"Din xadimlərinə inamımı basdırmışam, onlar hamısı fırıldaqçıdır" - Elçin Alıoğlu ilə MÜSAHİBƏ

Baxış sayı: 
27
1  
0  

O deyir ki, qorxusuzluq pulsuzluq kimidir. Vaxt keçdikcə insan öyrəşir. O həm də dini mobil telefonla müqayisə edir.
 
Publika.az-ın növbəti maraqlı həmsöhbəti tanınmış jurnalist Elçin Alıoğludur.
 
- Elçin bəy, artıq ömrümüzün böyük hissəsi virtual dünyada keçir. Sizcə, o dünyaya oturuşmuşuq? 10-15 il sonra real həyatımızı virtual dünyanın əvəzləyəcəyindən qorxmursunuz?
 
- Belə bir qorxum yoxdur, olmayıb da... Əksinə biz geri qalmışıq. Çində "wechat" deyilən sindrom var. Artıq ən ucqar kəndlərdə belə "wechat" mesencer vasitəsilə həm danışır, həm mesaj yollayır, həm də alış-veriş edirlər. Bu gün dünya qlobal kommunal mənzilə çevrilib. Bu mənzildə insanları bir-birindən üç əlamət ayırır. Artıq Overton pəncərəsi, Topler və yaxud digər nəzəriyyələr öz işləkliyini itirib. Biz dördüncü bəşəri inqilab dövrünü yaşayırıq. Aqrar, kommunitiv, dini inqilablardan sonra postinsan inqilabına qədəm qoymuşuq. İnsan nə qədər virtualdırsa, reallığı o qədər artır. Həmçinin onlayn media insanlar arasında üniyyət, vizual əlaqəni möhkəmləndirir. Amma əfsuslar olsun ki, sosial şəbəkələrdə olan güzgü bəzən möcüzələr ölkəsindəki Alisa sindromunu yaradır. Bu sindromun əsas xarakteristikası odur ki, insan real həyatda deyə bilmədiklərini sosial şəbəkələrdə deyir və aqressivləşir. Azərbaycan mühitinin sosial şəbəkələrindəki trollaşma, aqressivlik, həddən artıq radikallaşmanın da səbəbi məhz budur. Odur ki, mənim heç bir qorxum yoxdur. Ümumi dünya tendensiyasına uyuruq. Bu cərəyan mənə esktraordinar qorxulu təsir bağışlamır. Doğrudur, Azərbaycanın daxili siyasətinə zərər vermək, ölkədaxili qarşıdurmalar yaratmaq istəkləri də var. Bu sahədə işlər aparılır, külli miqdarda pul xərclənərək ssenarilər yazılır. Burada bir məqsəd var. Azərbaycanı indiki dövrdən çıxarıb marionet dövlətə çevirmək. Mən hər zaman demokratiya vəd edənləri o biri dünyada cənnət, reinkarnasiya vəd edənlərə bərabər tutmuşam. Çünki demokratiya vəd olunan dövlətlər bu günədək demokratiyadan başqa hər şeyə dözüblər, vətəndaş müharibəsi, qanlı qarşıdurmalar və s. Demokratiya daxildən gələn prosses olmalıdır. Cəmiyyət bu prossesi özü tənzimləməlidir. Kənar reseptlərlə, ssenari yaxud oyunlarla demokratiya olmayıb. Olmayacaq da...
 
- Necə düşünürsünüz cəmiyyət lidersiz yaşaya bilər?
 
