Direktor müavininin intiharı ətrafında qalmaqal- dələduzluq, ləyaqətsiz vərəsə...

Baxış sayı: 
48
2  
0  

 
İki uşaq anasının intiharından sonra məhkəmə çəkişmələri və bu ölüm hadisəsi ətrafında qalmaqallar davam edir.
 
Söhbət Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləmiş Nərmin Ağalarovanın intiharından sonra baş verənlərdən gedir.
 
Musavat.com xəbər verir ki, iki uşaq anası olan Nərmin Ağalarovanın intihar etməsinə görə əri, 1982-ci il təvəllüdlü Ağalarov Rüfət Məsud oğlu həbs edilib.
 
O, 2019-cu ildə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmə əsasən, Rüfət Ağalarov rəsmi nikahda olduğu, ondan maddi cəhətdən asılı olan arvadı Nərmin Ağalarovaya qarşı mütəmadi olaraq amansız rəftar etməklə, onu döyüb, həmçinin, ləyaqətini alçaltmaqla və hədə-qorxu gəlməklə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırıb.
 
Belə ki, o, 2008-ci ildən etibarən rəsmi nikahda olduğu arvadını qeyri-rəsmi yaşadığı və sevgili münasibətində olduğu Lətifə Sultanova ilə bir evdə yaşamağa məcbur edib.
 
Bundan başqa, Nərmin Ağalarovanın valideynləri ilə görüşməsinə icazə verməyib, daim mənəvi-psixoloji təzyiq altında saxlayıb, mülkiyyətində olan evdən çıxaracağı ilə hədələyib.
 
İttihamda göstərilir ki, mərhumun intihar etməsinə səbəb olan sonuncu hadisə isə 2018-ci ilin aprel ayında baş verib. Belə ki, mərhumun qardaşı Misir Kərimov, Rüfət Ağalarovu başqa qadınla- Lətifə Sultanova ilə birlikdə görüb. Bundan sonra Rüfət Ağalarov arvadı Nərmini işdən evə çağıraraq, döyməyə başlayıb və qardaşını da öldürəcəyini bildirib.
 
Bu hadisədən bir neçə dəqiqə sonra Nərmin Ağalarova yaşadığı Xırdalan şəhəri F.Əhmədov küçəsi 1A ünvanında yerləşən evində intihar edib.
 
Bundan sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb.
 
Mərhum Nərminin valideynləri məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsini, uşaqların atası Rüfət Ağalarovun ləyaqətsiz vərəsə kimi tanınması və vərəsəlik hüququndan məhrum edilməsini, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylara bölünməsini tələb ediblər.
 
Abşeron Rayon Məhkəməsi ilkin iddia tələbini təmin edib. Mərhumun Rüfət Ağalarovla birgə yaşadığı mənzildə pay bölgüsü müəyyən edilib. Mənzildən Rüfət Ağalarova 1/8 pay müəyyən edilib. Məhkəmə Rüfət Ağalarovu ləyaqətsiz vərəsə elan edib və vərəsəlik hüququndan məhrum edib.
 
Bu işlə bağlı daha bir qaranlıq məsələ var. Əldə etdiyimiz məlumata görə, həbsdə olan Rüfət Ağalarovun atası dələduzluqla üzləşib.
 
Belə ki, Rüfət Ağalarovun atası Məsud Ağalarov 21 min manat pul verdiyi Elsevər Mirzəyev tərəfindən aldadılıb.
 
Məlum olub ki, Məsud Ağalarov oğlunun həbsdən çıxarılması, mülki işlərə görə davam edən məhkəmə işlərinin həlli üçün Elsevər Mirzəyevə pul verib. Amma Elsevər Mirzəyev vədinə əməl etməyib.
 
Elsevər Mirzəyev Məsud Ağalarovun şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Məlum olub ki, Elsevər Mirzəyev barəsində daha 3 nəfər də şikayətçidir. Elsevər Mirzəyevin kimliyinə gəlincə isə onun hüquqşünas kimi fəaliyyət göstərdiyi bildirilir.
 
İlkin Muradov
Musavat.com
 

Загрузка...
Загрузка...