David Bakradze: “Yuxumuza da gəlməzdi ki, 2019-cu ildə Tiflisdə sovet bayrağı dalğalanacaq”

Baxış sayı: 
68
1  
0  

 
"Monastır məsələsində danışıqlardan başqa alternativimiz yoxdur"
Gürcüstan parlamentinin eks-spikeri, Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzenin Musavat.com-a eksklüziv müsahibəsi
 
- Cənab Bakradze, Gürcüstan prezidenti Salome Zurabişvilinin bəlli çıxışından sonra yaranan durumu necə şərh edərdiniz?
 
- Həyatda da, siyasətdə də dostların, tərəfdaşların fərqli düşündükləri məqamlar olur. Ancaq dostluq, ən önəmlisi də məsuliyyət hissi istənilən problemin əməkdaşlıq ruhunda çözümünü tələb edir. Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı problem nə Azərbaycanın, nə də Gürcüstanın iradəsi ilə yaradılmayıb. Bu, hər iki ölkəyə Sovet İttifaqından qalan mirasdır. Sovet sistemi bu cür minaları qonşu respublikaların, demək olar ki, hamısının ərazisinə yerləşdirib. Ona görə də bu gün hər iki tərəfdən siyasətlə məşğul olanlar, xüsusən vəzifə daşıyanlar bu problemlərə maksimum məsuliyyətlə yanaşmalıdırlar. Müstəqilliklərin bərpası dönəmindən üzü bəri, həm Şevardnadze-Heydər Əliyev, həm də Saakaşvili-İlham Əliyev dönəmlərində bu məsələyə xüsusi həssaslıq göstərilib. Bu gün də məsələ ətrafında siyasət bu ruhda davam etdirilməli idi. Problemlərlə kombinasiyalar qurub strateji tərəfdaşlıq münasibətlərimizi korlamaq ciddi məsuliyyətsizlikdir. Hər iki tərəf anlamalıdır ki, bizim strateji tərəfdaşlığımız problemlərdən yüksəkdə dayanır. Sözsüz, David Qareci bütün gürcülər üçün çox böyük tarixi və mənəvi dəyəri olan məbəddir. Zamanında Stalin sərhədi bu ərazidən keçirməklə Gürcüstan və Azərbaycan arasına potensial bomba yerləşdirib. Bu gerçəkliyi dərk etmək və problemi danışıqlar yolu ilə çözmək gərəkdir. Ölkələrimiz dostdursa, başqa variant yoxdur. Pravokasiyaları, sərt bəyanatları, problemin daha da dərinləşməsinə yönələn addımlara yol vermək arzuolunmaz məqamlar yarada bilər.
 
- Münasibətlərin gərginləşməsində daxili, yoxsa, xarici faktor güclüdür?
 
- Xarici faktor daha pozucudur. Gürcüstan və Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlı olan yeganə ölkə Rusiyadır. Son 20 ildə biz gördük ki, Gürcüstanla Azərbaycan arasında tərəfdaşlığın genişlənməsi hər iki ölkənin müstəqilliyinin möhkəmlənməsinə xidmət edib. Enerji layihələrimiz uğurla davam edir, ərazilərimizdən çəkilən dəmir yolu dünya ticarəti üçün yeni imkanlar deməkdir. Ölkələrimiz arasında sağlam münasibətlərin davam etməsini yalnız bu layihələrin həyata keçməsini istəməyən qüvvə arzulaya bilər. Rusiya bu gün xalqlarımızın dini və tarixi şüurunu öz siyasətinə alət etmək istəyir. Ona görə də siyasilər məsuliyyət hissini bir an belə itirməməlidirlər.
 
- Çıxış yolu kimi nə təklif edirsiniz?
 
- Müzakirələr aparılmalı, hər iki tərəfi qane edən qərarlar qəbul edilməlidir. Hökumətlərarası komissiyalar artıq işə başlayıb. Düşünürəm ki, bu faydalı olacaq.
 
