​“Bu qədər formal, boğazdan yuxarı 100 illiyi qeyd etməkdənsə, qeyd etməmək daha yaxşı idi” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
264
0  
0  

 “Ermənilər başa düşürlər ki, Qarabağ Rusiyanın Ermənistan üçün hazırladığı bir tələdir”
 
“Ermənilər bir şeyi başa düşməlidirlər ki, Türkiyə və Azərbaycansız müstəqil Ermənistan mümkün deyil”
 
Azərbaycan Demokrat Partiyası (ADP) Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi ilə əlaqədar “Öndərlərin izi ilə” adlı səfər proqramı çərçivəsində ADP sədri Sərdar Cəlaloğlu başda olmaqla partiyanın bir sıra funksionerləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu Tiflis şəhərində, AXC hökumətinin müvəqqəti fəaliyyət göstərdiyi Gəncə şəhərində və Cümhuriyyət qurucularının doğulub, boya-başa çatdığı rayonlarda, o cümlədən, Şamaxıda, Göyçayda, İsmayıllıda olublar.
 
ADP sədri Sərdar Cəlaloğlu səfərin məqsədi və onunla bağlı təəssüratlarını “Hürriyyət”lə bölüşüb:
 
- Biz demokratik Cümhuriyyətimizin 100 illiyini partiya çərçivəsində qeyd etmək üçün müzakirələr apardıq və bu qənaətə gəldik ki, 100 illiyi indiyə kimi belə günləri qeyd etdiyimiz qaydada qeyd etsək, bu yubileyə o qədər də layiq olan bir hərəkət olmaz. Yəni adətən, biz Cümhuriyyət tarixi və yaxud Məmməd Əmin Rəsulzadə ilə bağlı günlərdə bir yığıncaq keçiririk, sonra Novxanıya gedirik, Rəsulzadənin abidəsinin üzərinə gül qoyuruq və orada mitinq keçiririk. Bununla da bütün işlərimiz bitir. Halbuki, Demokratik Cümhuriyyətin tarixinin böyük bir hissəsi təəssüf ki, Azərbaycandan kənardadır, Azərbaycanla əlaqəsi yoxdur, xüsusən Məmməd Əmin Rəsulzadənin qəbri Türkiyədədir. Demokratik Cümhuriyyətin liderlərinin bir çoxunun qəbirləri Avropada, Rusiyadadır, o cümlədən Demokratik Cümhuriyyətin elan edilməsi, liderlərinin fəaliyyətə başlaması və onların bəzilərinin qəbirləri də Tiflis şəhərindədir. Belə qərara gəldik ki, “Azərbaycan Demokratik Cümhuriyyətinin öndərlərinin izi ilə” adlı bir layihə hazırlayaq və həmin marşurut üzrə hərəkət edək, bütünlükdə çalışaq ki, Demokratik Cümhuriyyətin tarixinin və bu tarixdə rolu olan insanların mümkün qədər daha çoxunun xatirəsini yad edək. Bilirsiniz ki, Demokratik Cümhuriyyət Zaqafqaziya seymi dağıldıqdan sonra Tiflisdə olan öndərlərimiz tərəfindən elan olunubdur. Ondan sonra, onlar müvəqqəti olaraq Gəncəyə köçüblər, bir müddət Gəncədə qalıblar, daha sonra isə Bakıya köçüblər. 2 illik Demokratik Cümhuriyyətin fəaliyyətində iştirak etdikdən və Rusiya Azərbaycanı təkrar işğal etdikdən sonra onların bəziləri Azərbaycanda qətlə yetirilib. İki nəfər isə, yəni Cümhuriyyətin baş naziri və parlamentin sədri Fətəli Xan Xoyski və Əhməd bəy Ağayev Tiflisdə ermənilər tərəfindən öldürülüb və orada da dəfn olunub. Bütün bunları nəzərə alaraq, Tiflis-Gəncə-Bakı üzrə bir marşurut seçdik. Əvvəlcə mayın 24-də partiya binasının qarşısında 2 maşınla 7 nəfərdən ibarət nümayəndə ilə Şəhidlər Xiyabanına getdik, şəhidlərimizin xatirəsinin yad etdik. Çünki Demokratik Cümhuriyyətin liderləri də Azərbaycan dövləti uğrunda ilk demokratik şəhidlər olublar. Eləcə də Şəhidlər Xiyabanında yatan insanlar da Azərbaycan dövləti uğrunda, Azərbaycan demokratiyası uğrunda şəhid olan insanlardır. Yəni bu insanlar ruhən eyni insanlardır. Ona görə, biz Şəhidlər Xiyabanını ziyarət etdik və oradan Tiflisdə yatan öndərlərimizin qəbrinə səpmək üçün torpaq götürdük. Ondan sonra isə Tiflisə doğru hərəkət etdik. Şamaxı yaxınlığındakı türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, gül dəstələri qoyduqdan sonra Tiflis şəhərinə doğru hərəkət etdik.
 
