​“Çox istərdim ki, Cümhuriyyətlə bağlı görülən işlərin içində mənim də zəhmətim olsun”- Ramiz Həsənoğlu

Baxış sayı: 
143

 
 
 
 
 
 
2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.
 
Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir.
Etiraf edək ki, Cümhuriyyətlə bağlı demək olar ki, işlənilməmiş bir məsələ də bu şanlı tarixin kino həllidir. Yəni, konkret olaraq, elə bir filmimiz yoxdur ki, onun mövzusu  birbaşa olaraq, Cümhuriyyətdən, onun xadimlərindən, 1918-20-ci illərdəki üzləşdikləri çətinliklərdən bəhs etsin.
Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu Moderator.az-a açıqlamasında Cümhuriyyətlə bağlı ekran əsərlərinin-istər bədii, istər sənədli-yaradılmasının vacibliyini bildirib. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili olduğunu nəzərə alaraq, bunun üçün lazımı vaxtın olduğunu da qeyd edib:
 
“Ölkə başçısının bu qərarı, fərmanı məni çox sevindirdi. Doğrudan da, belə bir ölkədə - Şərqdə ilk demokratik respublikanın qurulduğu məkanda-həmin tarixin 100 illiyini qeyd etmək çox şərəfli işdir. Biz sənət adamları da buna öz növbəmizdə münasibətimizi bildirməliyik. Hesab edirəm ki, bu və ya digər şəkildə hər bir yaradıcı insan, vətənini sevən şəxs hökmən bu tarixi qeyd etməlidir. Əlbəttə ki, hər yerindən duran bir film çəkməmılidir. Amma düşünürəm ki, istedadı çatan bacarığı yetən adam bu işə hər hansı formada öz münasibətini bildirməlidir. İstər dövlətin dəstəyi ilə, istərsə başqa vasitə ilə bu möhtəşəm tarixə öz dəstəyini əsərilə göstərməlidir. Daha çox söz demək olar, amma çox istərdim ki, bu istiqamətdə görülən işlərin içində mənim də zəhmətim olsun”.
 
Xalq artisti vacib məsələyə də toxunub: O, Cümhuriyyətlə bağlı görüləcək işlərin yalnız 28 may tarixinə qədər yekunlaşdırılmayacağını, ilin son gününə qədər bu yöndə çalışmağın vacibliyini vurğulayıb:
 
“İrihəcmli film, yauxd hər hansı janrda əsər hazırlanacaqsa, hökmən deyil ki, bu, məhz mayın 28-də tamamlanmalıdır. Ola bilsin ki, həmin ekran əsərinin hazırlanmasına, “alt yapı”sına daha çox müddət lazım oldu. 2018-ci il prezident tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Ona görə də, bu barədə görülən iş lap dekabrın 31-də də efirə gedə bilər. Bu barədə heç bir problem olmamalıdır”.
 
Qeyd edək ki, Ramiz Həsənoğlu hələ 1992-93-cü illərdə bir əsərində- “Kamança” pyesində Cümhuriyyət əhvalını yaratmışdı. Bu barədə özü maraqlı məlumatı xatırladır:
 
“Cümhuriyyət tarixinə aid bizim bəzi yazıçılarımızın əsərləri var. Burada Elçinin də, Anarın da o dövrlə bağlı əsərləri, publisistik esselərini xatırlada bilərik. Bunlardan bəhrələnərək, istər sənədli, istər bədii filmlər çəkmək çox yaxşı olardı.
Yeri gəlmişkən, onu da qeyd edim ki, müasir Azərbaycan kinosunda, vizual ekran sahəsində bu mövzu ilə bağlı bir örnək var; “İşarəni dənizdən gözləyin”. Səhv etmirəmsə, Çingiz ildırımın fəaliyyəti ilə bağlıdır. Lakin sovet düşüncəsinə, ideologiyasına yönəlik bir filmdir.
Öz növbəmdə onu deyə bilərəm ki, biz 1992-ci ilin axırlarında “Sabah” Yaradıcılıq Birliyində Cəlil Məmmədquluzadənin “Kamança” əsərinə üz tutduq. Əsər 1993-cü ildə işıq üzü gördü. Cümhuriyyətin taleyi bu və ya digər şəkildə özünün bədii həllini burada tapmışdı. Mirzə Cəlil bu əsəri ilə bizə yardımçı oldu və biz də Cümhuriyyət dövrünə münasibət bildirdik”.
 
Elmin Nuri
 

Загрузка...
Загрузка...