Bu ədalətsizliyə səssiz qalmaq olmaz!

Baxış sayı: 
523
2  
0  


Öncə bu suala aydınlıq gətirək. Abbas Lisani və Güney Azərbaycanda siyasi təqiblərə məruz qalan soydaşlarımızın istəyi nədir? Bildiyiniz kimi 1979-cu ildə qəbul edilmiş İran İslam Respublikası (İRİB) konstitusiyasına 15-ci maddəsinə görə ölkədə qeyri-farsların öz ana dillərində təhsil almaq hüququ tanınıb. Təəssüflər olsun ki, ötən 40 il ərzində bu hüquq reallaşmayıb. Bunu da qeyd etməliyəm ki, Azərbaycan türklərinə qarşı daha amansız olan Pəhləvilər rejiminə nisbətən İslam İnqilabından sonra soydaşlarımızın ana dilində kitab, dərgi çap etməsi yönündə müəyyən addımlar atıldı, hakimiyyət tərəfindən hər seçkidən seçkiyə milli mədəni haqların təmin edilməsi müəyyən vədlər də verildi. Amma təəsüflər olsun ki, sayı 35 milyon təxmin edilən soydaşlarımızın bu günədək primitiv haqları olan ana dilində təhsil almaları fürsəti gerçəkləşmədi. Diqqət etsəniz, bu gün İran coğrafiyasında milli haqlar uğrunda mübarizə aparanların əsas şüarı məhz milli diskriminasiyaya qarşıdır. “Türk dilində mədrəsə , olmalıdır hər kəsə!”, “ Haray , Haray mən türkəm!” və sair. Güney Azərbaycanda milli-mədəni haqlar uğrunda mübarizədə öndə gedən simalardan biri də Abbas Lisanidir. O, Ərdəbil şəhərində sadə peşə sahibi olmasına baxmayaraq , mənim xatirladığım qədər son 15 ildə usanmadan, yorulmadan, çəkinmədən mübarizəsini davam etdirmişdir. Babək Qalasına yürüşlərdən 2006-cı ildə “İran “ qəzetində türklərə qarşı çap edilən karikatura olaylarınadək, Urmu gölünün qurudulmasına etirazlardan tutmuş bu günümüzədək Abbas Lisani daim proseslərin önündə olmuş biridir və güneyli soydaşlarımızın ifadəsilə desək , İranda yatmadığı zindan qalmayıb. Milli -mədəni haqlar uğrunda mübarizədə Güneydə ən ağır həbs cəzasına məhkum edilmiş Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Behbud Quluzadə, Savalan Radmehr, Səid Mətinpur, Siamək Mirzayi, Hüseyn Əliməhəmmədi, Rəsul Rəzəvi, Mürtəza Muradpur və digər milli fəallarla birgə Abbas bəy də son illərdə daim siyasi təqiblərə məruz qalmışdır. Beynəlxalq Əfv Təşkilatı ( Amnesty İnternacional) dəfələrlə bu haqda “sos”siqnalı səsləndirsə də, rəsmi Tehranın mövqeyi dəyişməmişdir. Ustad Həsən Dəmirçinin dəfn mərasimindəki çıxışına görə isə Abbas Lisani ötən ay yenidən 10 aylıq həbs cəzasına məhkum edildi. Haqqında çıxarılan hökmün ədalətsizliyinə etiraz olaraq Abbas bəyin zindanda aclıq elan etməsi və səhhətində yaranan problemlərə isə artıq nəinki İranda yaşayan soydaşlarımız, Azərbaycanın quzeyində da duyarlı insanlar səssiz qalmayıblar. Bu qürur duyulası haldır. Bunu da əlavə edim ki, ötən il Güney Azərbaycandakı soydaşlarımızın milli mədəni mübarizələrində xüsusi aktivlik müşahidə olunurdu. Görünür bu aktıvlik rəsmi dairələrin kəskin nigarançılığına səbəb olub.
 
Düşünürəm ki, Abbas Lisaniyə qarşı çıxarılan bu cəza gerçəkdən sırf siyasi motivlidir və dərhal ləğv edilməlidir. Ona və digər soydaşlarımıza qarşı ədalətsizliklərə qarşı nəinki Azərbaycan türkləri, demokratiya , insan haqlarına sayğı duyan bütün dünya ictimaiyyəti səssiz qalmamalıdırlar.

 
Rüfət Muradlı

Загрузка...
Загрузка...