- Səfər çərçivəsində kimlərlə görüş keçirdiniz?
 
- Səfərimizin ilk günü Tiflisdə Gürcüstanın 2 siyasi partiyası - Yeni Gürcüstan Partiyası və Azad Demokratlar Partiyasının rəhbərləri ilə görüşdük. Bu görüşdə partiyalararası münasibətlər, Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu və bu iki dövlət arasında münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasının vacib olduğu qeyd olundu. Bilirsiniz ki, Gürcüstanla Azərbaycan arasında kifayət qədər iqtisadi əlaqələr var. Bizim bütün trans milli layihələrimiz Gürcüstandan keçir. Gürcüstana milyardlarla dollar investisiya qoyulub. Amma bu iqtisadi əlaqələrə uyğun ictimai-siyasi əlaqələr demək olar ki, yoxdur. Partiyalar arasında əlaqə yoxdur. Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasında o qədər də sıx intensiv əlaqə yoxdur. Buna görə də son vaxtlar ermənilər Gürcüstanı öz tərəfinə çəkib, Azərbaycanın maraqlarına zidd addımlar atmağa sövq etmək istəyirlər, xüsusən işğal olunmuş Gürcüstan ərazilərindən dəmiryolunun Ermənistana açılmasını istəyirlər.
 
Bu baxımdan, biz bütün bu məsələləri müzakirə etdik və xüsusən Qarabağ probleminin mahiyyətini onlara çatdırdıq. Özümüzlə çoxlu kitablar aparmışdıq. Qarabağ problemi ilə bağlı, Azərbaycanın, Bakının inkişafını özündə əks etdirən kitablar aparmışdıq. Bunları onlara təqdim etdik. Bizim bu görüşlərdən başa düşdük ki, Gürcüstan siyasi partiyaları da Azərbaycan haqqında demək olar ki, çox məhdud məlumata malikdirlər, onlar da Azərbaycanla ictimai-siyasi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını göstərdilər. Bundan sonra biz nəzərə aldıq ki, Gürcüstanın bu partiyaları ilə Azərbaycan Demokrat Partiyası arasında əlaqələri yüksək səviyyədə quraq. Eyni zamanda biz orada müzakirə etdik ki, Qafqazın demokratikləşməsi naminə həm də Ermənistanın ictimai-siyasi qüvvələrini bu prosesə cəlb etmək lazımdır və mümkün qədər ermənilərin Rusiyanın təsirindən azad olunması üçün onlara yardım etmək lazımdr.
 
- Sizcə, ermənilər Qafqazın demokratikləşməsi naminə bu prosesə qatılarmı?
 
