Dəfninə ermənilərin belə gəldiyi unudulmuş - Mühacir

Baxış sayı: 
151
0  
0  

 
Azərbaycan mühacirləri arasında digər liderlərlə müqayisədə fəaliyyəti çox da geniş olmayan, amma ömrünü ölkəmizin istiqlal mübarizəsinə həsr edən yüzlərlə şəxs var. Bu şəxslər mühacirətdə yaradılan qurumlarda təmsil olunub, qürbət ölkələrdə həyatla vidalaşıblar. Belə şəxslərdən biri də Həsən Kərbəladır.
 
***
 
Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğalından sonra şair, dramaturq Cəfər Cabbarlının evində gizli toplantı keçirilir, Müsavat Partiyasının gizli Mərkəzi Komitəsi yaradılır.
 
Komitəyə rəhbərliyi Mirzəbala Məhəmmədzadə edir.
 
Komitənin siyasi komissiyasının rəhbəri parlamentin ən gənc üzvlərindən Rəhim Vəkilli, ikinci rəhbəri isə Cəfər Cabbarlı olur.
 
Komissiyanın digər üzvləri isə bunlar idi: Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli (müəllim), Kərbəlayi Vəli Mikayılzadə, Seyid Hüseyn Sadiq (müəllim, yazıçı), Əli Əfsər Nəcəfzadə və Həsən Kərbəla.
 
Mühacirətdə Dr.Oroys kimi tanınan Həsən Kərbəlanın mücadiləsinin bu dövrü haqqında İstiqlal Komitəsində yer alan mühacir Əbdülvahab Yurdsevər yazıb:
 
“1923-cü ilin 15 iyununda təşkilata qarşı olan ilk kütləvi tətbiqatda siyasi komissiyanın bütün üzvləri ələ keçdi. Fəqət ÇEKA idarəsi komissiyanın mövcudluğunu heç bir zaman təsbit edə bilmədi. Dr.Həsən Kərbəlanı ilk dəfə ÇEKA həbsxanasında tanıdım. Bir-birimizi qiyabi tanıyırdıq. Bir gün təcrid edilmiş məhkumlara məxsus hücrəmin pəncərəsindən çölü seyr edərkən Həsən bəy türk gözətçilərin göz yummasından istifadə edərək yanıma gəldi və özünü tanıtdı. O, xəstə olduğu üçün müayinəxanada qalır, ara-sıra koridora çıxmaq fürsətini tapırdı... Azərbaycanda bir daha görüşə bilmədik. 1943-cü ildə mərhum Əmin bəyin dəvəti ilə Berlinə gedəndə Həsən bəyə yenidən rastladım. Bu, bir səhnə zamanı baş vermişdi. II Dünya müharibəsində almanlara əsir düşmüş gənc azərilər Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “Məşədi İbad” operalarını amatör şəkildə səhnəyə qoymuşdular. Uzun ayrılıqdan sonra qərib bir ölkədə ani şəkildə görüşməyimiz çox həyəcanlı olmuşdu. 1955-dən sonra isə demək olar ki, hər il, iki ildən bir Münhendə görüşürdük. “Paris Blok”unun toplantılarına bərabər şəkildə qatılır, düşüncələrimizi birlikdə müdafiə edirdik. Həsən bəy prinsipial, əxlaqlı, dürüst bir insandı... Almaniyadakı gənc azərilərin atası, hamisi, öndəri kimiydi. İllərlə oradakı Azərbaycan Cəmiyyətinə rəhbərlik etdi. Həsən bəy mərhum Rəsulzadə ilə sıx-sıx məktublaşırdı. Əmin bəyin, mərhum Əli xan Qantəmir və Əhməd Nəbi Mağoma ilə birlikdə qurduğu Qafqaz İstiqlal Komitəsinin ilk konqresində iştirak etmişdi. Mirzəbala ilə də çox səmimi dostluqları vardı”.
 
“Azərbaycan” jurnalında verilən xəbərdən öyrənirik ki, H.Kərbəla Frankfurtun yaxınlığında yerləşən Bad-Kreuznach-da 2 may 1964-cü ildə vəfat edib. Vəfatı ilə bağlı verilən məlumatda bildirilib:
 
“Mərhumun cənazəsi Milli Azərbaycan Mərkəzinin Avropa nümayəndələri tərəfindən Münhenə gətirilərək 6 may 1964 tarixində saat 15:30-da Valdfriedhof məzarlığında torpağa tapşırılıb. Almaniyadakı azərilərin və rus məhkumu digər millətlərin təmsilçilərinin iştirakı ilə baş tutan möhtəşəm dəfn mərasimində dostumuz Süleyman Təkinər Milli Mərkəz adına çıxış edib. Törəndə “Paris Bloku” və mühacir Ukrayna Parlamenti adına Livitski, Şimali Qafqaz adına Həsən Kasay, Türküstan adına Sabir İşimbet, ermənilər adına K.Balıkçıyan, İdil-Ural adına Tevbet və “Hürriyyət Birliyi” adına Dr. F.Prillen çıxış ediblər... Mərasimdə amerikalılar adına MR.Klump da iştirak edib”.
 
Müəllif: Dilqəm Əhməd

Загрузка...
Загрузка...