- Bəşər tarixi göstərir ki, hər bir cəmiyyətin liderə ehtiyacı var. Məhz bu şəxsiyyət cəmiyyətin ən ağır, keşməkeşli dövrünün xilaskarıdır. Onlar əksərən həyatını, keçmişini və gələcəyini qurban verib xalqını irəli aparıb. Azərbaycanda da belə liderlər olub, var. Lider mütləq olmalıdır. Cəmiyyət küll halında kollektiv şüur deyil. Kollektiv şüurdan bəhs edənlər ya fəlsəfəni bilmirlər, ya da çox yaxşı bilib fırıldaqla məşğuldurlar. Hər iki halda həmin şəxslərə düzgün yol arzulayıram. Bizim cəmiyyətin lideri var, sadəcə cəmiyyətimiz tam formalaşmayıb. Ayrı-ayrı fərdlərin arzular toplusundan ibarət olan kütlə də deyil. Sadəcə cəmiyyətimiz formalaşma prosesindədir. Bu isə istənilən halda ağrılı olur. Formalaşma prosesini inkişaf etmiş və etməkdə olan bütün cəmiyyətlər keçib. İnsan həmişə hər şeyi dərhal istəyir. Gənclərimiz arasında bir tendensiya yaranıb. Onlar bizi 600-700 il parlamentarizm, demokratiya elan olunan dövlətlərlə müqayisə edirlər. Halbuki müstəqilliyimizin yaşı azdır. Gəlin, müqayisə edək. ABŞ yaranandan sonrakı ilk 26 illə dövlətimizin ilkin müstəqillik illərini müqayisə edək. Yaxud elə Fransa, Kamboca ilə... Unutmayaq ki, sizinlə oturub danışırıq, pəncərədən küçəyə baxanda ətrafdan zövq alırıq. Lakin elə dövlətlər də var ki, pəncərə görüntüsü savaşlar, bombardmanlardır. Bəli, texnogen inkişafın sürətli olduğu cəmiyyətlər də az deyil. Lakin, onlar bu səviyyəyə çatmaq üçün əsrlər boyu yol keçiblər.
 
 
 
- Bu yaxınlarda ingilis jurnalistə sual verdim, sizcə rasizm nə vaxt öləcək. Cavab verdi ki, rasizm olmasa, cəmiyyətlər yerində sayar, inkişafdan söhbət gedə bilməz...
 
- Rasizm adlı bəlalı anlayışa nifrət edirəm. İnsana dininə, dilinə, rənginə, millətinə boyuna görə qiymət qoymuram. Rasizm ən böyük bəlalar törədən genetik xəstəlikdir. Bu, tarixin genləridir. Millətçilik ayrıdır. Biz millətçiliyi çox pis bir şey kimi qəbul edirik və düşünürük ki, qərb demokratiyasında millətçilik ola bilməz. Tam əksinə, ən çox inkişaf etmiş ölkələr sırasında yer alan iki dövlətin adlarını çəkə bilərəm: Yaponiya və Cənubi Koreya. Hər ikisi ifrat millətçi dövlətdir. İndinin özündə Cənubi Koreya parlamentində gərgin mübahisələr gedir ki, biz Yaponiyadan reparasiyaları niyə almırıq. Çünki Yaponiya Koreyanı işğal edəndə buranı müstəmləkə kimi istismar edib və maddi-mənəvi dəyərlərini talayıb. Koreya da bunun əvəzində reparasiya, yəni təzminat tələb edir. Yaponiya millətçi olmasaydı, bu günə kimi Kuril adalarında olan 6 adanı Rusiyadan istəməzdi. Yaponiya millətçi olmasaydı, imperator taxtını qoruyub saxlamazdı. Britaniya, İspaniya, Belçika kimi dövlətlər monarxiyadır. Çünki millətçidirlər. Dövlət üçün ən zəruri, olmazsa-olmaz atribut sayılan nəsnə konstitusiyadır. İsrailin konstitusiyası yoxdur. Yazılı qanunlar üzərində idarə olunur. Odur ki, razism, şovinizm insanın zooloji hissləridir, mən buna nifrət edirəm. İrqçi insanla heç vaxt bir masa arxasında oturmaram. Mənim üçün insanlar hamısı eynidir. Heç bir xalqı özümə düşmən saymamışam. Çünki bütün dünyada uşaqlar eyni gülür. Butün dillərdə analar övladlarına eyni motivlə layla deyirlər, qocalar eyni cür qocalır. Yatan zənci ilə yatan yapona diqqət edin. Hər iki halda proses eynidir. Oyanıb nə işlə məşğul olurlar, bu artıq başqa məsələdir. Əsas odur ki, şüurun yuxusuna dalmayaq. Çünki bu yuxu ən böyük vəhşətləri, o cümlədən irqçiliyi doğur.
 