- Ərazi iddiaları, delimitasiya, demarkasiya prosesləri ilə bağlı uğurlu təcrübələr azdır. Azərbaycanın Xəzərlə bağlı da uzun illərdir davam edən və sonuc əldə edilməyən oxşar problemləri var. Siz Gürcüstanla Azərbaycan arasındakı prosesin çözümə gətirəcəyinə əminsiniz?
 
- Bizim üçün danışıqların alternativi yoxdur. Bütün hallarda bir araya gəlmək, çıxış yolları aramaq gərəkdir. Problem çox mürəkkəbdir. Həmin monastır bizim üçün müqəddəs məkandır. Eyni zamanda biz məsələnin Azərbaycan üçün də nə qədər həssas məsələ olduğunun fərqindəyik. Ona görə də pravakativ çıxışlardan çəkinib bir yerdə işləməliyik. Aydındır ki, danışıqlar uzun sürəcək. Yanlış xatırlamıramsa, bu komissiya Şevardnadzenin prezidentliyi dönəmində yaradılıb, ancaq 2011-ci ildən müzakirələr dayandırılıb. Rəsmilərin vəzifəsi problemin çözümü tapılana qədər gərginlik yaranmasının qarşısını almaqdır. Azərbaycan heç zaman ziyarətçilərə narahatlıq yaratmayıb. Fikrimcə, danışıqlar müddətində də bu durum dəyişməməlidir. Çünki əksi lüzumsuz gərginlik deməkdir. Hər iki tərəf pravokasiyaların, əlavə emosiya burulğanlarının qarşısını almaq üçün səfərbər olmalıdır. Belə bir ortam yarada bilsək, çıxış yollarını da tapa bilərik.
 
 
 
- Cənab Bakradze, mayın 19-da Gürcüstanda mer və bələdiyyə məclisinə seçkilər keçiriləcək. Müxalif partiya lideri kimi seçkiöncəsi durumu necə dəyərləndirirsiniz?
 
