1 dollar 450 təngəyə çatıb. Bu isə o deməkdir ki, qonşulardan idxal daha sərfəli hala gəlir, daxili istehsalımız zatən çox azdır, primitiv durumdadır, qonşularda olan devalvasiya ölkədə istehsalı mənasız hala gətirir, rentabelliyini azaldır. Azərbaycan hökuməti vacib qərarların alınmasını gecikdirdikcə ölkəyə dəyən ziyan da artır”.

“Bu gün alınan daha bir məntiqsiz qərar odur ki, bayram günlərində banklar bağlı olacaq, buna da koronavirus infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri ilə əlaqələndirirlər: “Bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Çox yanlış, ajiotajı artıracaq qərardır – nəticədə yenidən Bakıda “qara bazar” yaranacaq, valyuta mübadilələri “qara bazarda” həyata keçiriləcək. Bayram günlərində “qara bazarda” dolların məzənnəsi qalxa bilər”,-deyə iqtisadçı vurğulayıb.

Cəfərlinin fikrincə, iş yerlərinin qapanması, turizmə aid obyektlərin çökməsi, içtimai iaşə obyektlərinin və qeyri-ərzaq satış yerlərinin dövriyyəsinin azalması, gəlirlərinin dibə vurması onminlərlə insanımızı işsiz qoya bilər: “Bizdə “məsafədən işləmək” mümkün də deyil, çünki iqtisadiyyatımızın pritivliyi buna imkan vermir, həm də bizdə rəsmi müqavilə ilə çalışanların sayı 1,6 mln nəfər olduğu halda qeyri-rəsmi çalışanların sayı 2 mln. nəfərə yaxındır – belə bir hüquqi boşluqda “məsafədən iş” mümkün deyil. İqtisadiyyatın strukturu da buna imkan vermir - əsas iş yerləri ticarət, iaşə, təmir-tikinti və xidmətdədir, bu sahələrdə məsafədən işləmək mümkün deyil”.

Cəfərli hesab edir ki, hökumət qabaqlayıcı tədbirlər görməsə, gözləmə mövqeyi tutsa sonradan yaranacaq problemlərin həllinə daha çox vəsait xərcləməyə məcbur olacaq. Həmişə belədir, gec qərarlar daha baha olur.

Şamo EMİN, Hurriyyet.org

 
 
Загрузка...
Загрузка...