​Cənubi Qafqaz “Qərb-Rusiya-Çin” üçbucağında - Azərbaycan və Gürcüstan rəsmi Pekindən razıdır, Ermənistan isə...

Baxış sayı: 
52
1  
0  

 
Cənubi Qafqaz mövzusu - Ermənistan, Azərbaycan və Gürcüstan - tez-tez Qara dəniz bölgəsində və Böyük Orta Şərqdə beynəlxalq təhlükəsizlik məsələlərinin geniş əhatəsində gündəmə gətirilir. Münaqişələrin yüksək səviyyədə cəmləşməsi, qonşu güclərlə fərqli münasibətlərin formalaşması və regional inteqrasiyanın zəifliyi bölgənin yalnız Rusiya ilə Qərb arasındakı qarşıdurmada poliqona çevrilən məkan kimi qəbul olunmasına gətirib çıxarıb. Ancaq bu bölgəyə üçüncü bir oyunçu- Çin də daxil olmaqdadır. Son illərdə Çinin Cənubi Qafqazla əməkdaşlığının artması rəsmi Pekinin bölgədəki təsirini gücləndirib.
 
Ermənistan, Azərbaycan və Gürcüstanı Çinin xarici siyasətində prioritet sahələr kimi təsəvvür etmək belə mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqaz Çinin iqtisadi layihəsi olan qlobal kəmərin yol infrastrukturu və investisiya strategiyasından dolayı Pekini maraq dairəsindədir. Çinin xarici işlər naziri Vang Yinin hər üç ölkəyə may ayında etdiyi səfər elə bu maraqdan doğmuşdu. Rusiyanın ingilisdilli “The Moscow Times” qəzeti belə yazır.
 
Çin 2015-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycanla İpək Yolu təşəbbüsündə iştirakına dair müxtəlif sənədlər imzalayıb. 2017-ci ildə Çin postsovet məkanında ilk dəfə Gürcüstanla sərbəst ticarət sazişinə imza atdı.
 
Çin Azərbaycana xüsusi diqqət yetirir. Cənubi Qafqaza daxil olan Çin mallarının 40 faizi Azərbaycanın payına düşür. Çinin dövlət şirkəti “CTIEC Group” Bakıda böyük bir sement zavodunun inşasında iştirak edib və Pekin Asiyadan Avropaya pəncərə olaraq Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunu görür və bu yola böyük maraq göstərir. Hal-hazırda Çin Cənubi Qafqaza Avropaya çıxış üçün əhəmiyyətli tranzit ərazi kimi baxmır. Çox şey planlar və bəyanatlar səviyyəsində qalır, ancaq vəziyyətin belə qalacağını söyləmək yanlış olardı.
 
İnfrastruktur proqramları baxımından Ermənistanın mövqeyi o qədər də güclü deyil: ölkənin dörd sərhəddindən yalnız Gürcüstan və İranla olanlar açıqdır, buna görə də Ermənistan bir çox regional daşınmalarda və enerji layihələrində iştirak etmir. Buna baxmayaraq, Ermənistan Avrasiya İqtisadi Birliyi ilə Tehran arasındakı bağlayıcı bir əlaqə olaraq Pekini maraqlandırır. İdxal baxımından Çin artıq strateji müttəfiqi Rusiyadan sonra Ermənistanın ikinci ən böyük tərəfdaşıdır.
 
Cənubi Qafqaz təkcə iqtisadi səbəblərə görə Çin üçün vacib deyil. Artıq bir neçə ildir ki, Pekin Sincan-Uyğur Muxtar Bölgəsindəki radikal müsəlmanların problemləri ilə məşğul olur. Orta Şərqə coğrafi yaxınlığı ilə Qafqaz bölgəsi bu təhlükə ilə mübarizə kontekstində də önəm daşıyır. İslam Dövləti (İŞİD) terror təşkilatının əsas fiqurları Gürcüstanın Pankis dərəsindən çıxanlardı və “Soufan Group” təhlükəsizlik kəşfiyyat xidmətinin məlumatına görə, 2017-ci ildə İŞİD sıralarında 900 Azərbaycan, 200 isə Gürcüstan vətəndaşı döyüşüb.
 
Cənubi Qafqaz xalqlarının Çin ilə əməkdaşlıq etmək istəməsinin öz səbəbləri var. Ərazi itirən və separatizmlə ciddi problemi olan Gürcüstan və Azərbaycan üçün Çinin ərazi bütövlüyü prinsiplərini ardıcıl şəkildə dəstəkləməsi son dərəcə gərəklidir. Çinin Tayvan, Tibet və Sincan ilə oxşar problemləri var və əlbəttə ki, həmin ərazilərə hər hansı bir xarici müdaxiləni təqdir etməz.
 
Tiflisə səfər edərkən Çinin xarici işlər naziri Vang Abxaziya və Cənubi Osetiya probleminə baxmayaraq "Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə" hörmət etdiyini bildirdi.
 
Bundan məmnun olan Azərbaycan Prezidenti İlham Əliyev isə Çin nazirinə belə dedi: “Tayvan məsələsinə gəldikdə isə ölkəmiz həmişə Çinin ərazi bütövlüyü mövqeyini dəstəkləyir. Bu mövqe dəyişməyəcək".
 
 
 
Vəziyyət tamamilə qara və ağ deyil. Dünyanın güc mərkəzlərindən bərabər məsafədə dayanan rəsmi Bakı Pekin ilə münasibətlərdə manevr üçün daha çevik imkanlara sahibdir, Tiflisin Çinlə yaxınlaşması isə mütəmadi olaraq Qərbin tənqidi ilə müşahidə olunur. NATO və Avropa Birliyinə qoşulmağa can atan Gürcüstan isə Amerikanın sərt bəyantlarına baxmayaraq Çinlə daha da yaxınlaşdı.
 
“The Moscow Times” qəzeti yazır ki, Rusiya ilə Qərb ölkələrin ərazi bütövlüyü məsələsində stabil mövqe sərgiləmir. Bu məsələ isə Gürcüstan və Azərbaycan üçün xüsusi ilə vacibdir. Çin isə Kosovo, Abxaziya və Krımda baş verənlərdən asılı olmayaraq xarici siyasətində ardıcıllıq nümayiş etdirir və bu kimi bölgələrə mənfi münasibəti ilə seçilir.
 
Rəsmi Pekinin etno-siyasi münaqişələrin həllində iştirak etmək şansı yoxdur. Çinin yanaşmasına görə, “Rusiya Cənubi Qafqaza ənənəvi olaraq təsir göstərdiyi üçün bölgədə müsbət rol oynaya bilər. Beləliklə, Rusiya ilə Gürcüstan arasındakı problemlər yalnız bu iki ölkə tərəfindən həll edilməlidir. Çin onların işlərinə qarışmayacaq".
 
Elbəyi Həsənli, Sürix
Musavat.com

Загрузка...
Загрузка...