- 19 may seçkisini 2018-ci ilin oktyabr seçkisinin davamı adlandırmaq olar. Ssenari eynidir – seçicilərin ələ alınması, inzibati resurslardan gen-bol istifadə, iqtidar və müxalifət partiyalarına ayrılan maliyyənin kəskin fərqlənməsi. Bütün bunlar, vətəndaşın iqtidara inamını sarsıdır. Hər keçən gün Gürcüstan vətəndaşları bir daha əmin olurlar ki, “Gürcü arzusu” iqtidarda qaldıqca, bu ölkəni sağlam gələcək gözləmir. İqtisadiyyat sürətlə geriləyir, həyat inanılmaz bahalaşıb, işsizlik kritik həddə çatıb, insanlar üçün yaşamaq çox çətinləşib. Belə vətəndaş narazılığı fonunda hər seçki sivil, demokratik yolla ölkəni uçuruma aparan iqtidardan qurtulmaq şansıdır. Ölkədə çoxları əmindir ki, indiki komandanı evlərinə göndərib hakimiyyətə ölkəni bu bataqlıqdan çıxarmağa real gücü olan komandanı gətirmək gərəkdir. 19 may seçkisinin ən önəmli məqamlarından biri iki müxalifət partiyasının – Avropalı Gürcüstan və Vahid Milli Hərəkatın rəqabət aparmayacaqları haqqında razılığa gəlmələridir. Zuqdidi, Tbilisi, Mtatsminda kimi iri vilayətlərlə biz rəqabətə girmədik. Zuqdididə Avropalı Gürcüstan Vahid Milli Hərəkatın namizədi xanım Sandra Rulofsu, Tbilisidə isə Vahid Milli Hərəkat bizim namizəd cənab Şauqulidzeni müdafiə edəcək. Bu, bizə müxalif namizədə qarşı bölgənin bütün müxalif səsləri ilə mübarizə aparmaq imkanı verir. Çox təəssüf, Marneulidə razılığa gələ bilmədik və hər partiya öz namizədini irəli sürdü. Düşünürəm, müxalifət olaraq bundan ziyan çəkəcəyik. Çünki səslərin bölünməsi iqtidar düşərgəsini ciddi şəkildə gücləndirib. Marneulidə durum son dərəcə ağırdır. Çox tez-tez bölgəyə gedirəm, vətəndaşlarla görüşürəm. Keçən həftə də bir neçə kəndi gəzdik, hər yerdə eyni problemlərlə üzləşdik – işsizlik, yol, içməli su, suvarma suyu, korrupsiya və bizi ən çox narahat edən kriminalın geri qayıtması. Sadaladığım problemlər “Gürcü arzusu”nun hakimiyyəti illərində daha da dərinləşib və çözüm üçün heç bir addım atılmır, tam əksinə, insanların yaşamı üçün süni əngəllər yaradılır. Yanvarın 1-dən Gürcüstanda avtomobillərlə bağlı xüsusi qaydalar qüvvəyə minib. Bu qaydalar o qədər sərtdir ki, ölkədəki avtomobil sahiblərinin ciddi bir hissəsi öz əmlaklarından istifadə edə bilmir. Təbii, hər kəs lüks avtomobildə gəzmək istəyər, ancaq vətəndaşın belə avtomobillər alması üçün şəraiti hökumət yaratmalıdır. Marneuli və qonşu bölgələrdə əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur. Əkin sahələri kəndlərdən bəzən bəzən 5-10 km uzaqda yerləşir, yəni nəqliyyatsız keçinmək mümkün deyil. Yeni texniki şərtlərdən sonra insanlar öz əkin-biçin yerlərinə gedə bilmirlər, yola çıxan kimi kameralar görüntünü alır və yüksək cərimələr kəsilir. Yüksək texniki standartlara uyğun avtomobillər təhlükəsiz yollar, təmiz ekologiya deməkdir, ancaq insanlara alternativlər yaratmadan onların yeganə həyat qaynaqlarına yollarını bağlamaq olmaz. Biz parlamentdə bu qaydaların yalnız ölkə əhəmiyyətli yollarda hərəkət edən avtomobillərə tətbiq edilməsi, kənd sakinlərinə xüsusi güzəştlər olunması haqqında məsələ qaldırmışıq. Kəndlərdə durum gerçəkdən də acınacaqlıdır. Marneulidə ciddi dəyişikliklər etmək üçün seçkidə müxalifətin namizədi mütləq qalib gəlməlidir. Bizim namizəd Əhməd İmamquliyevin nüfuzu yüksəkdir. Ümid edirəm ki, o, ən azı ikinci tura çıxacaq və ikinci turda biz Vahid Milli Hərəkatla güclərimizi birləşdirə biləcəyik. Hər zaman deyirəm – biz xalq üçün yeni problemlər yaratmaqla yox, var olan problemləri çözməklə məşğul olmalıyıq. Bunun üçün siyasi iradə olmalıdır.
 
- Tiflisdə həddən çox rusiyalı turist gözə dəyir, xidmət sektorunda artıq rusca elanlar var. Aydındır ki, bu, siyasi seçimin gündəlik həyatda görünən üzüdür. 9 mayda Tiflisin baş meydanında SSRİ bayrağının dalğalanması çoxları üçün gözlənilməz oldu. Bütün bunlar Qərbi narahat etmir?
 