- Bəs insanı hansı kateqoriyalara bölək?
 
- Mən insanları dinlərə bölməyin qəti əleyhinəyəm. Dünyada savaşların əksəriyyəti dini motivlərdən başlayır. Allaha inam insanın sokral məsələsidir. Mənim üçün Allaha inanan və inanmayan insanların yaxşı, yaxud pis deyilən bölgüsü yoxdur. Yaramazın birisi gəlib "qatı dindaram" deyə bilər. Həddən artıq mərhəmətli biri isə ateist olar. Din namaz qılmaqla ölçülmür. Allaha sevgi Həcc ziyarəti, xristianlıq, yaxud buddizmlə ölçülmür. Allah birdir. Adları müxtəlif... Sadəcə insan Allah adından alllahsızlıq edəndə qəbul edə bilmirəm. Lakin allahsız insan Allahın yolunu tutub gedirsə, bu çox gözəldir.
 
- Maraqlı məqama toxundunuz. Bəzi mənbələrə görə Tereza ana Allahın varlığından ölənədək şübhə edib. Lakin dini, humanizmi, mərhəməti təbliğ edirdi. Din xatirinə yaxşılıq edib tanrının varlığına şübhə ilə yanaşmaq riyakarlıq deyil?
 
- Siz övladınıza sevginizi sübut etməyə çalışmırsınız. Övladınız avtomatik bilir ki, siz onu sevirsiniz. Övladınız nə etsə belə siz sevginizi əsirgəmirsiniz, sui-istifadə etmirsiniz. Allahlar insanlarla bir yaşayıb, bir ölür. Zevs adlı, Marduk adlı tanrılar olub. Onlar sevgi və inamla qidalanır. Sanki mobil telefondur. Siz onu enerji ilə qidalandırmasanız, çalışmayacaq. Din də belədir. İnanmasanız, o din olmayacaq. Allahı yaradan da, öldürən də insandır. Artıq Zevs yoxdur, ölüb. Demək ki, o Allah öldü.
 
 
 
- Belə çıxır ki, hər epoxanın öz aktual allahı var?
 
- Yox, belə deməzdim. Allah gündəm deyil. Allahları yaradan insanların inamıdır. İnam isə sevgi və qorxu adlı sütuna əsaslanır. Çünki biz kimisə sevəndə həm eşq bəsləyir, həm də qorxuduruq. Şərt qoyuruq ki, belə etsən, səni sevmərəm, yanında olmaram və s. Burada şantaj motivasiyası var. Əsl sevən isə şantaja əl atmır. Sizin onu sevib-sevməməyiniz Allahın umrunda belə deyil. Onu hansı adla çağırmağınız, gündə neçə rükət namaz qılmağnız onu maraqlandırmır. Heç dilə gətirməyə də bilərsiz. Lakin siz övladınızın adını gün ərzində nə qədər çox çəksəniz, könlünüz bir o qədər xoş olur. Allahın adı da elədir. Qəlbində tanrı sevgisi olan insan onun adını nə qədər çox çəkirsə, ruhu da bir o qədər sakitləşir. Yaxud hesab edin ki, bir şəhərə gedirsiniz. O şəhərdə ya biznes qurmaq, ya oxumaq, yaxud da sadəcə yaşamaq istəyirsiniz. İlk işiniz şəhərin meri ilə görüşmək olur. Ondan razılıq alandan sonra heç kimdən qorxub çəkinmirsiniz. Çünki artıq sövdələşmisiniz. Allahla bağımız da belədir. Onunla qarşılıqlı harmoniyaya nail oluruqsa, heç bir zahiri atributikaya, göstərişə ehtiyacımız qalmır.
 
