"Bu şəxslər yaxın aylarda azadlığa buraxıla bilər" - MÜSAHİBƏ

Baxış sayı: 
125
2  
0  

Turaninfo.org teleqraf.com-a istinadla hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir.
- Novella xanım, uzun müddətli fasilədən sonra dünən Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupun toplantısı keçirilib. Toplantıda iştirak edən bir şəxs kimi təəssüratınız necədir?
- Bəli, İşçi Qrupun iclası keçirildi. Ancaq sizə deyim ki, biz indiyə qədər hüquq müdafiəçisi olaraq özümüz də toplanır, iclaslar keçirirdik. Son 2 ildə bizim azı 10 dəfə toplantımız olub. Özümü məsələləri müzakirə edərək vacib saydığımız problemləri İşçi Qrupda iştirak edən dövlət qurumları qarşısında qaldırmışıq, təkliflərimizi hökumət nümayəndələrinə çatdırmışıq. Həm də vacib deyildi ki, hamımız bir yerdə görüşüb müzakirə aparaq. Məsələn, prezidentin son əfv fərmanından öncə biz prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovla görüşmüşdük. Təkliflərimizi və siyahımızı ona təqdim edib fikirlərimizi diqqətinə çatdırmışdıq.
Əfv sərəncamından sonra İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupun toplantısının keçirilməsi vacib idi. Biz öz fikirlərimizi dedik, eyni zamanda işimizin hədər getmədiyi üçün minnətdarlığımızı ifadə etdik. Sonuncu əfv fərmanı hər yerdə gözəl rezonans verib. Ancaq biz öz işimizi sona qədər aparmalıyıq. Yəni ölkəmizdə problemli məhbus məsələsi tam qurtarmalıdır.
- Konkret toplantıda hansı məsələləri müzakirə etdiniz?        
- Biz əsasən əfvə düşməyən şəxslərin məsələlərini qaldırdıq. İnşallah onlar maya qədər və ya yaxın aylarda azadlığa buraxılar. Həmçinin prezidentin son islahatlar haqda sərəncamının icrasına toxunduq. Dünən biz iclasda olanda prezident məhkəmə sistemində islahatlar haqqında qərar verdi. Fuad Ələsgərov bu islahatlar haqqında bizə geniş məlumat verdi, biz də nəzərə çatdırdıq ki, islahatların icrası çox vacibdir. İslahatların aparılması haqda qərar verilir, amma onların icrasının necə aparıldığı da əhəmiyyətlidir. Biz bir çox məsələlərə toxunduq. Bu qarşılıqlı hörmət əsasında aparılan açıq və nəticəli müzakirələr idi.
- Bundan sonra necə olacaq, əməkdaşlıq davam edəcəkmi?
- Əməkdaşlıq onsuz da var idi. Sizin xoşunuza gəlib-gəlməsə də, hamının bir yerə toplaşması vacib deyil. Biz əməkdaşlıq edirdik, yəni hərə öz komandası ilə lazım bildiyi məsələləri qaldırırdı. Bəli, insanlar vardı ki, Fuad Ələsgərovla tez-tez görüşürdü, biz daha çox Daxili İşlər Nazirliyi, Azay Quliyev, Səməd Seyidovla, prokurorluqla görüşlər keçirirdik. Yəni bunlar ayrı-ayrılıqda olan görüşlər idi. Bir də var hamımız bir yerdə müzakirələr aparaq. Biz son iclasda məsələ qaldırdıq ki, 3-4 aydan bir belə tərkibdə toplantı keçirək. Qnaətimcə, bu təklifimiz nəzərə alınacaq.
- İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupda müxtəlif dövlət strukturları da təmsil olunur. Onların sizin qaldırdığınız məsələlərə reaksiyası necədir?
-Normal münasibət bəslənilir. Çox konstruktiv dialoq mövcuddur və bunun da nəticələri olur. .
- Siz adətən Avropa Şurası Parlament Assambleyasının sessiyalarında iştirak edirdiniz. Ancaq son illər bu qurumun toplantlılarına qatılmırsınız. Səbəb nədir?
- Getməyi planlaşdırırıq. Ümid edirəm ki, AŞPA-nın yay sessiyasında iştirak edəcəyik. Bilirsinizmi, əslində biz problemlərimizi özümüz həll edə bilərik, əslində buna qadirik. Və diqqətlə baxsanız görərsiniz ki, problemlərin həlli də baş verir. Biz bunun üçün çalışırıq. Bizim xaricdə olan mühacirlərin çoxu bizimlə həmrəydir. Çünki əksəriyyəti ilə danışırıq. Bəziləri Azərbaycana qarşı neqativ, qəzəbli mövqe tutur. Bu qrup insanlar təzə peyda olub və yaxşı insanları da kənarda qoyublar. Bizim mühacirətdə çoxlu sayda dostlarımız var və onlar da böyük işlər görürlər. Mənim mövqeyim budur ki, hökumətin işini tənqid etmək olar. Biz də tənqid edirik, onlar da etsin. Amma dövləti yerə yıxmaq, hədəfə almaq olmaz. Biz bunu rədd edirik. Bir var dövlət, bir də var hökumət. Bəziləri açıq dövlətə qarşı çıxış edirlər.
- Məlum iclasdan sonra hüquq müdafiəçiləri toplaşıb yenidən müzakirələr aparmağı planlaşdırırmı?
- Əslində biz daim toplaşır və təhlillər aparırıq. Bir daha qeyd edim ki, ildə 10 dəfə toplaşıb məsələləri, kimin harada görüş keçirəcəyi, hansı məsələləri müzakirə edəcəyini planlaşdırırıq. Yəni hər zaman işlək mexanizm olub.
- Siz, ehtimal edirsiniz ki, yaxın günlərdə azadlığa çıxan məhbuslar olacaq?
- Mən belə düşünürəm. Biz dünənki toplantıda çoxlu sayda insanların məsələlərini qaldırmışıq. Vacibdir ki, rübdə bir dəfə belə geniş tərkibli toplantı keçirilsin. Toplantıda hər kəs özünəməxsus təkliflər irəli sürür və bu təkliflər də qəbul olunur. Qeyd edim ki, dünənki toplantıda hüquq müdafiəçisi Eldar Zeynalov, Əliməmməd Nuriyev, Səidə Qocamanlı, Sahib Məmmədov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və digər həmkarlarım tərəfindən çox gözəl təkliflər irəli sürüldü. Elə təkliflər vardı ki, doğrudan da vacib idi. Hökumət tərəfindən də, vacib və əhəmiyyətli təkliflər səsləndi. Bütün bunlar perspektivdə problemlərin həlli istiqamətində fəaliyyət üçün fürsətlər açır.

 

Загрузка...
Загрузка...