“Deyirdim ki, Bərzaninin qurduğu kürd dövlətini tanıyın...”

 
Sentyabrın 25-də İraq rəsmən parçalana, Şimali İraq Kürd Müxtariyyəti özünü müstəqil dövlət elan edə bilər. Buna səbəb muxtariyyət rəhbərliyinin həmin gün müstəqillik haqqında referendum keçirmək istəyidir. Şimali İraq Kürd Müxtariyyətinin rəhbərliyi bu məsələdə israrlıdır. Bu referendumdan sonra tarixi türkmən torpaqlarının kürdlərin nəzarətinə keçmək təhlükəsi isə daha böyükdür.
 
Teleqraf.com bu mövzuda sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilovla müsahibəni təqdim edir.
 
- Firudin bəy, Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyinin bu ayın 25-də keçirəcəyi müstəqillik referendumundan gözləntiniz nədir?
 
- Referndum normalda ədalətli qərar çıxarmaq üçün düşünülən vasitədir. Lakin İraqda, xüsusilə Şimali İraq Kürd Muxtariyyətində nəzərdə tutulan referendumun arxasında böyük siyasi məqsədlər nəzərdə tutulub. Məsələ konkretdir. Tarixən o torpaqlar Azərbaycan türkcəsində danışan türkmənlərin torpağı olub, Füzulinin ata yurdudur. Zəngibəyli, Atəbəylər dövründə orada bəyliklər olub, dövlət qurulub. Bu ərazidə də tarix boyu türkmənlər yaşayıb. Lakin Osmanlı dövləti dağıdıldıqdan sonra bu ərazilərə digər millətlərin nümayəndələrini gətirdilər, demoqrafik vəziyyəti dəyişməyə çalışdılar. İndi referendum keçirilir. Kərkük, Mosul, Süleymaniyyə, Telafər və digər ərazilərdə yaşayan türkmənlər üçün bu referendum uduşlu deyil. Əksinə, bu addım onların taleyi acısından daha pis nəticələrə səbəb ola bilər.
 
İkincisi, əgər kürdlər müstəqil dövlət yaratmaq istəyirsə, ilk olaraq etnik coğrafiya cızılmalıdır. Başqa sözlə, Kərkükün, Mosulun, Süleymaniyyənin bu etnik coğrafiyaya hər hansı bir aidiyyəti yoxdur. Üstəlik, nəzərə alın ki, Kərkükdə kürd və türkmənlərlə yanaşı ərəblər də yaşayır. Odur ki, referendumun nəticələri əks-effekt də verə bilər.
 
- Söhbət hansı əks-effektdən gedir?
 
- Hesab edirəm ki, bu referendumun sonucları siyasi çəkişmələrə, hətta silahlı toqquşmalara səbəb ola bilər. Ümumiyyətlə, İraqın bölünməsi türkmənlərin xeyrinə deyil. Bu mənada Türkiyə və Azərbaycan bu məsələyə bir qədər həssas yanaşmalıdır. Çünki onlar bizim soydaşımızdır.
 
- Referendumda müstəqillik qərarı çıxacaqsa, bu, hansı reallıqlar yaradacaq?
 
- Mən 20-25 il əvvəl Türkiyə rəsmilərinə açıq deyirdim ki, Bərzaninin qurduğu dövləti tanıyın. Bu vacibdir və tanımaq lazımdır.
 
- Fikirlərinizi inkişaf etdirək: niyə tanımalıydılar?
 
- O zaman bu lazım idi. Deyirdim ki, həmin dövləti indiki sərhədləri daxilində tanıyın. Yoxsa gün gələcək onlar sərhədlərini böyüdəcək və o zaman bəlalar başlayacaq. 20 il əvvəl dediyim məsələ indi reallaşır. Həm də nəzərə alın ki, Bərzani bunları özbaşına etmir, onun arxasında böyük dövlətlər durur.
 
- Bu dövlətlərin, ümumiyyətlə, bu layihənin məqsədi nədir?
 
