​“Bu hərəkat xalqın sifarişi ilə ərsəyə gəlib” - TALİYƏT ƏLİYEV

Baxış sayı: 
554
1  
0  

 
“Azərbaycanda yeni bir Xalq Hərəkatının yaradılmasına nail olmaq mümkün olacaq”
 
“Ölkəmizin suverenliyi və müstəqilliyi çox kövrəkdir”
 
Yanvarın 5-də Azərbaycan Demokrat Partiyasını mərkəzi qərargahında müxalifət rəbhərlərinin yığışaraq yeni bir hərəkatın təməlini qoymaq istəyi reallaşmaq üzrədir. Çünki artıq yanvarın 26-da təsis yığıncağının keçiriləcəyi ilə bağlı müxalif partiya sədrləri razılığa gəlib.
 
Maraqlıdır ki, nəzərdə tutulan tədbirdə Xalq Hərakatının yaranması həyata keçəcəkmi? “Hürriyyət”in bu və digər suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev cavablandırdı:
 
- Bildiyiniz kimi, yanvar ayının 5-də ADP-nin mərkəzi qərargahında ölkənin müxalif düşərgəsinin böyük əksəriyyətinin təmsilçilərinin toplantısı keçirildi. Bu toplantıda ölkədə Xalq Hərəkatının yaradılması ilə bağlı ümumi bir konsensus əldə olunub. Hesab edirəm ki, baş vermiş hadisə ölkənin ictimai-siyasi həyatında ciddi bir mərhələnin başlanmasının anonsudur. Nə qədər çətin olsa da, müxtəlif mövqelərdə olan insanlar özlərinin şəxsi maraqlarını bir kənara qoyub xalqın və dövlətin maraqları naminə bir araya gələ bildilər. Bunu yalnız alqışlamaq olar. İlkin təməli qoyulan birlikdə səmimi və sağlam atmosferi qoruyub saxlamaq mümkün olacaqsa, ölkədə doğurdan da yeni bir Xalq Hərəkatının yaradılmasına nail olmaq mümkün olacaq. Çünki baş verən hadisəyə cəmiyyətdə böyük maraq var. Təsəvvür edin, ucqar kənd rayonlarından belə insanlar bu hadisəni yaxından izləmək üçün Bakıya gəlmişdilər. Bu, insanlarda birliyə olan inamın bir göstəricisidir. Bildiyiniz kimi, xalq hərəkatları iki prinsip üzrə, - birincisi, aşağıdan yuxarıya doğru, ikincisi isə yuxarıdan aşağıya doğru - yaranır. Yaranmaqda olan Xalq Hərəkatı yuxarıdan aşağıya doğru prinsipi ilə həyata keçiriləcək. Bunu həyata keçirmək isə, hesab edirəm ki, çətin olmayacaq. Çünki bu işə çiyin verən insanlar uzun illərdir siyasətdədirlər, kifayət qədər siyasi və təşkilati işlərdə təcrübəyə malikdirlər. Bu baxımdan, Xalq Hərəkatının yaradılması ideyasının həyata keçirilməsinə ümidlər böyükdür.
 
- ADP-nin mərkəzi qərargahında keçirilən tədbirdə bu Hərəkatın nizamnaməsi və daha çox qeydiyyatı olmayan partiyaların təsisçi kimi qeyd olunmaması müzakirə olunub. Sizcə, qeydiyyatı olmayan partiyaların təsisçi kimi təmsil olunmaması nə dərəcədə doğrudur? Bu məsələ yeni hərəkatın “ölü doğlmasına” gətirib çıxara bilərmi?
 
