Cənubi Qafqazın hər an partlaya biləcək atom bombası: Ermənistan nüvə fəlakəti vəd edən Metsamor AES-dən siyasi şantaj məqsədilə də yararlanır...

Baxış sayı: 
110
2  
0  

 
Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Bu AES-in tikintisinə 1973-cü ildə başlanılıb və 1979-cu ildə isə istismara verilib.
Ən pisi də odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulmuşdu. İndi həmin müddət 40 ili aşıb.
 
Ancaq Ermənistan hakimiyyəti bu AES-dən imtina etmək niyyətində deyil. Halbuki Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən, rəsmi İrəvan bu AES-i qapatmaq barədə öhdəlik götürmüşdü. Və həmin öhdəlik hələ də yerinə yetirilməyib.
 
Əksinə, rəsmi İrəvan Ermənistanın elektrik enerjisinə olan tələbatının təxminən 40 faizinin məhz bu AES hesabına ödəndiyini bəhanə edərək, onun istismar müddətini 2026-cı ilə qədər uzadıb. Son vaxtlarsa, Ermənistan AES-də rekonstruksiya işlərinin sayəsində stansiyanın ömrünü 2037-ci ilə qədər uzatmaq niyyətində olduğunu bəyanlayıb.
 
Məsələnin bir maraqlı tərəfi də var ki, Ermənistan fəlakət mənbəyi olan bu AES-i öz maliyyə resursları hesabına işlək vəziyyətdə tutmağa qadir deyil. Rəsmi İrəvan bu obyektdən yararlanaraq, Avropa Birliyi də daxil olmaqla, bir çox beynəlxalq qurumları şantaj edir. AES-in istismar xərclərini həmin beynəlxalq qurumların ayırmaq məcburiyyətində qaldığı qrantlar hesabına təmin edir.
 
Ermənistan maliyyə yardımlarını almağa həvəsli olsa da, Metsamor AES-in demontajı ilə bağlı tələbləri yaxına belə, buraxmır...
 
 
İndiyə qədər Avropa Birliyinin və digər beynəlxalq qurumlarının bu AES-in saxlanılmasına 100 milyon avrodan artıq maliyyə vəsaiti xərclədiyi bildirilir. Eyni zamanda, Avropa Birliyi AES-in ümumiyyətlə, qapadılması üçün daha 100 milyon avro kompensasiya təklif etdiyi də reallıqdır.
 
Ancaq rəsmi İrəvan paranı almağa həvəsli olsa da, AES-in demontajını yaxına belə, buraxmır. Hətta Ermənistanın AES-in rekostruksiyası üçün Rusiyadan 300 milyon dollar kredit aldığı da iddia olunur.
 
Son məlumatlara görə, Rusiya artıq bu kreditin köçürülməsi prosesini dondurub. Paşinyan hakimiyyəti ilə ciddi ziddiyyət içərisində olan Kreml rəsmi İrəvana yardımı sürdürmək niyyətində deyil.
 
Təbii ki, belə vəziyyət bütün Cənubi Qafqaz dövlətlərini, eləcə də Türkiyə və İranı nüvə təhlükəsi ilə üzləşdirir. Çünki bu AES-də reaktorlardan hətta birisinin partlaması belə, bütün regionu radiaktiv külün altına sala bilər.
 
Rusiya mütəxəssislərinin hesabatına görə, Metsamor AES-in yerləşdiyi ərazidə iki tektonik qırılma - fay xətti mövcuddur...
 
 
Məsələ ondadır ki, bu AES aktiv zəlzələ zonasında yerləşir. Rusiya mütəxəssislərinin hesabatına görə, AES-in yerləşdiyi ərazidə iki tektonik qırılma - fay xətti mövcuddur. Birisi AES-dən 19 km, digəri isə 0,5 km məsafədə olan həmin tektonik qırılmaların zəlzələyə yol açacağı təqdirdə, bu obyekt region və ətraf ölkələr üçün əsl atom bombasına çevrilə bilər.
 
