​Cəmiyyət yeni lider axtarışında

Baxış sayı: 
251
0  
0  

 
 
Azərbaycanı böhrandan kim və yaxud hansı qüvvə çıxara bilər?
 
Sözümə əsrlərin sınağından çıxmış “Kəlilə və Dimnə” kitabından bir statla başlamaq istəyirəm. Sual olunur: qoyun sürüsü qalib gələr, yoxsa şir sürüsü? Cavab belə olur:
- Əgər qoyun sürüsünün başında şir, şir sürüsünün başında qoyun gələrsə, qoyun sürüsü qalib gələr!
Bəlli olduğu kimi, Azərbaycan xalqı spontan şəklində müxtəlif rayonlarda sosial tələblərlə etiraza qalxdı. Hakimiyyət isə bu etirazlara ənənəvi metodlarla cavab verdi. Belə ki, öz haqqı uğrunda meydana çıxan insanları zorakılıqla susdurmağa çalışdı.
Sual oluna bilər ki, etirazlar nədən başladı? Xalqın tələbi nədir? İndiyə qədər nə üçün xalq belə etirazlar etmirdi? Bu sualların cavabını bircə kəlmə ilə vermək olar: böhran və böhranın ağırlığını hakimiyyət bütünlüklə xalqın belinə yüklədi və bu yükə tab gətirməyən insanlar etiraz etməyə məcbur oldu.
Bu etirazları ilk şokun əlaməti də saymaq olar. Təbii ki, daha kütləvi etiraz dalğasının hələ bir neçə ay sonra olacağı da proqnozlaşdırılır.
Əlbəttə, xalqımız hələ də qəbul etmək istəmir ki, bu günkü böhranın əsas səbəbi dövlətin idarəetmə sistemindədir. Daha dəqiq desək, mövcud avtoritar rejimdə. Nə qədər ki, Azərbaycan bir qrup şəxsin iradəsi ilə idarə olunacaq, belə böhranlar çox olacaq.
Bu səbəbdən, əslində xalqın etirazı qiymətlərin bahalaşmasına, manatın dəyərdən düşməsinə və s. deyil, idarəçilik sisteminə olmalıdır. Yəni sosial tələblər bir tərəfə qoyulmalı və Azərbaycanda demokratikləşmə tələb edilməlidir.
Əlbəttə, bu istiqamət də tələblər də aktuallaşmaqdadır. Çünki “yatmış şir” yavaş-yavaş ayılır. Acdır axı...
Hələ 1988-ci ildə Meydan hərakatı dövründə də Qarabağ məsələsi əsas ideya birləşdiricisi olsa da, o zaman da əsasən sosial tələblər irəli sürülürdü. Həmin dövrdə də mənasız fikirlərə söykənən şüarlar irəli sürülürdü. Məsələn: “Qurban olum Qarabağın daşına, daşı düşsün erməninin başına”, “Hava yaman bürküdür, ermənilər tülküdür”. Hansı ki, məhz bu təfəkkürlə Qarabağ faktiki olaraq “əlmizdən getdi”.
Son günlər xalq yenidən lider axtarışına çıxıb. Doğrudur, bəzi insanlar indiki müxalifətin müəyyən liderlərini qəbul edirlər. Əksəriyyət isə mövcud müxalifəti bütövlükdə inkar edir və tamamilə yeni simanın hakimiyyətə gəlməsini arzulayır. Elə qüvvələr də var ki, bu hakimiyyətin içərisində hansısa məmuru birinci şəxs qismində görmək istəyir. Başqa bir qrup isə vaxtilə bu hakimiyyətdə təmsil olunmuş, sonradan müəyyən səbəblərdən bu rejimə qarşı çıxan şəxslərdən nicat gözləyir. Deyir ki, filankəs korrupsioner məmur ordusuna qarşı çıxırsa, deməli, ədalətsizliyə qarşıdır və s.
İlk baxışdan belə təsəvvür etmək olar ki, xalqımız artıq demokratik təfəkkürlü, ədalətli, korrupsiya və rüşvətə qarşı mübarizə aparacaq lider axtarışındadır. Lakin vaxtilə həmin keyfiyyətlərə cavab verən lideri – Əbülfəz Elçibəyi “qətiyyətsiz” adlandıran, avtoritar lider - Heydər Əliyevə dəstək verən bu xalq deyildimi?! Hansı ki, əksəriyyət H.Əliyevin xarizmatik lider olduğunu əsas gətirərək, onun prezident olmasını dəstəklədi. Həmin vaxt çoxları iddia edirdilər ki, guya, Elçibəy qətiyyətli deyil, ətrafındakı yarıtmaz siyasətçilər ona xəyanət edir və s. Sonra necə oldu? H.Əliyev hakimiyyətə gəldi, özündən sonraya qoyduğu komanda da neftdən gələn milyardları sıfrladı. Bu xalqa belə bir lidermi lazım idi?
Bir sözlə, biz nə qədər ki, bu düşüncə ilə yaşayırıq, nə qədər ki, bir şəxsin və ya bir qrup şəxsin düşüncəsi ilə idarə olunacağıq, sonumuz bundan fərqli olmayacaq!
Əslində, baş verən proseslər onu göstərir ki, insanlarımız hələ də demokratiyaya hazır deyil, hər kəs daha çox bir qarın çörək haqqında düşünür. Bu cür təfəkkürlə isə demokratik dövlət qurmaq mümkün deyil.
Əlbəttə, ölkəni idarə edəcək liderin keyfiyyətlərindən də şox şey asılıdır. Məsələn, Saakaşvili qısa müddətdə çökməkdə olan Gürcüstanı ayağa qaldırmaqla yanaşı, gürcü millətinin təfəkkürünü də dəyişməyi bacardığı kimi, Azərbaycanda da belə bir liderə ehtiyac var. Bu lider ölkənin inkişafına nail olmaqla yanaşı, cəmiyyətin Sovetdən qalma təfəkkür tərzini də dəyişməyi bacarmalıdır.
Belə ki, yeni lider cəmiyyəti öz ideyaları ilə ayağa qaldırmalı, milli kimliyimizin formalaşması, gələcək nəsillərin əsl demokrat kimi yetişməsinə çalışmalıdır. Bu lider sahib olacağı vəzifəni özünün şəxsi aləti kimi deyil, xalqa xidmət etmək üçün qəbul etməlidir. Cılız hisslərdən, köhnə intriqalardan uzaq, barışdırıcı, birləşdirici mövqeyə sahib olmalıdır. Bir sözlə, xalqını düşünən onun hər acısına ağrısına yanan bir şəxsiyyət!
Belə olarsa, Azərbaycanda mövcud böhrandan xilas olmaqla yanaşı, qısa müddətdə ölkəmizin inkişafına da nail ola bilərik. Bu zaman vətəndaşlarımızın də dövlətə olan inamı bərpa olunar və hər kəs dövlətçilik marağını şəxsi marağından öndə tutmağı bacarar!
 
Anar QASIMOV

Загрузка...
Загрузка...