“Deyirlər pulu ərin alıb, o da oğlumdan qabaq ölüb...” - Vərəsələr narazıdır

Baxış sayı: 
155
4  
1  

Məlum olduğu kimi, ötən həftədən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb. 

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və  Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nazirliyə təqdim olunan siyahılar əsasında 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirilir.

Bunun üçün vərəsələr saytda hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

Məlum olub ki, bir sıra ailələr vərəsə olduqları hərbi qulluqçunun ad-soyadını sayta axtarışa verəndə Dövlət Sığorta Kommersiya Təşkilatı tərəfindən sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. 

Amma ailələrin bir neçəsi daha əvvəl hər hansı bir ödəniş almadığını iddia edirlər.

“Mənə dedilər ki, o vaxt sığorta ödənişini ərim alıb. Ərim isə 1991-ci ildə vəfat edib. Oğlum isə ondan 6 il sonra, yəni 1997-ci ildə şəhid olub. İndi mənə izah etsinlər görüm, bu, necə mümkün ola bilər?”

Bu sözləri şəhid anası, eyni zamanda şəhid bacısı Səlminaz Allahyarova “Qafqazinfo”ya müraciətində deyib. Hər iki şəhidlə bağlı nazirliyin saytında axtarış verən zaman ailəyə birdəfəlik ödəmənin edildiyi bildirilib. Ancaq ailə bu günə kimi onlara hər hansı bir vəsaitin verilmədiyini iddia edir:

“Zaqatala rayonundan gəlmişəm. 1994-cü ilin yanvar ayının 26-da qardaşım Səmədov Cövdət, 1997-ci ilin may ayının 20-də oğlum Hüseyn Allahyarov şəhid olub. Oğlum 14 yaşından hərbi xidmətdə qulluq edib. Nazirliyin saytında yaxınlarımın adını yoxlayanda mənə vəsaiti aldığım bildirildi. Necə almışam ki, illərdi qəbullardayam?! Yoxlatmışam, mənə dəfələrlə faks gəlib ki, vəsait ödənilməyib. 

Demirlər, almışam?! Onda gətirsinlər notariusdan çıxmış orderimi, imzamı, həmin vəsaitə ayrılmış aktı göstərsinlər. Bəlkə mən almamışam, başqası alıb. Baxım görüm ki, imza kimindir? Mənə deyirlər ərin alıb, ərim 1991-ci ildə dünyasını dəyişib. 97-də dirildi gəldi, vəsaiti aldı? Bu, absurd bir şeydir. Qardaşımda da eyni vəziyyətdir”. 

S. Allahyarova ödənişlərlə bağlı onlara hər hansı bir sənədin göstərilmədiyini də vurğulayıb: “Arxivdən sənədləri istəyirəm, deyirlər arxiv 2003-cü ildə yanıb”.

“Qafqazinfo”ya digər bir müraciət isə Qazax rayonun Urkmezli kəndindən daxil olub. Şikayətçi Vasif Nəsirovun sözlərinə görə, kəndin yeganə şəhidi olan qardaşı Saqif Nəsirov 1993-cü ildə Ağdərə döyüşlərində halak olub. Dövlət Sığorta Kommersiya Şirkətindən onlara cavab olaraq bildirilib ki, hərbi qulluqçunun vərəsəsinə (vərəsələrinə) müvafiq sığorta ödənişi həyata keçirilib. 

Daha əvvəl hər hansı bir ödəniş almayan ailənin notariusda etdiyi araşdırma zamanı məlum olub ki, 2200 manat dəyərində müavinət illər öncə Nəsirov Helşan Səid oğluna ödənilib. Ailə isə həmin şəxsi tanımadığını, elə bir qohumlarının olmadığını bildirib: “Qardaşım subay olduğu üçün vərəsəsi mən və valideynlərim hesab olunur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, vərəsələr nazirliyə rəsmi müraciət etdiyi təqdirdə bu kimi şikayətlər araşdırılır:

“Bildiyimiz kimi, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb.

Bununla əlaqədar aidiyyəti qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.

Bu günədək birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.

Nazirliyə üz tutan bir neçə nəfər var ki, onlar da həmin sistem vasitəsilə dövlət sığorta şirkəti tərəfindən ödənişi aldığı barədə məlumat verilənlərdir. Lakin həmin ailələr bu vəsaiti almadıqlarını iddia edir. Nazirlik bütün müraciətləri araşdırır və bildiririk ki, qanunvericiliyə uyğun olaraq şəhid ailələri yalnız bir dəfə sığorta ödənişi almaq hüququna malikdir. İkinci dəfə ödəniş edilmir. 

Amma bəzi şikayərçilər o zaman sığorta ödənişi almadıqlarını, lakin sistemdə aldıqları ilə bağlı qeyd olduğunu söyləyir. Media vasitəsilə bildirmək istəyirik ki, əgər elə bir narahatlıqla üzləşən vətəndaşlarımız varsa, onlar rəsmi şəkildə nazirliyə müraciət edə bilərlər. 

Hazırda şikayətçilərin müraciətləri qəbul olunur. Onların sığorta ödənişini alıb almamaları barədə Dövlət Sığorta Kommersiya Şirkətinə yenidən müraciət yollayırıq. Sadəcə bizim nazirliyə yox, həm də sığorta şirkətinə də vətəndaşlar müraciət edə bilər.

Mütləq şəkildə vərəsəlik şəhadətnaməsi almış şəxslərə ödəniş olunur. Sığorta ödənişi edilmiş vərəsələrin şəhadətnaməsi arxiv sənədlərdə mövcuddur”.

 

 

Загрузка...
Загрузка...