- Məqsədlərdən biri Güney Azərbaycanda yaşayan türklərlə Türkiyədə yaşayan türklər arasında böyük zolaq yaratmaqdır. Yəni bu iki toplumun bir-birinə yaxınlığı olmasın. Sanki bir xalqı ikiyə ayırırsan. Necə ki vaxtilə Zəngəzuru ermənilərə verdilər və beləcə Güney-Quzey arasında birbaşa əlaqə kəsildi.
 
- Əgər Bərzani dövlətini İraq, İran və Türkiyə tanımayacaqsa, bu zaman necə olacaq?
 
- İraq, İran və Türkiyə bu dövləti tanımasa da, bunun siz deyən təsiri olmayacaq. Dostumuz və müttəfiqimiz Pakistan bu günə qədər Ermənistanı tanımır. Amma Ermənistan mövcuddur və yaşayır. Əsas dövlətlərin bu referendumun nəticələrini tanıyıb-tanımaması siyasi gedişdir. Bu oyunu quranlar öz məqsədlərinə nail olacaq. Bu da Türkiyə və Azərbaycanın, habelə türkmənlərin ziyanına olan prosesdir. Açığını deyim ki, mən kürdlərin müstəqil olmasına normal baxıram, amma keçmiş sərhədləri daxilində. Yoxsa Kərkükü, Süleymaniyyəni, Telafəri, Mosulu, Diyaləni qatıb kürd dövləti yaratmağın arxasında siyasi məqamlar var.
 
- Müstəqil Kürdüstanın sərhədləri daxilində yaşayan türkmənlərin durumu necə ola bilər?
 
- Əgər o dövlət Bərzaninin nəzərdə tutduğu sərhədlər daxilində yaranacaqsa, fikrimcə, bu, Qarabağ münaqişəsi kimi uzanıb gedəcək. İkincisi, mümkündür ki, sonrakı mərhələlərdə planın bir ucunda da türkmənlərin bu ərazilərdən çıxarılması dursun. Xatırlayırsınızsa, 1990-cı illərdə müəyyən hadisələr baş verirdi. İraqda, xüsusilə Kərkükdə türkmənlərin etnik demoqrafiyası ilə bağlı sənədləri məhv edirdilər. Sürətlə etnik demoqrafiyanı dəyişirdilər. Bu, davamlı ola bilər.
 
- İraqda türkmənlərin yaşadığı tarixi ərazilər həm də neftlə zəngin əraziləridir...
 
- Əslində, bütün bəla və oyunlar da bunun üzərindədir. Oyunu ona görə qurublar.
 
- Kürdlərin müstəqillik referendumunun onlar üçün uğurlu nəticə ilə başa çatacağı ehtimalı nə dərəcədə realdır?
 
- Hesab edirəm ki, biz düşündüyümüzdən də çox realdır. Bu, balaca bir oyun deyil. Əksinə, çoxdan qurulan oyundur. Siz tarixə baxın. Bu məsələ 1923-1925-ci illərdə gündəmə gəldi. İraq dövləti yarananda indi biz söhbətini etdiyimiz ərazilər Türkiyə ilə İraq arasında mübahisəli torpaq statusunu aldı. İllərlə bu ərazilərin “Türkiyəyə tabe olsun, ya İraq ərazisi hesab edilsin” mövzusunda danışıqlar getdi. O dövr Türkiyənin durumu ürəkaçan deyildi, Avropa ölkələri türklərin əleyhinə idi. Həm də BMT-ni Millətlər Cəmiyyəti əvəz edirdi. Millətlər Cəmiyyəti nəzdində üç milləti ayırdılar ki, bu məsələ ilə məşğul olsun. Lap indiki ATƏT-in Minsk Qrupu kimi. Sonda da bu ərazilərin İraq ərazisi hesab edilməsi barədə qərar verildi. İndi türkmənlərin başına gətirilən bu oyunlarının əsası o zamandan qoyulub. Həmin sənədə Türkiyə qarant dövlət kimi salınmışdı. İraq bölünəsi olsa və bu torpaqlara başqaları iddia edərdisə, Türkiyənin bu məsələlərə qarışmaq hüququ tanınırdı. Türkiyə bu bənddən istifadə etməlidir. Ancaq edəcəkmi? Mən buna şübhə ilə yanaşıram...
 

Загрузка...
Загрузка...