- Əvvəla onu deyim ki, ermənilərin hamısı işğalçı, “böyük Ermənistan” xəstəliyinə tutulmuş, rusun köləliyində olmaq naminə Azərbyacan ərazilərindən torpaq qoparmaq istəyən insanlar deyillər. Vaxtilə ermənilərin hərəkatın lderləri arasında Aerekyan adında biri var idi, onda hələ Sovet İttifaqı dağılmamışdı, o, bizə müraciət etmişdi ki, gəlin, ruslara qarşı bir yerdə mübarizə aparaq. Çünki bizi bir-birimizə qırdıran, düşmən edən ruslardır. O vaxtlar Cəfər Cabbarlı “1905-ci ildə” əsərində yazmışdı ki, aranı qatan ruslardır, eyni şeyi Aerekyan da yazmışdı. Və yaxud Ermənistan Milli Məclisinin üzvü Akopyan dəfələrlə bəyan edib ki, Qarabağ azərbaycanlılarındır və Qarabağ torpaqlarını Azərbaycandan qoparmağa haqqımız yoxdur. Eləcə də Ermənistanda kifayət qədər belə bir fikir formalaşıb və onlar başa düşürlər ki, Qarabağ Rusiyanın Ermənistan üçün hazırladığı bir tələdir. Ermənilər bu tələyə düşdüyünə görə müstəqillikləri və suverenlikləri demək olar ki, məhdudlaşıb, Avropaya inteqarsiya yolları bağlanıb. Türkiyə və Azərbaycanla dostluq yaratmaq imkanları tam aradan qalxıb. Bu isə Ermənistan xalqının və dövlətinin əleyhinə olan bir məsələdir. Yəni bunu Ermənistanın özündə kifayət qədər aydın başa düşürlər. O adamlar ki, Rusiyapərəstdirlər, necə ki, bizdə də var, Ermənsitanda da o adamlar Rusiyanı dəsətkləyirlər. Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn və yaxud Rusiya ilə maraqları üst-üstə düşən ermənilər var ki, onlar “Rusiyanın çaldığı istənilən havaya oynayırlar”. Bu oyunun da başlıca akkordu Dağlıq Qarabağ məsələsidir. Rusiya Ermənistandakı öz tərəfdarlarını Dağlıq Qarabağ məsələsinin, bu ideyanın ətrafında toplayıbdır. Sərkisyanın və digərlərinin də hakimiyyətə gəlməsi bunun bariz nümunəsidir. Bunu ermənilər çox yaxşı başa düşür. Ona görə də Ermənistanda Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlı olan qüvvələr var. Məhz bu qüvvələri tapıb, bu prosesə qoşmaqla biz həm də Dağlıq Qarabağ probleminin ədalətli həllinə, bu iki xalq arasında düşmənçiliyin aradan qaldırılmasına nail ola bilərik. Ermənilər bir şeyi başa düşməlidirlər ki, Türkiyə və Azərbaycansız müstəqil Ermənistan mümkün deyil. Rusiya isə erməniləri Türkiyə və Azərbaycanın əleyhinə qısqırtmaqla faktiki olaraq Ermənistan dövlətinin müsətil olmasına imkan vermir. Vaxtilə Məmməd Əmin Rəsulzadə deyirdi ki, ermənilərin Azərbaycan və Gürcüstana qarşı irəli sürdüyü torpaq iddiaları nə qoydu Ermənistan, nə Gürcüstan, nə də Azərbaycan azad olsun. Beləliklə, Rusiyanın təhriki ilə Azərbaycana və Gürcüstana torpaq iddiası elan edən ermənilər hər 3 respublikanın Rusiyanın əsarətində qalmasına imkan yaratdılar. Bu gün də eyni ssenari üzrə proseslər inkişaf edir və Dağlıq Qarabağ Rusiyanın Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq üçün üsuldan başqa bi şey deyil. Bunu erməni siyasətçiləri də başa düşür. Biz də bunu başa düşən və buna qarşı mübarizə aparan qüvvələri axtarıb tapıb, bir araya gətirməyi nəzərdə tuturuq.
 
(Ardı var)
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...