Ceyhun Bayramov: "Son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub" - FOTOLAR

Baxış sayı: 
21
1  
0  

 
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva konfransın əhəmiyyətinə toxunaraq uğurla həyata keçirilən təhsil siyasətindən, əldə edilən nailiyyətlərdən və yeni tədris ili üçün nəzərdə tutulan əsas prioritetlərdən danışıblar.
 
Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən tələbə Fidan Əhmədova çıxış ediblər.
 
Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
 
Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”,  “STEAM-ın milli kurikulumun tərkib hissəsi kimi” və “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzuları müzakirə ediləcəyi bildirilib.
 
***
 
Müəllimlərin əmək haqqı məsələsinə də toxunan nazir bildirib ki, son artımdan sonra 5000-dən çox müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır:
 
 
 
"Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir".
 
***
 
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib.
 
Musavat.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək mərhum prezident  Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
 
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.
 
Daha sonra konfrans öz işinə başlayıb.
 
Konfransda Təhsil naziri Ceyhun Bayramov, deputatlar , yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və  təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
 
Tədbirdə "Təhsil" televiziyasının 2018-2019-cu tədris ili ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
 
Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
 
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ceyhun Bayramov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb:
 
"Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar".
 
Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.
 
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.
 
Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək:
 
"Eyni zamanda növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq".
 
Nazir qeyd edib ki, təhsil sferası hər bir fərdin istər şəxsiyyət, istərsə də peşəkar kimi formalaşmasını təmin etməlidir:
 
"Bunun üçün müvafiq işləri görürük. Eyni zamanda yenilikləri ictimai müzakirəyə çıxarıb, buna uyğun qərarları veririk".
 
 


Əli Rais,
Musavat.com

Загрузка...
Загрузка...