​Cahangir Hacıyevin məhkəmədə özünü təmizə çıxarmaq cəhdi və talan edilən milyardlar...

Baxış sayı: 
231
1  
0  

 
Beynəlxalq Bankın sabiq rəhbəri ifadəsində deyir ki, suçsuzdu; bəs həyat yoldaşının Londonda xərclədi milyonlar, aldığı malikanələr, içdiyi bahalı şərablar hardandır?
 
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bankir Cahangir Hacıyev və 21 şəxsin işi üzrə proses davam edir. İş üzrə keçirilən son prosesdə Cahangir Hacıyev sərbəst ifadə verib. İttiham tərəfini işlə tanış olmamaqda suçlayan sabiq bankir 4 milyard 700 milyonluq mənimsəmədə ittiham edilməsini absurd olduğunu diqqətə çatdırıb.
 
“Bu rəqəm bilirsiz nə deməkdir? Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Hətta niyyət olsa belə, bu qədər vəsaiti mənimsəmək mümkün deyil. 4.7 milyard Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Valyuta ehtiyatları 5.5 milyarddır, o vaxt 4 milyard idi. İttihamlar əsasən Moskva filialı ilə bağlıdır. Moskva filialının aktivləri 2 milyard olduğu halda, 4.7 milyardlıq mənimsəmə necə ola bilər?” deyə, sabiq bankir sual edib.
 
İfadəsinin davamında bildirib ki, 2015-ci ilin martında öz ərizəsi ilə işdən çıxıb: “Biz 2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq. Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Bizim dövrümüzdə aparılan yoxlama peşəkar idi. Çünki mən sədr idim, demişdim, bütün lazımi sənədlər Vergilər Nazirliyinə təqdim olunsun. Bankın əsas göstəricisi kapitaldır. Mən 2001-ci ildə İdarə Heyətinin sədri olanda kapital 2.5 milyon idi. 2015-ci ildə vəzifədən gedəndə 708 milyona çatmışdı. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim mifik milyardlarımı axtarmaqla deyil. Mən dövlət qulluqçusu olmamışam. Özümün də biznesim olub. Bu işdə cinayət yoxdur. Bizə qarşı konkret sübut-dəlil ortaya qoyulmayıb. Qanunla kreditin üstünə faiz gəlib tələb etmək olmaz. Bu işdə üstünə dəbbə pulunu, hələ devalvasiyanı da gəlib, rəqəmləri şişirdiblər. Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də ”Akkord"a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı. Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyard gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə, cinayətləri bizim üstümüzə yazmaqla deyil".
 
“O, zaminliklə bağlı məsələlərin üstündən keçir”
 
Cahangir Hacıyevin məhkəmədəki fikirlərini şərh edən hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, onun sözlərində müəyyən həqiqət var: “Cahangir Hacıyevin deyəndə ki, bank rəhbərliyindən gedəndə bankın 7 milyard aktivi olub, amma hazırda onu 10 milyard oğurlamaqda ittiham edirlər, "bu necə ola bilər" sualını verir. Əvvəlki açıqlamalarımda “AzMeCo” metenol zavoduna hansı şərtlərlə zamin dayandıqlarını demişdim. “AzMeCo”ya görə “Bank VTB”yə qarantiya vermişdilər. Belə hallar da çox olub. Yəni əvvəl gündən bilinirdi ki, “AzMeCo” “Bank VTB”dən aldığı 20 milyon dolları qaytarmayacaq. Həmin kredit məsələsi belə olmuşdu ki, 2011-ci ildə “AzMeCo” metanol zavodu “Bank VTB”dən 20 milyon dollar kredit götürmək istəyirdi. Nizami Piriyev bankdan 20 milyon dollar kredit istəyirdi. Lakin ona kredit verilməsi üçün qarantiya lazım idi. O dövrdə Beynəlxalq Bank həmin qarantiyanı vermişdi. Halbuki Beynəlxalq Bank belə bir riskli işə nəinki 20 milyon dollar, heç 200 dollar belə kredit verməməli idi. Piriyevin layihəsi sırf kredit almaq üçün idi. Nizami Piriyev kimilər də kredit oliqarxları idi. Krediti alıb mənimsəyəcəkdilər. Bu əvvəldən məlum idi. “Bank VTB”yə Cahangir Hacıyev 1 il müddətinə qarantiya verdi. Beynəlxalq Bank “AzMeCo”ya zamin dayandı, 20 milyon dollarlıq kreditin qaytarılmasını faktiki öz üzərinə çəkdi. 1 ildən sonra əlbəttə ki, “AzMeCo” krediti qaytarmadı. 20 milyon dollar beləcə Beynəlxalq Bankın borcuna çevrildi və “Bank VTB” həmin pulu Beynəlxalq Bankdan aldı. Sonradan eyni sxemlə “AzMeCo” Beynəlxalq Bankın zaminliyi ilə ən müxtəlif xarici banklardan da 100 milyon dollarlarla kredit alıb! Bildiyim qədər təkcə “AzMeCo”nun Beynəlxalq Bankın zaminliyi ilə 400 milyon dollarlıq krediti olub. Həmin kreditlər verilməmişdən geri qayıtmayacağı da bilinib. Bu təkcə mənim şahidim olduğu 1 epizod üzrə kredit verilməsinin təfərrüatıdır.
 