- O zaman niyə Allaha ən yaxın olan peyğəmbərlər dinlərə, təbliğata ehtiyac duyublar?
 
-Elə bilirsiniz bütün peyğəmbərlərin hamısı gül niqablı, ideal insan olublar?! Onları fövqəladiliyə çıxardan inamları, öz yolları olub. Yola çıxmaqla isə mənzilə çatmaq həmişə mümkün olmur. Allah bir eşqdir. Sevirsinizsə, demək dindarsınız?
 
- Sırf Allahı?
 
- Təbii ki, xeyir. İnsanı sevin. Siz kiminsə övladına nifrət bəsləyib özünü sevə bilərsiniz?! İnsanı sevməyən onun Allahını sevə bilməz. Allahın evi məscid deyil. Onun məkanı hər yerdir. Eşitmə problemi də yoxdur. Qəlbinizdə ibadət etsəniz də eşidəcək. Problem bölgülərdədir. Xristian da, müsəlman da digər dinlərin üzvləri də öz Allahını qüsursuz bilir. Bu balaca uşaqların "atam məni daha çox istəyir" davasına bənzəyir. Halbuki ata bütün övladlarını istəyir.
 
- Bəs niyə övladlarının çoxunu savaşların ağzına atır?
 
- Ən kiçik cəmiyyətlər belə çoxsaylı qanunlarla idarə olunur. Siz buradan çıxıb piyada yolu keçəcəksiniz. Nəzərdə tutulmamış səmtdən keçsəniz, öləcəksiniz. Allah isə piyada keçidindən keçənlərlə özünü təhlükəyə atanların fərqini bilir və mane olmur. Çünki o bizə şüur verir.
 
- Bəs biz insanlar niyə bir-birimizi məhv edirik?
 
- Hər bir insan onu ən çox sevəni öldürür, onu ən çox bağışlayana əzab verir. Çünki insanın xisləti budur. Daha çox məhəbbət istəyir. İnsan ac məxluqdur. Məhəbbət biznesə bənzəyir. 1 milyon məbləğində pulunuz varsa, o pul sizə xidmət edir. Pulunuz milyonu keçirsə, siz onun quluna çevrilib, brendlərə illüziyaya daha çox qapanırsınız. Bilginiz olsun ki, kağız pulun icad olunduğu Çində bu pullardan yalnız məbədlərdə dua edərkən yandırmaq üçün istifadə olunurdu. Bu inanc Konfutsinin dövründən gəlir.
 
 
 
- Özünüzü ağıllı insan sayırsınız?
 
- Mən nə qədər oxuyuramsa, bir o qədər də bisavad və kor olduğumu anlayıram. İnsanı daha çox sevdikcə, içimdəki nifrət və pisliklərin çoxluğunu dərk edirəm. Əsas odur ki, sizə nifrət edəni sevib, ətrafa müsbət emonasiyalar verəsiniz. Onsuz da ömrümüz qısadır. Onu nifrətə sərf etmək ağılsızlıqdır. Allaha inansanız da, inanmasanız da sevməyə cəhd edin. İnsan öləndə Allahını da öldürür. Məzarlıqlar kiçik inamların basdırıldığı məkandır. İnamsız yaşamaq çox çətindir. Baxın, siz anasınız. Oğlunuz dahi olsa, onu sevəcəksiniz, cani olsa da, həbsxanaya ziyarətinə gedəcəksiniz. Hər günahını bağışlayacaqsınız. Siz insan olaraq bağışlayırsınızsa, Allah sizi niyə bağışlamasın?! Hər şey sizdən asılıdır. Çalışın, içinizdəki Allahı öldürməyin və nifrəti basdırın.
 
- Yola davam etmək üçün müqəddəs inamınızı basdırmaq məcburiyyətində qalmısınız?
 
