Deputat: “Dizi filmləri” ilə dünyaya çıxa bilməyəcəyik

Baxış sayı: 
85
2  
0  

Parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında hansı yeni qanunların olacağı barədə bir şey söyləmək çətindir. Çünki bütün komitələr tərəfindən qanunvericilik işlər planı tərtib olunub ümumiləşdirilməlidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, əslində, hansısa qanunların qəbulunun vacibliyindən daha çox, onların işləməsinə nəzarət barədə düşünməliyik.

“İcra keyfiyyəti ən mühüm məsələdir. Diqqəti daha çox bu istiqamətə yönəltmək məqsədəuyğundur”, - deyə o əlavə edib.

Millət vəkilindən “Kinematoqrafiya haqqında” qanun layihəsi barədə fikirlərini öyrənməyə çalışdıq.

Qeyd edək ki, millət vəkili son sessiyalardan birində bu barədə təklif səsləndirmişdi. O, öz fikrində qaldığını və bu istiqamətdə təkmil qanun layihəsinin müzakirələrə çıxarılmasının vacib olduğunu dilə gətirib:

“Çünki bizdə ən az diqqət ayrılan sahələrdən biri kino sahəsidir. Əslində, kino strateji bir sahədir. Ölkənin təbliği, ölkəyə pul gətirmə baxımından ən vacib sahələrdən biridir. Amma bu sahəyə ayrılan vəsait yaxşı film çəkilməsinə, kino turizminin inkişaf etməsinə imkan vermir. 

Bildiyiniz kimi, xaricdə müəyyən film komissiyaları yaradılır. Onlar ölkələrə təkliflər verirlər ki, sizə pul ayırırıq, bizə səhra, dağ, şəhər, kənd mühiti verin, orada filmlərin çəkilməsini gerçəkləşdirək.

Ölkə də bundan pul qazanır. İki il öncə qonşu Gürcüstanda qanun qəbul olundu. Gürcüstana 250 min dollar yatıran hər hansı bir film komissiyası o pulun 20 faizini geri alır.

Belə stimullaşdırma ilə bunu ölkəyə gətirirlər. Azərbaycanda səhra, dağ - hər şey var, amma qanun olmadığına görə gələn adamların böyük əksəriyyəti geri göndərilirlər.

Bu qanun olduqca vacibdir ki, ölkəyə müəyyən dərəcədə gəlir gətirmək mümkün olsun. Biz bu “dizi filmləri” ilə dünyaya çıxa bilməyəcəyik, ancaq Bakıda qadınlarımızın, bir az da oxumayan insanlarımızın başını qatacağıq.

Amma filmlə dünyanın Azərbaycana marağını artırmaq olar. Bundan istifadə etməyimiz vacibdir...”, - deyə millət vəkili qeyd edib.

Загрузка...
Загрузка...