- Söhbət Xalq Hərəkatının yaradılmasından gedirsə, təsisçi olan partiyalarının dövlət qeydiyyatının olub-olmaması prinsipial məsələ olmamalıdır. Bu hərəkat siyasi partiyaların deyil, xalqın hərəkatı olmalıdır. Bu baxımdan, təsisçilər sırasında heç bir siyasi mənsubiyyəti olmayan görkəmli şəxslər də olmalıdır. Əgər bu hərəkat siyasi partiyaların monopoliyasına alınacaqsa, bu hərəkat yox, siyasi partiyalar bloku və birliyi ola bilər ki, nəticə etibarilə bu da qarşıya qoyulan məqsədə xidmət etmir. Son illərin siyasi təcrübəsinə nəzər salsaq, görərik ki, müxtəlif dövrlərdə ölkənin əsas və ya əksər müxalif partiyalarının yaratdıqları birliklər, bloklar və ittifaqlar ölkədə pozitiv mənada siyasi dəyişikliklərə nail ola bilmədi. Düzdür, müxalifət kifayət qədər dəstək alsa da, bu dəstək həlledici qələbəyə çevrilmədi. Çünki bu məsələnin bir çox obyektiv və subyektiv səbəbləri var. Onların üzərində dayanmaq istəmirəm. Lakin hamıya məlumdur ki, cəmiyyətdə siyasi partiyalara və onların liderlərinə olan münasibət birmənalı deyil. Fakt budur ki, bu gün cəmiyyət üzvləri nəinki siyasi partiyalara, hərəkata qoşulmaqda daha çox maraqlıdır. Bu baxımdan, yaranmaqda olan Xalq Hərəkatını bir növ sosial sifarişin təzahüri kimi dəyərləndirmək olar. Ona görə də xalqı prosesə qoşmaq istəyiriksə, bütün siyasi ambisiyalar və maraqlar kənara qoyulmalıdır. Bu prosesin xalqımız və dövlətimiz üçün uğurlu sonluqla yekunlaşmasını istəyiriksə, bu hərəkatın bütün təşkilati strukturunda cəmiyyət üzvləri təmsil olunmalı və onlar görəvləndirilməlidir.
 
- Yanvarın 26-da keçirilməsi nəzərdə tutulan tədbirdə Xalq Hərakatı yaranarsa, yaxın gələcəkdə bu hərəkatdan nə gözləyirsiniz? Ümumiyyətlə, ADP təmsilçisi kimi bu Hərəkatın məramı və məqsədi sizi qane edirmi? Və Hərəkatın adından gələcəkdə sui-istifadə halları ola bilərmi?
 
- Azərbaycanın yerləşdiyi geosiyasi platformada çox ciddi siyasi hadisələr baş verir. Bir tərəfdən Cənubi Qafqaz ölkələri Rusiyanın orbitindən çıxmağa can atır, digər tərəfdən də Rusiya həmin ölkələri nəinki öz orbitində saxlamağa, hətta öz müstəmləkəsi etməyə çalışır. Bu baxımdan, Azərbaycanın suverenliyi və müstəqilliyi çox kövrəkdir. Ölkə daxilində də zaman-zaman Azərbaycanın siyasi taleyinin Rusiyadan asılı olması ilə bağlı səslənən fikirlər ölkəmizin suverenliyinə və müstəqilliyinə olan təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Digər tərəfdən, ölkədə aparılan yanlış sosial-iqtisadi siyasət ölkənin taleyini nefdən asılı vəziyyətə salıb. Bu gün dünya neft bazarında yaşanan hər bir şok Azərbaycanın iqtisadi təhlükəsizliyini də təhdid etməkdədir. Ölkədə baş alıb gedən korrupsiya və rüşvətxorluq heç bir islahatın həyata keçirilməsinə imkan vermir. Nəticə etibarilə ölkə əhalisinin sosial-iqtisadi vəziyyəti durmadan pisləşir, ölkədə sosial gərginlik durmadan artır. Son illərin təcrübəsi göstərir ki, bu gərginlikdən sui-istifadə etmək istəyən xarici qüvvələr mövcuddur. Bir çox hallarda da siyasi baxımdan yetkin olmayan cəmiyyət üzvləri də asanlıqla həmin qüvvələrin əlində alətə çevrilir. Belə bir vəziyyətdə ölkə vətəndaşlarının siyasi baxımdan daha çox maarifləndirilməsi və təşkilatlandırılması naminə xalq hərəkatının yaradılmasına çox ciddi ehtiyac var idi. Bu baxımdan, yaxın perspektivdə bu hərəkatdan gözləntim cəmiyyəti siyasi baxımdan maarifləndirmək və təşkilatlandırmaqdır. Çünki siyasi maarifçilik və təşkilatçılıq səviyyəsi aşağı olan heç bir cəmiyyətdə inkişafdan söhbət belə gedə bilməz. Bildiyiniz kimi, təmsil olunduğum ADP də bu hərəkatın təsisçilərindəndir. Yəqin ki, bu hərəkatın məramı və məqsədi bizi qane etməsəydi, orada təmsil olunmazdıq.
 
Gələcəkdə hərəkatın adından hər hansı sui-istifadə hallarının olub-olmayacağı məsələsinə gəlincə, onu deyə bilərəm ki, nəzəri baxımdan hər şey mümkündür. Amma ADP olaraq biz həmin Hərəkatın qarşısına qoyduğu məram və məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsinə və siyasi mübarizəsində dinc demokratik və Konstitusion prinsiplərə əməl etməsinə çalışacağıq. Yalnız bu halda biz ölkədə pozitiv yeniliklərə nail olunacağına ümid edirik. Odur ki, ADP olaraq təmsil olunduğumuz Xalq Hərəkatının adından hər hansı sui-istifadə hallarına yol veriləcəksə, bu tendensiyaya qarşı olacağıq.
 
