​Dollar bazarında təlatüm gözləntisi – SON 5 GÜN

 
Aprelin 27-də ABŞ-da birinci rüb üzrə ümumdaxili məhsulun (ÜDM) göstəricisinin açıqlanacağı gözlənilir. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası isə mayın 1-2-də keçiriləcəyi planlaşdırılır.
Beynəlxalq reytinq agentlikləri 2018-ci ildə FED-in 4 mərhələdə uçot dərəcəsini artıracağını proqnozlaşdırır. Bu baş verərsə, Amerika valyutası bahalaşacaq. Xarici ekspertlərin qənaətincə, ABŞ-da nisbətən müsbət iqtisadi şərtlər FED-in faiz  dərəcələrinin bu il ən azı iki dəfə artmasını şərtləndirə bilər. Sonuncu ticarət sessiyasında dolların indeksi 0,01 faiz artaraq 89,95 bəndinədək yüksəlib.
Qeyd edək ki, martın sonunda FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,5 faizdən 1,75 faizədək yüksəldib. Bundan əlavə, Yaxın Şərqdə, xüsusilə, Suriyada gündən-günə artan geosiyasi gərginlik, hər gün neftin qiymətlərinin yüksəlməsinə səbəb olur. ABŞ-ın investisiya bankı “JP Morgan”ın analitikləri, brent markalı neftin bir barelinin 80 dollara qədər artacağını proqnozlaşdırırlar. Ümumiyyətlə, hazırda həm valyuta bazarlarında, həm də qlobal enerji bazarlarında bir dalğalanma müşahidə olunur. Ekspertlər hesab edir ki, müharibə xofu uzun müddətli perspektivdə bütün dünyada iqtisadi artımı zəiflədə bilər. İlkin olaraq ABŞ-ın illik iqtisadi artım tempinin 10 faiz aşağı düşmə ehtimalı qeyd olunur. Proqnozlara görə, FED uçot dərəcəsini artırarsa, xüsusilə, yüksək xarici borcu olan dövlətlər üçün risk formalaşacaq.
Minval.info saytı xəbər verir ki, mövcud iqtisadi vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, FED-in növbəti iclasında uçot dərəcəsini artırma ehtimalı çox aşağıdır:
“FED bir yol xəritəsi bəyan edib. Həmin xəritəyə görə, iyun ayının əvvəlinə düşəcək toplantıda faiz artımının olma ehtimalı daha yüksəkdir. Ondan sonra, sentyabr və dekabr toplantılarında da faiz artımının olması ehtimalı çox yüksəkdir. FED 2018-ci ildə azı iki dəfə faiz artımına gedəcəkdir. Faiz artımı, hətta 3 dəfə də ola bilər. Təbii ki, bu, dolların güclənməsinə xidmət edən amillərdən biri olacaq. Əgər siyasi böhran dərinləşsə və dünyada qarşıdurma artsa, bu, iqtisadi böhrana da səbəb olacaq. Dünyanın bu günə qədər keçdiyi tarixdən də görünür ki, təlatümlü vəziyyətlərdə güvənli liman rolunu oynayan yatırımlardan biri dollar olub. Dünyada böhran dərinləşdikcə, dollara tələbat artır, bu isə valyutanın nüfuzunu artırır. Hesab edirəm ki, bu il FED toplantıda ən azı iki dəfə faiz artırsa və ticarət müharibələri uzunmüddətli perspektivdə davam etsə, bu zaman ilin sonuna yaxın dolların güclənmə ehtimali çox yüksələcək. Güclənən dollar onun indeksinin artmasına və digər valyutalara nisbətən dəyər qazanmasına xidmət edir”.
Ekspertin qənaətincə, neftin qiymətinin yüksəlməsinin təqribən 20 faizi siyasi səbəblərə görə baş verir:
“Dünyada siyasi gərginliyin olması, əsasən də neftlə zəngin bölgələrdə İraq, Suriya, Səudiyyə Ərəbistanında qarşıdurma riskinin yüksək olması, psixoloji olaraq neft bazarlarına təsir göstərir. İqtisadi amillərə qalsa, əksinə, neft kəskin ucuzlaşmalı idi. Çünki dünyada hasilat həcmlərinin çox yüksək tempdə artdığını görürük. Son 1 il yarımda Kanadada və Amerikada gündəlik hasilat həcmi 2 milyon barelə yaxın artıb. Halbuki əvvəllər gündəlik hasilat həcmi 8.5 milyon barel idi, indi 10.5 milyon bareldir. Ehtimal olunur ki, yaxın həftələrdə 11 milyon bareli də ötəcək. Yəni, iqtisadi səbəblərə qalsaydı, neft ucuzlaşardı. Bahalı neft Avropa Birliyi ölkələrində, eləcə də Amerikada inflyasiya proseslərinə təkan verir. İnflyasiya proseslərinin heç olmasa 2-3 faiz olması isə iqtisadiyyata dinamika verən amillərdən biridir. FED də, Avropa Bankı da inflyasiyanı az da olsa, yerindən tərpətməyi düşünür ki, istehsalın artımı üçün iqtisadi stimullar yaransın. Hələlik proseslər onu göstərir ki, ciddi psixoloji, siyasi, hərbi amillərdən doğan qiymət artımı trendi yaşanır. Amma bu, uzun zaman davam edə bilməz. Neft bazarlarında “kəfkir effekti” anlayışı var. Yəni, qiymətlər maksimum həddə çatır, sonradan geri dönüşü başlayır. Hətta qiymət minimum həddə qədər enə bilər. Neftin qiymətləri hələlik o vəziyyətə çatmayıb. Amma bir neçə aydan sonra, bəlkə də bu ilin sonu gələn ilin əvvəlindən başlayaraq neftin “kəfkir” effektinin yenidən işə düşəcəyini görə bilərik”.
“Neftin qiymətlərinin uzun zaman baha qalma şansı yoxdur”…
Natiq Cəfərli hesab edir ki, neftin qiymətləri yenidən aşağı düşə bilər. Analitik bunun iqtisadi səbəblərini belə izah edir ki, dünyada neftə olan tələbat gözlənilən trendlə artmır:
“Ən çox gözlənti o idi ki, Hindistanda və Çində tələbatın artması neft qiymətlərinə pozitiv təsir göstərəcək. Son araşdırmalar göstərir ki, həmin ölkələrdə də alternativ enerjiyə keçid çox sürətlənir. Hətta elektriklə işləyən avtomobillərin bazara çıxarılma həcminə görə Çin dünyada birinci yerə çıxıb. Yəni, Hindistanda və Çində tələbat gözlənilən səviyyədə artmır. Belə olan vəziyyətdə hasilat kəskin artır. OPEC-in və Rusiyanın azaltdığı hasilat həcmlərini Amerika və Kanada artıqlaması ilə ödəyib. Bütün bu makroiqtisadi göstəriciləri və dünyada gedən trendləri nəzərə alsaq neftin qiymətlərinin uzun zaman, baha qalma şansı yoxdur. Siyasi gərginlik azaldıqca, Rusiya-Qərb münasibətləri normallaşdıqca, Suriyada gedən proseslər yekunlaşdıqca, İraqda oturuşmuş bir hökumətin daha ciddi qərarlar verdiyini gördükdə, neft qiymətlərinin də azalması ehtimalları çox yüksəkdir”.

Загрузка...
Загрузка...