​"Dayısı dedi ki, buna yaxşı olub" - metroda yer üstündə baş verən qanlı dava

Baxış sayı: 
37
1  
0  

 
Metroda adam bıçaqlayan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Davaya səbəb qıza yer verilməməsi olub.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nizami Axundovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
 
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində polis əməkdaşları ifadə verib.
 
Şahidlər bildirib ki, Nizami Axundov hadisəni törətdikdən sonra təslim olub və heç bir müqavimət göstərməyib.
 
Polis əməkdaşlarından biri deyib ki, zərərçəkmiş Həzrətəli Şükürovun dayısı hadisə yerinə gələn zaman əsəbiləşib.
 
"Dayısı dedi ki, buna yaxşı olub elə. Yəqin ki, Həzrətəlinin problemli adam olduğunu nəzərdə tuturdu"- deyə şahid bildirib.
 
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan olunub.
 
İttihamda yazılır ki, Nizami Axundov metroda olarkən əvvəlcədən tanımadığı Həzrətəli Şükürovu bıçaqlayıb.
 
Belə ki, Şükürov metroda xanıma əyləşmək üçün yer verməyən Nizami Axundovla mübahisə edib. Nizami Axundov yer vermək istəmədiyi üçün əlbəyaxa olublar. Bu zaman Axundov cibindən çıxardığı bıçaqla Şükürova iki zərbə endirib.
 
Törətdiyi əmələ görə Nizami Axundova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq), 228.1-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Elan olunmuş ittihamla Nizami Axundov özünü qismən təqsirili bilib. O deyib ki, ona qarşı elan edilmiş ittiham olduqca ağırdır.
 
Nizami bildirib ki, bu əməli xuliqanlıq niyyəti ilə törətməyib və zərərçəkmiş şəxsə cəmi bir bıçaq zərbəsi endirib. Nizami qeyd edib ki, metroda olan zaman tanımadığı şəxs xanıma yer vermədiyi üçün ona irad bildirib. Mübahisə də bundan başlayıb.
 
"Mən həmin gün yorğun idim. Oturmuşdum və çantamı da ayaqlarının arasına qoymuşdum. Metroda sıxlıq yox idi, amma oturacaqların, demək olar ki, hamısı dolmuşdu. Buna elə də dəqiq fikir vermədim. Sonradan adının Həzrətəli olduğunu bildiyim şəxs mənə dedi ki, xanıma niyə yer vermirsən? Mən də özümün yorğun olduğumu dedim. Buna görə də mənimlə mübahisə elədi. Sonra da söyüş söydü. Biz metronun içində əlbəyaxa olduq. "28 May" metrostansiyasına çatanda cibimdə olan bıçaqla onu vurdum. Çünki ona gücüm çatmırdı. Fiziki cəhətdən məndən güclü idi"- deyə Nizami Axundov söyləyib.
 
Zərərçəkmiş Həzrətəli Şükürov isə deyib ki, metroda olan zaman daha sonra adının Nizami olduğunu bildiyi şəxsdən xanıma yer verməsini istəyib. Amma Nizami ona kobud cavab verərək söyüş söyüb.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...