 
Cahangir Hacıyev deyəndə ki, 2 milyard kredit vermişəm, o, zaminliklə bağlı məsələlərin üstündən keçir. Yəni 2 milyardlıq kreditlə yanaşı, 10 milyardlıq zaminlik müqaviləsi haqda danışmalı olsa da, bunun üstündən keçir. Verilən zaminlik kredit portfelinə daxil deyil. Çünki bankdan həmin müqavilə bağlanarkən pul çıxmır. Sonra zamin dayandıqları zavodların sahibləri, ayrı-ayrı iş adamları kreditlər üzrə pul ödəməyəndə, avtomatik kredit müqavilələri üzrə öhdəliklər zaminin üzərinə transfer olunur və bankın kredit portfelinə daxil olurdu.
 
Yəni Beynəlxalq Bank kredit verməyib deyə balansında aktiv kimi görünmür, balans arxasında görünür. Əgər Nizami Piriyev kredit aldığı bankın kreditini qaytarmayanda Beynəlxalq Bank həmin krediti qaytarmaq məcburiyyətində qalır və həmin kredit  aktivə gəlir. Beynəlxalq Bankın belə qarantiyaları çox olub. Cahangir Hacıyev postunu təhvil verəndə mümkündür ki, bank mənfəətdə olsun, sonrası isə qarantiyalar aktivə çevriləndə mənfəət də qarantiyaların ödənməsinə gedib. Bu baxımdan Cahangir Hacıyev bu məsələlərin üstündən sükutla keçir".
 
“Cahangir Hacıyev demək istəyir ki, yaxşı, mən bu işləri görürdümsə...”
 
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Beynəlxalq Bankın yarıdan çoxu dövlətə məxsus olduğu üçün dövlətin bütün əməliyyatları həmin bank üzərindən gerçəkləşdirilib: “Təqaüdlərin, maaşların verilməsi, həmin kartların təmin olunması, dövlət xətti ilə alınacaq istənilən məhsulların və digər sifarişlərin icrası əsasən Beynəlxalq Bank vasitəsi ilə həyata keçirilirdi. Xarici və daxili əməliyyatlarda əksər layihələr üzrə operator rolunu oynayırdı. Ona görə də vəsait çatışmazlığı problemi də yox idi. Sadəcə həmin vəsaitin ölkədən çıxarılması zamanı başqa nəzarətedici orqanlar buna reaksiya verməli idi. Amma bu şəxsin kifayət qədər imkanları var idi ki, maxinasiyalar yolu ilə pul mənimsəsin. Beynəlxalq Bankın Moskva filialı açılanda 2 milyon nizamnamə kapitalı olması mümkündür. Çünki Moskva filialı 100 milyonlarla kredit veribsə, onun 2 milyon aktivi necə ola bilərdi?”
 
“Milyardlarla dollar məbləğində kreditlər Moskvada əksər hallarda...”
 
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin isə Cahangir Hacıyevin fikirlərinə  münasibət olaraq bu arqumentləri yada salaq:
 
“1. Xarici maliyyə institutlarından cəlb olunan milyardlarla dollar məbləğində kreditlər Moskvada əksər hallarda adı olub, əslində mövcud olmayan layihələrin veksellərinin alınması üçün köçürülüb. Buradan isə ofşor zonalara göndərilərək iz itirilib, beləliklə də mənimsənilərək nəğdləşdirilib;
 
Abxaziyada tikinti layihələri, zavodlar və yol infrastrukturu adı ilə bir neçə yüz milyon dollar mənimsənilib;
 
Təkcə Albaniyada neftayırma zavodunun tikintisi adı ilə 300 milyon dollardan çox vəsait mənimsənilib;
 
Cahangir Hacıyev hətta Əfqanıstana da “investisiya” qoyurmuş. Burada neftayırma zavodu adı ilə milyonlar mənimsənilib;
 
Qazaxıstanda neft yataqlarının işlənməsinə 100 milyonlarla dollar vəsait xərclənib və silinib;
 
Afrikada qızıl zavodu tikintisi adı ilə milyonlar silinib;
 
İntertekstil toxuculuq kombinatı, Şüşə zavodu, Kağız kardon məhsulları zavodu, Fındıq zavodu, Şəkidə ət kombinatı, tikinti kombinatı və.s daxil olmaqla 20-dən çox layihə Beynəlxalq Bankın vəsaitləri hesabına maliyyələşdirilib. Amma əslində həmin zavod, fabrik, kombinatların tikintisinə Beynəlxalq Bankdan ayrılan vəsaitin heç 20 faizi xərclənməyib, 80 faizdən çoxu mənimsənilib;
 
Hacı İbrahimin Xəzər adalarına 600 milyon manatdan yuxarı “kredit ayrılıb”, amma əslində heç 100 milyon manat xərclənməyib, kredit mənimsənilib.
 
Cahangir Hacıyevin yaxın dostu Dünyamin Xəlilovun idarə etdiyi 40-dək iri şirkətlər, zavod, fabrik və kombinatların qurulması üçün rəsmiləşdirilən vəsaitlərin 80 faizindən çoxu mənimsənilib;
 
7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kulubu almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, 1 gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olub. Bunlar Böyük Britaniya hüquq-mühafizə orqanlarının aşkarladığı faktlardır.
 
London məhkəməsi Zamirə Hacıyevanın 55 milyon dollara Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb".
 
Mərkəz rəhbəri fikirlərini “Yəqin ki, məhkəmə istintaqı bu siyahını daha da genişləndirəcək” deyə, yekunlaşdırıb.
 
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...