Metsamor AES-in yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq, inşa edildiyi iddialar arasındadır. Lakin onun yerləşdiyi ərazi 9 və daha yuxarı bal gücündə zəlzələ riski daşıyır.
 
AES-in təhlükəsizlik standartları köhnə və etibarsızdır - bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən etiraf edilmiş reallıqdır. AES-in üzərində qoruma qalxanı yoxdur və qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır.
 

Beynəlxalq mütəxəssislərin rəyinə görə, Metsamor AES-də qəza olarsa, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc partlayışın nəticələrindən heç də geri qalmaya bilər...
 
 
Rəsmi İrəvan bu AES-in yaratdığı təhlükə riskindən öz siyasi maraqları çərçivəsində yararlanmağa da çalışır. AES-in bağlanmasının qarşılığında tələb edir ki, AB Ermənistanın regional iqtisadi layihələrdə iştirakını təmin etməlidir. Eyni zamanda, Azərbaycan və Türkiyə Ermənistana tətbiq edilən embarqoya son qoyaraq, sərhədləri açmalıdır. AES-lə heç bir əlaqəsi olmayan bu tələblərin məntiqi izahı isə siyasi şantajdan başqa bir şey deyil.
 
Hər kəsə aydındır ki, bu AES Cənubi Qafqaz və regionətrafı dövlətlər üçün real fəlakət mənbəyidir. Və bu AES-in birdəfəlik bağlanması, demontaj olunması milyonlarla insanın həyatı üçün böyük önəm daşıyır.
 
Beynəlxalq mütəxəssislərin rəyinə görə, AES-də qəza olacağı təqdirdə, radioaktiv tullantıların və digər fəsadların Cənubi Qafqaz dövlətləri ilə yanaşı, Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Və hesab olunur ki, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc qəzanın nəticələrindən heç də geri qalmaya bilər.
 
1462080097_img2070234.jpg (22 KB)
 
Ermənistanın bəzi generallarının Metsamor AES-dəki nüvə tullantıları hesabına "çirkli bomba"lar hazırladıqlarını bəyanlaması daha ciddi və sərt reaksiyalar üçün əsas yaradır...
 
 
Digər tərəfdən, Ermənistanın nüvə tullantılarının bir hissəsini Araz çayına axıtması, müəyyən hissəsini isə işğal altındakı ərazilərdə basdırması da regionun gələcəyinə fəlakət vəd edən "mina" rolunu oynayır. Eyni zamanda, Ermənistanın bəzi generallarının AES-dəki nüvə tullantıları hesabına "çirkli bomba"lar hazırladıqlarını bəyanlaması da daha ciddi və sərt reaksiyalar üçün əsas yaradır.
 
Ermənistanda bəzi vəzifəli şəxslərin AES-dən qaynaqlanan nüvə materiallarının qaçaqmalçılığı ilə məşğul olmaları barədə məlumatlar da mövcuddur. Həmin nüvə materiallarının beynəlxalq terror təşkilatlarının əlinə keçəcəyi təqdirdə, baş verəcəkləri təsəvvür etmək çətin deyil. Üstəlik, bu sıraya öz sərhədlərini belə, qoruya bilməyən Ermənistanda AES-in terrorçuların hədəfinə çevrilə biləcəyi də əlavə oluna bilər.
 
Göründüyü kimi, bu AES bütün region, hətta dünya üçün olduqca ciddi təhlükə mənbəyidir. Ona görə də təhlükə ilə üzləşmək riski olan bütün dövlətlərin bir araya gələrək, Metsamor AES-in birdəfəlik qapadılmasını inkaredilməz faktlarla əsaslandırması və MAQATE də daxil olmaqla, əlaqədər beynəlxalq qurumlara ortaq müraciət etməsinin vaxtı çoxdan çatıb. Yalnız təhlükə riski ilə üz-üzə olan bütün dövlətlərin ortaq tələbi ilə bu fəlakət mənbəyini zərərsizləşdirmək mümkün ola bilər.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Загрузка...
Загрузка...