- Bu Xalq Hərəkatı əvvəlki Xalq Hərəkatının taleyini yaşaya, yəni 1988-ci illərdə olduğu kimi həqiqətən xalqın oyanmasına gətirib çıxara bilən bir təşkilat ola bilərmi?
 
- Uzun illər müxalif düşərgənin demokratiya uğrunda apardığı mübarizədə heç bir nailiyyət əldə edə bilməməsi sözsüz ki, müxalifətdə nailiyyətsizlik sindromu yaratmışdı. Bu tendensiya cəmiyyətə də sirayət etdiyindən uzun illər idi ki, cəmiyyət apolitik bir durumda idi. On il bundan qabaqkı dövrlərə nəzər salsaq, görərik ki, istər müxalifət, istərsə də cəmiyyət ölkənin siyasi müstəvisində bir çox mövqelərini itirib. Həmin mövqeləri isə radikal qüvvələr tutmağa çalışır. Necə deyərlər, müqəddəs yerlər boş qalmır. Son zamanlar isə cəmiyyətin oyanışı istiqamətində müsbət çalarlar görünməyə başlayıb. İnsanlar düşdükləri ağır sosial-iqtisadi vəziyyətdən çıxış yolunu fərdilikdə deyil, kollektivçilikdə görür. İnsanlar həyatlarının müsbətə doğru dəyişməsini toparlanaraq, təşkilatlanaraq birgə mübarizə aparmaqda görürlər. Bu baxımdan, hesab edirəm ki, Hərəkat qarşısına qoyduğu məqsədlərə doğru ardıcıl, davamlı və prinsipial olaraq yürüyəcəyi təqdirdə bu proses cəmiyyətin siyasi baxımdan oyanmasına, maariflənməsinə və təşkilatlanmasına gətirib çıxaracaq.
 
- ADP-nin qərargahında keçirilən tədbirin videosunun “Youtube”da şərh bölümündə çox kəskin tənqidlər yer alıb. Sizcə, müxalifət bir daha bu xalqın inamını qazana biləcəkmi?
 
- Sözsüz ki, görülən hər bir işin tənqidçiləri də tapılacaq. Bu, normal haldır. Şübhəsiz ki, bu prosesə qısqanc və qərəzli mövqedən yanaşanlar da var. Bir şeyi bəyənmirsənsə, ona qarşı alternativ fikir, alternativ yol ortaya qoymaq lazımdır. Yox, əgər heç bir alternativ fikir və ya yol ortaya qoya bilmirsənsə və başqasını da bəyənmirsənsə, onda bu səmimilikdən uzaq və qərəzli bir mövqedir. Sözsüz ki, bu prosesə çox badalaq vuranlar ortaya çıxacaq, provokasiya xarakterli hərəkətlər ediləcək. Bunlar hamısı Hərəkatı yolundan sapındırmağa xidmət edir. Hesab edirəm ki, bu cür qərəzli və provakasiya xarakterli mövqelərə əhəmiyyət vermək lazım deyil. Bu Hərəkatı yolundan və hədəfindən yayındırar.
 
Sualınızın ikinci hissəsinə gəldikdə isə bir daha bildirmək istəyirəm ki, bu hərəkat müxalif siyasi partiyaların birliyi deyil və qarşılarına xalqın inamını qazanmaq kimi bir məqsəd qoymayıblar. Bu Hərəkat xalqın sifarişi ilə ərsəyə gələn birlikdir, xalq özü-özünü bu prosesin iştirakçısı kimi görməlidir. Ona görə də bu prosesdə müxalifətin xalqın inamını qazana biləcəyi ilə bağlı bir narahatçılığı yoxdur və ola da bilməz. Xalq özü-özünə olan inamını bərpa etməlidir və özünə güvənməlidir. Hesab edirəm ki, ötən əsrin əvəllərində müsəlman şərqində ilk demokratik Cümhuriyyət quran, ötən əsrin sonlarında isə özünün mübarizliyi və qəhrəmanlığı ilə dünyada ən mübariz bir xalq kimi ad çıxaran, keçmiş SSRİ-nin demontaj olunmasında misilsiz qəhrəmanlıqlar göstərən bir xalq özündə yenidən təpər tapıb, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə, suverenliyinin və ərazi bütövlüyünün bərpasına, ölkədə azad, demokratik və hüquqi bir siyasi sisteminin qurulmasına nail olacaq. Bunun üçün yetər ki, bu xalq özünə olan inamını bərpa etsin və özünə inansın.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...