“Dialoq siyasi qüvvələr arasında səmimi təmaslar tələb edir” - Həsrət Rüstəmov

Baxış sayı: 
281
2  
1  

Bütövlükdə dünya ölkələrini narahat edən koronavirus pandemiyasının yaratdığı narahatlıq azalmaqdadır. Həm dünya, həm də Azərbaycan üzrə yoluxma sayının aşağı düşməsi gərginliyin azalmasına səbəb olub.
 
Ölkədəki mövcud durum, ictimai-siyasi proseslərlə bağlı “Unikal” qəzetinə müsahibə verən ADP sədrinin müavini Həsrət Rüstəmov öncə koronavirus pandemiyası ilə bağlı suallarımızı cavablandırdı.
 
-Həsrət bəy, koronavirus pandemiyası həm dünyada, həm də Azərbaycanda müəyyən mənada yüngülləşməkdədir. Bir həkim kimi bu prosesi necə dəyərləndirirsiniz? Qarşıdakı dövrdə gözləntiniz nədir?
 
- Əslində bəzi ölkələrdə vəziyyət hələ də mürəkkəb olaraq qalır, amma yeni növ koronavirus infeksiyasına yoluxma və bu xəstəlikdən həyatını itirənlərin ümumi sayının azalması tendensiyası var. Bu əlbəttə ilk növbədə dünyada həyata keçirilmiş sərt karantin tədbirləri və şəxsi gigiyena ilə əlaqəli təbliğatın geniş tətbiqi ilə biləvasitə bağlıdır. Təcrübə göstərdi ki, virus infeksiyalarının insanlığı təhidi etməməsi üçün hamının ümumi gigeyenik qaydalara, təmizliyə və ətraf mühitə diqqətlə yanaşması lazımdır. Azərbaycanda da bəzi yanlışları nəzərə almaqla ümumilikdə vəziyyət kafi idarə olundu. Bir çox ölkələrlə müqayisə etsək bizdəki xəstələnmə hallarının və nəticələrinin idarə edilməsini qənaətbəxş hesab etmək olar. Amma əlbəttə ki, səhvlər də var idi, bu gün də bəzi yanlışlar davam edir. Xüsusilə də qərarların qəbul olunmasında və yeri gəldikcə zəruri düzəlişlərin edilməsində lənglik hiss edilir. Bəzən lazımsız ifratçılıq, bəzən isə yaxşı düşünülməmiş qərarlar verilir. Başqa sözlə desək operativ qərargahın həqiqətən də operativ olması lazımdır. Qarşıdakı dövrdə bizi və ümumiyyətlə dünyanı bu baxımdan nə gözləyir, sualına isə bu gün heç yerdə dəqiq cavabın olmadığını düşünürəm. Bir qrup tədqiqatçılar payız aylarında virusun daha da aqressiv yayılacağını təxmin etdikləri halda, digərləri xüsusi bir yüksəlişin olmayacağını və ilin sonuna doğru vəziyyətin tamamilə normallaşmağa imkan verəcəyini proqnozlaşdırırlar. Mənim təxminlərim də belədir ki, fərdi qorunma tədbirlərinə hamı diqqətlə yanaşsa və xəstəlik hallarının idarəedilməsi prosesi bir qədər də mükəmməl işləsə covid-19 virusuna yoluxma getdikcə aradan qalxacaq. Ona görə də proqnozların necə olmasından asılı olmayaraq ehtiyat tədbirlərinin davam etdirilməsini zəruri hesab edirəm. 
 
-Karantin dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz? Hansı müsbət nəticələr oldu?
 
