​"Deyirlər ki, guya Üzeyir bəy "Leyli və Məcnun"u qardaşı Ceyhunla birlikdə bəstələyib, amma...."- MARAQLI İDDİAYA CAVAB

 
 
 
Dahi bəstəkar, çağdaş Azərbaycan musiqisinin banisi hesab edilən, ictimai xadim, publisist Üzeyir bəy Hacıbəylinin uzun illərdi ki, həm Azərbaycan musiqisinə, həm də publisistikasına,  maarifçiliyinə sağlığında yazdığı əsərlərlə bu gün də xidmət edir. 
 
Bu dahi bəstəkar nə qədər öyrənilsə də, yenə də bəzi tədqiqatlarda müəyyən kəm-kəsirlər var. Onlardan biri də Şərq musiqi tarixinin ilk operası olan “Leyli və Məcnun”la bağlıdır. Bəzi araşdırmaçılar təəssüflər olsun ki, bu gün də həmin operanın həmmüəllifi kimi qardaşı Ceyhun Hacıbəylini göstərirlər. Doğrudur, Ceyhun bəy Azərbaycan istiqlal tarixi üçün çox vacib simalardan biridir. Gəncliyini, bütün ömrünü qürbətin acı küləklərində sovurmuş dəyərli şəxsdir. Amma burada söhbət musiqidən gedir.
 
Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənan Moderator.az-a açıqlamasında adlarını çəkməsə də, təəssüf ki, bəzi araşdırmaçıların bu gün də bu faktı səsləndirməsindən çox narazı olduğunu bildirib. O, fikirlərini konkret faktlarla əsaslandırıb:
 
“Bəzi araşdırmaçılar deyir ki, Üzeyir bəy “Leyli və Məcnun”u qardaşı Ceyhun Hacıbəyli ilə birgə bəstələyib. Hər yerdə də bu faktı qeyd edirlər. Halbuki, “Leyli və Məcnun” əsəri 1908-ci ilin yanvarın 9-da birinci dəfə qəzetdə elan olunub. Orada göstərilib ki, bu əsər Üzeyir bəyin operasıdır. Yalnız yanvarın 12-dən sonrakı elanlarda  adı Ceyhun bəylə birlikdə yazılırdı. Bunun da məxsusi səbəbi var: Ceyhun bəy Avropada ali təhsil aldığı zaman maddi vəziyyəti çox ağır olur. Bu səbəbdən, Üzeyir bəy onun da adını yazır ki, qoy azacıq qardaşına da qonarar yazılsın. Üzeyir bəy 1905-ci ildə Bakıya gələndə bütün ailəsi- bacıları, qardaşları - hamısı onun üzərində idi. Onların hamısına Üzeyir bəy baxmalıydı. Ona görə də, Ceyhun bəyin də adını yazırdı ki, bir müəllif kimi ona da qonarar yazılsın. Amma bu gün bəzi müəlliflər hər yanda deyirlər ki, Üzeyir bəy Leyli və Məcnunu qardaşı Ceyhunla birgə yazıb.
Amma Üzeyir bəy yuxarıda dediyim kimi qardaşının adını yazmağa məcbur idi. Məndə sitatlar da var, yəni, onların bir-birilərinə yazdıqları məktublar da var ki, orada həm Üzeyir bəyin, həm də qardaşlarının necə çətin bir durumda olduğunu görmək olar:
 
Əvvəlcə, tamaşa haqqında 1908-ci il yanvarın 9-da verilən ilk elan bu cür idi: ” Eşitdiyimizə görə Nicat Müsəlman Maarif Cəmiyyətinin dram heyəti tatar dilində ən yaxşı dram və opera əsərləri ilə bağlı müsabiqə elan edir. Cəmiyyət bu günlərdə gənc publisist və musiqiçi Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının nəşri və quruluş haqqını almışdır. Bu, müsəlman dünyasının ilk operasıdır. Ayın 12-də Tağıyev Teatrında oynanılacaq. Çox maraqlı tamaşa olması gözlənilir. Məşhur türk şairi Molla Məhəmməd Füzulinin “Leyli və Məcnun” fantastik poeması indiyə qədər istifadə olunmamış mövzu olaraq qalırdı. Gənc kompazitor Füzulinin şeirlərindən istifadə edərək bu mövzuda opera yazmışdılar. Nicat Cəmiyyəti opera artistlərindən ibarət truppa tərtib etmiş və müəllifin rəhbərliyi altında tamaşa hazırlamışdı. Operaya böyük xərc sərf edilmişdi. Ümid edirik ki, müsəlman cameəsi ilk dəfə tatar dilində yazılmış operanı diqqətdən kənarda qoymayacaq”.
 
Nicat Cəmiyyətinin də elanında görürsünüz ki, opera haqqında ictimaiyyətə ilk bildirişdə yalnız Üzeyir bəyin adı çəkilir. Elanda “gənc kompozitor” yazılıb, “gənc kompozitorlar” yox. Araşdırmaçılar isə deyirlər ki, guya sovet dövründə Ceyhun bəyin adını həmmüəllif kimi çəkməyə qoymayıblar. Bu, belə deyildi! Ceyhun bəy musiqi bəstələyən idisə, 54 il yaşadı, bu neçə ildə gərək başqa bir musiqi də bəstələyə idi. Amma olmadı. O, böyük şəxsiyyətdir. Amma musiqiyə çox da aidiyyatı yoxdur”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...