- O qədər... İçimdəki Allah xofunu öldürmüşəm. Din xadimlərinə inamımı basdırmışam. Çünki onlar hamısı fırıldaqçıdırlar. Burada kasıbsan, döz, sənə cənnət əta olacaq. Hamısı yalandır. İnsanın cənnəti də, cəhənnəmi də bu dünyadadır. Cənnət də, cəhənnəm də öz əlinizdədir. Cənnət istəyirsinizsə, sevin, cəhənnəmə bürünmək isə artan nifrətinizdir. Mənim məzarlığım Stiven Kinqin ev heyvanları məzarlığından da böyükdür. İlk dəfə pişiyimi basdırmışam. Düşünmüşəm ki, onunla bütün həyatım gömülüb. Sonralar insanlara inamım, ümidlərim ölüb. İndi onların hamısına minnətdaram. Hətta məni öldürməyə çalışanlara da səadət arzulayıram. Sağ olsunlar ki, bunu vaxtında ediblər. Bu mənim üçün əsl katarsis, qızdırmalı insana vurulan antibiotik olub. İndi anlayıram ki, həyat Stanislavskinin teatr səhnəsindən də mürəkkəb və maraqlı dünyadır. İstedadlı və istedadsız aktyorlar var. Adi əyalət aktyoru dahi bir obrazı oynaya bilər. Bilməzdim ki, həyat Albrext Dürerin ən qorxunc qravüralarından da vəhşət doludur. Nəticədə heç kimdən qorxum qalmayıb.
 
- Bu qorxusuzluq sizdə vahimə yaratmır?
 
- Qorxusuzluq pulsuzluq kimidir, öyrəşirsən. Qorxunu dəf etməyin bir yolu var. Ruhunuzu bədəninizdən ayırmağı bacarın. Sizin vücudunuzu həbs edə, işgəncə verə bilərlər. Ac saxlayarlar. Ac qalanda ruhunuzu gözəl restorana yollayın. Ağlayanda sizi sevən insanın yanına göndərin. Hər birimizin içində mələk və şeytanın mübarizəsi gedir. Monoteist din yoxdur, yalandır. Bütün dinlərdə xeyir və şərin mübarizəsi gedir. Bu artıq politeizmdir. İki tanrının mübarizəsidir. Xristianlıq dini deyir, buddist olma. Amma baxın görün, xristianlıqda nə qədər müqəddəslər var. Məgər ikona büt deyil?! Dahi rəssam və heykəltəraşlar kilsə üçün çalışmırdılar? Bu gün içdiyimiz şampan şərabı belə kilsədə ixtira olunub. Müsəlman alimlərinin də çoxu həmçinin şeyx olublar.
 
- Yəni din həm xeyirdir, həm də şər...
 
- Bir məqam da var. İndiyədək 5 elmlər doktoru yığışıb bir mollanın başını kəsməyib. Amma 5 radikal islamçı bir alimi qətl edir. "Allahu Əkbər" deyib "Allahu Əkbər" deyənin başını kəsirlər. "Müqəddəs Mariya" deyib minlərlə insanı "əcinə" adlandırıb diri-diri odda yandırıblar. Yaxud elə çoxarvadlılıq, uşaqbazlıq digər dinlərə də xasdır. Bütün dinlərdə yaxşı və pis məqamlar var. Sadəcə biz xeyiri şərdən ayırd etməyi bacarmalıyıq.
 
- Bunun üçün bizə nə lazımdır?
 
- Şəfqət, savad, humanizm və sevgi. Allahın adı eşqdir. O, qatı ateisti də dindarı da sevir. İnsan gün ərzində 24 min dəfə nəfəs alıb verir. Hamısında da “hu” edir. Ona görə sufilikdə "Allahu Əkbər" deyilir. Sufi olun, dinsiz olun, kim olursuz-olun eşqə gəlin yetər.
 
DAVAMI VAR...
 
Leyla Sarabi

Загрузка...
Загрузка...