- Bu barədə əlavə olaraq onu deyə bilərəm ki, statistik göstəricilər, dünya ölkələri ilə müqayisədə araşdırma bizdəki vəziyyətin yaxşı olduğu qənaətini yaradır. Təbii ki, bu dövlət büdcəsindən ayrılmış ciddi vəsaitlərin hesabına və tibb heyətimizin, həkimlərimizin ciddi əməyi nəticəsində əldə edilmiş nəticədir.Amma ümumiyyətlə, götürdükdə hökumətin pandemiyanın başlanğıcında bir qədər gecikməsi, sonra isə yumşalma tədbirlərinə vaxtından əvvəl başlaması ilə xəstələnmə hallarının böyük sürətlə artması və s. kimi pis idarəetməyə çoxlu misallar gətirmək olar. Bu sıraya həmçinin səhiyyə sisteminin ciddi hadisələrə hazırlıqsız olması, islahatların illərlə süründürülməsi, ictimai rəyin öyrənilməməsi və nəticələrin idarəetmədə nəzərə alınmaması kimi ümumi və ciddi qüsurları əlavə etmək olar. Amma müsbət hallar da var ki, onlardan birincisi xəstələnmə hallarının nəzarət altına alınmasıdır. Yəni ölkəmizdə covid-19 xəstələnmə hallarının azalması, ağır xəstələrin sayının və ölüm hallarının azalması yaxşı haldır. Bu nailiyyətdir və qazanılmasında xalqımızın, səhiyyə işçilərinin və əlaqədar strukturların böyük zəhməti var. Bir çox hallarda dövlətin vətəndaşlara real dəstəyini görmək olduqca müsbət hisslər yaradır. Amma bu dəstək davamlı və lazımi səviyyədə olmalıdır.  Yeri gəlmişkən pandemiyada ailə başçısını itirmiş ailələrə, rəhmətə getmiş tibb işçilərinin ailələrinə dövlətin ciddi qayğısı olmalıdır. İş yerlərinin bağlanma təklükəsini aradan qaldırmaq üçün ciddi işləmək lazımdır. Pandemiyanın qurtarmasını gözləmədən onun cəmiyyətə vurduğu yaraları sağaltmağa başlamaq lazımdır. 
 
-Sizcə, pandemiya dönəmində siyasi qüvvələr necə davranmalıdır?
 
-Pandemiya dövrünün xüsusi siyasi münasibətləri haqqında danışmaq məncə doğru deyil. Sadəcə olaraq hamı dünyadakı vəziyyəti nəzərə alaraq elə hərəkət etməlidir ki, qrup maraqlarına görə xalqa və dövlətə zərər dəyməsin. Eyni zamanda hakimiyyət də zəruri məhdudiyyətlərdən siyasi məqsədləri üçün istifadəyə cəhd etməməlidir və mümkün olduqca siyasi hüquqlardan vətəndaşların yararlanmasına şərait yaratmalıdır. Vətəndaşlar isə mövcud dövrün tələblərini gözləməklə siyasi fəallıqdan geri durmamalı, əksinə daha diqqətli və çevik olmalıdırlar.
 
-Son dövrlər hakimiyyət tərəfindən müəyyən addımlar atılır. Siyasi partiyalar, QHT-lər, media nümayəndələri ilə görüşlər keçirilir. ADP hər zaman dialoq tərəfdarı olub. Hazırkı dialoq təmaslarını necə dəyərləndirirsiniz? Hansı nəticələr gözləyirsiniz?
 
-Bu təmasları dialoq kimi dəyərləndirmək qeyri mümkündür. Bunlar sadəcə hakimiyyətin siyasi qüvvələrə münasibətinin nisbətən dəyişmək istəməsi kimi dəyərləndirilə bilər. Siyasi dialoq isə ölkənin taleyüklü məsələləri ilə bağlı siyasi qüvvələr arasında müzakirə və təmasları tələb edir. Görünən budur ki, bu indiki halda qeyri-mümkündür və bunun üçün idarəetmə təfəkkürü tamamilə dəyişməlidir. 
 
-Bir məsələ də var ki, bəzi müxalifət qüvvələri bu təmasları normal qəbul etmir. Eləcə də Sizləri hakimiyyətlə işbirliyində olmaqda suçlayırlar. Onların bu iddialarında hansısa əsaslı məqam varmı?
 