- Təbii, edir. İndi önəmli olan toplumun seçimidir. Bu zamana qədər Gürcüstan vətəndaşları birmənalı Qərbi seçiblər, ölkəni Avropa Birliyinin, NATO-nun üzvi kimi görmək istəyiblər. 9 Mayda biz Kremlin Gürcüstanda nə qədər aktiv işlədiyinin şahidi olduq. Yumşaq güclə Rusiya Gürcüstana yenidən dönmək fikrindədir. 9 May bayramdır, mən də partiya üzvlərimizlə II dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılan memoriala baş çəkdim, əklil qoydum. Bu, bizim faşizmə qələbə çalan böyüklərimizə ehtiramımızdır. 9 Mayın bu gün Gürcüstanın 20 faizini işğal altında saxlayan, yarım milyon əhalimizi yurdundan didərgin salan Rusiya ilə heç bir əlaqəsi yoxdur. Ancaq bəlli qüvvələr bu günü bəhanə edərək Rusiyanı dünyanın xilaskarı kimi təqdim edir, Gürcüstana qarşı işğalçı siyasətə rəhbərlik edən Putinə sevgi aşılamağa çalışırlar. 9 May şər üzərində qələbə idi, bu gün həmin şər bizim üçün ərazimizi işğal edən Rusyadır. Tiflisin mərkəzində baş verən bu olaylar Rusiya xüsusi xidmət orqanlarının, onların dəstəyilə yaradılan strukturların fəaliyyətidir. Məqsəd ciddi maliyyə yardımları ilə vətəndaş cəmiyyətini, medianı ələ almaqlar, sosial şəbəkələrdən yararlanmaqla ictimai fikri dəyişdirməkdir. Faktiki olaraq Gürcüstana qarşı hibrid savaşı başladılıb. 10 il öncə ağlımıza da gəlməzdi ki, 2019-cu ildə kimsə Tiflisin mərkəzinə SSRİ bayrağı ilə çıxacaq, “Rusiya işğalçı deyil”, “Abxaziya Gürcüstan deyil”, “Biz Putini sevirik” şüaları səsləndirəcək. Mən şokdaydım... Bu bir daha Rusiyanın bölgədə nə qədər güclü şəbəkə qurduğunu, öz yumşaq gücünü topluma necə yeritdiyini və hakimiyyətin bu siyasət qarşısında passivliyini sübut edir. Bildiyimə görə, eyni ssenari Bakıda da işə salınıb. Kreml hər zaman olduğu kimi, Qafqazda eyni metodlarla işləyir.
 
- Baş verənlərin qarşısını necə almaq olar?
 
- Burada iki önəmli faktor var – xalqın immuniteti və iqtidarın davranışları. Xalqın immuniteti var. Ancaq hakimiyyət heç bir addım atmadıqca bu immunitet də zəifləyir. Bu gün ölkəyə müstəqillik əleyhinə olan istənilən yumşaq gücün daxil olmasının qarşısını iqtidar almalıdır. “Yumşaq” sözü yaxşı məna daşıyır, yumşaq güc isə olduqca təhlükəli tendensiyadır. Çünki yumşaq gücün məqsədi Gürcüstanın Avropanın bir parçası olmasının, sivil, inkişaf etmiş ölkə kimi inkişaf etməsinin qarşısını almaqdır. Silahsız, qansız yolla, ictimai fikri dəyişməklə bəlli qüvvələr Gürcüstanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyirlər. İqtidar bu haqda israrla sussa da, Gürcüstan müxalifəti baş verənlərin fərqindədir. Bizim Qərbdəki tərəfdaşlarımız da həmçinin. Qərbin duruma dərhal müdaxilə etməsi Gürcüstanın gələcəyi üçün çox önəmlidir. Ancaq bir məsələni dərk etmək gərəkdir ki, Qərb demokratiyasının əsas anlayışı azad seçkidir. Əgər Gürcüstan vətəndaşları demokratik qaydada Rusiyanı seçsə, Qərb durumu qəbul etməyə məcbur olacaq. Bunu bildiyi üçün Kreml məhz ictimai rəy üzərində işləyir. İqtidar bütün gücünü işə salaraq bu erroziyanı kəsib atmalıdır. “Gürcü arzusu”nun bugünkü susqunluğunu bu suyasətə dəstəyə bərabərdir.
 
Aygün Muradxanlı,
Musavat.com
Tiflis

Загрузка...
Загрузка...