Bu gün ADP İdarə Heyəti növbəti toplantısını keçirib.

Baxış sayı: 
106
1  
0  

Azərbaycan yalnız ədalətli müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməyə hazır olmalıdır

Bu gün ADP İdarə Heyəti növbəti toplantısını keçirib. Toplantıda ötən həftə ərzində ölkə ilə bağlı baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirələr olunub. İdarə Heyəti ilk öncə son zamanlar Dağlıq Qarabağ problemi ətrafında yaşanan hadisələri, o cümlədən ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlməsini və oradan sülh çağırışları etməsini müzakirə edib. İdarə Heyəti hesab edib ki, bu gün Ermənistan rəsmilərinin, və ya baş nazirinin həyat yoldaşının bir qrup Rusiyalı xanımlardan ibarət ictimai xadimlərlə Dağlıq Qarabağa səfər etməsi, o cümlədən Dağlıq Qarabağda abadlıq işlərinin aparılması, infrastrukturun bərpa olunması, hərbi istehkamların tikilməsi və s. kimi hallar Ermənistan tərəfindən atəşkəs haqqında sazişin tələblərinin birtərəfli qaydada kobud şəkildə pozulması kimi dəyərləndirilməlidir. İdarə Heyətində aparılan müzakirələr zamanı ermənilərin təklif etdiyi sülhün alçaldıcı sülh olduğuna görə Azərbaycan tərəfindən qəbuledilməzliyi vurğulanıb, eyni zamanda bildirilib ki, Azərbaycan yalnız ədalətli müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməyə hazır olmalıdır.
 
 
İdarə Heyəti ötən həftə Almaniya bundestaqının sağçı radikal AfD fraksiyasının AFR hökumətinə göndərdiyi “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğusunda bundestaqın “Dağlıq Qarabağ Respublikasını” müstəqil bir qurum kimi tanımaması, Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanıdığı ilə bağlı tutduğu prinsipial mövqeyini alqışlayıb. İdarə Heyəti hesab edib ki, Dağlıq Qarabağ problemi əslində Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə xidmət etdiyindən digər Avropa dövlətləri də Almaniya kimi anoloji münasibət ortaya qoymalıdır.
 
 
İdarə Heyəti Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş, iki gün öncə azadlığa buraxılan ABŞ vətəndaşı, keşiş Endryu Bransonla bağlı məsələni də müzakirə edib. Müzakirələrdə Türkiyə ilə ABŞ arasında münasibətlərin pisləşməsinin postsovet məkanında olar türkdilli respublikalarda Rusiyanın təsirinin güclənməsinə xidmət etdiyi vurğulanıb. İdarə Heyəti keşiş Endryu Bransonun azadlığa buraxıldıqdan sonra Türkiyə-ABŞ münasibətlərinin normal məcraya düşəcəyinə ümidvar olduğunu bildirib.
 
 
İdarə Heyəti ötən həftə Milli Məclisin plenar iclasında deputat Gövhər Baxşəliyevanın ölkədə süni olaraq orta təhsil müəssisələrinin ruslaşmasına etiraz etməsini, digər deputat BAXCP sədri Qüdrət Həsənquliyevin də eyni mövqedən çıxış etməsini xeyli zamandır ADP-nin bu problemlə bağlı narahatçılığının bölüşdürülməsi kimi dəyərləndirib, hər iki millət vəkilinə partiya adından təşəkkür ifadə edilib. İdarə Heyəti ölkədə aparılan süni ruslaşdırma siyasətini milli təhlükəsizliyimizə və suverenliyimizə təhdid olduğunu bildirib, bunu “beşinci kolonun” Azərbaycanı yenidən Rusiya imperiyasının sərhədlərinə qaytarmaq cəhdi kimi dəyərləndirib. İdarə Heyəti eyni zamanda süni ruslaşma siyasəti ilə bağlı hər iki deputatın qaldırdığı məsələyə Milli Məclisi münasibət bildirməyə çağırıb.
 
 
Müzakirələrdə ötən illərdə “26 bakı komissarı” adlı kafenin bağlanmasına diqqət çəkən İdarə Heyəti üzvləri Bakının mərkəzində keçmiş SSRİ-nin bütün atributlarını təbliğ edən “Partizan” restoranının fəaliyyət göstərməsini bildirib, bununla bağlı müvafiq dövlət orqanlarını araşdırma aparmağa çağırıb.
 
 
İdarə Heyəti Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın bu ölkədə dəyəri milyonlarla ölçülən varidata malik olması ilə bağlı faktlar ortaya qoymasını da müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, bu faktların ortaya çıxması Beynəlxalq bankla bağlı qaldırılan cinayət işinin hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən hərtərəfli və obyektiv şəkildə araşdırılmamasını göstərir. İdarə Heyəti ölkədəki korrupsiya və iqtisadi cinayətkarlığın ölkənin iqtisadi təhlükəsizliyini təhdid edəcək bir səviyyəyə qədər inkişaf etdiyini bildirib, bununla bağlı dövlət təhlükəsizlik orqanlarını ciddi araşdırma aparmağa çağırıb. İdarə Heyəti bu tipli cinayətlərin baş verməsini ölkədə məmurların deklarasiya verməməsi ilə bağlı olduğunu bildirib, eyni zamanda Avropa ölkələrini Azərbaycandan həmin ölkələrə investisiya qoyan şəxslərin qazandığı pulların mənbələri ilə bağlı maraqlanmağa çağırıb.
 
   
 
 
 
 
 
 

Загрузка...
Загрузка...