-Hakimiyyətlə açıq təmaslar vacibdir və bunu cəmiyyətə günah və ya qüsur kimi təqdim etmək siyasi biliklərin zəifliyindən xəbər verir. Hərçənd ki, bizim səsləndirdiyimiz ideyaları zaman keçdikcə çoxları səsləndirir və qəbul edir. Bu da onu göstərir ki, ittiham edənlər yanlış yolda olublar. Sadəcə olaraq siyasi qüvvələrin siyasi düşüncələri və strategiyaları aşkar olmalıdır.Cəmiyyət bilməlidir ki, hansı siyasi qrup nə istəyir, nəyə hazırlaşır və s. Beləliklə də cəmiyyətdən alınmış dəstəklə proseslər irəli getməlidir. Və ya əksinə.
 
-Həsrət bəy, Qarabağ münaqişəsinin həlli istiqmətində də yeni proseslər başlayıb. Türkiyənin bu prosesə cəlb olunması, hərbiçilərinin Azərbayaca səfəri və digər məqamlar məsələyə fərqli rəng qatıb. Mövcud durumla bağlı nə deyə bilərsiniz?
 
-Türkiyənin bölgədə yeni rol alması və fəallaşması çox müsbət haldır və bu yerləşdiyimiz bölgədə proseslərin bizim xeyrimizə dəyişməsinə səbəb olacaq. O cümlədən də Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan üçün olduqca zəruridir. Biz dəfələrlə tələb etmişdik ki, Azərbaycan Türkiyə ilə sıx hərbi ittifaq yaratmalıdır. Türkiyə Xəzərdən başlayaraq Aralıq dənizinə, Avropaya gedən enerji və ticarət koridorunda ən önəmli ölkədir və bu regionun təhlükəsizliyini üzərinə götürə bilən yeganə ölkədir. Ona görə də qardaş ölkənin Qafqazda hərbi mövcudluğu bizi yalnız sevindirməlidir. Azərbaycanın təcavüz altında olan ərazilərinin azad olunmasına da bu addım çox böyük təsir edəcək. Çünki, regionda təhlükəsizlik üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması əsas şərtdir. Bu işdə Türkiyə ilə hərbi müttəfiqliyimizə çox böyük ümidlərimiz var.  
 
-O fikirlər də səslənir ki, münaqişənin Rusiyanın razılığı olmadan həlli mümkün deyil. Ancaq Rusiyanı düşmənçilikdə ittiham edənlər də var.  Sizcə, Azərbaycan hansı mövqedə dayanmalıdır?
 
-Bu fikirləri xüsusi tonla və Azərbaycan xalqına təhdid kimi səsləndirmək, xalqımıza və eyni zamanda Türkiyəyə hədə-qorxu gəlməyə oxşayır. Bunu bir azərbaycanlının etməsi heç cür anlaşılan deyil. Rusiya əlbəttə ki, regionda marağı olan böyük dövlətdir. Amma onun rolu təəssüf ki, pozitiv deyil və təkcə burada deyil, bütün postsovet məkanında məhəlli münaqişələri yaratmaq və konservləşdirməklə məşğuldur. Bəyəm bu fikri irəli sürənlər bilmir ki, Qarabağ münaqişəsini Rusiya yaradıb. Necə bu ölkənin razılığını ala bilərik? Digər ərazilərimizi və ya suverenliyimizi ona təslim etməklə?! Çox ağrılı məsələdir, amma təəssüf ki, hələ də bolşevik kimi Moskvaya boylanan çoxlu siyasi personalarımız var. Cəmiyyəti Rusiya ilə qorxutmaq lazım deyil. Biz Rusiya ilə və heç kimlə döyüşmək istəmirik. Biz ərazimizi işğaldan azad etmək istəyirik və bunu mütləq etməliyik.
 
-Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin labüd olduğu mövqeyi artıq qətiləşib. Siz, bu mövqeni bölüşürsüzmü, yaxud səbəbini izah edə bilərsizmi?
 
-Bəli, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü nəhayət ki, bərpa etməlidir!
 
Z.Məmmədli

Загрузка...
Загрузка...