​Boris Conson “Breksit”ə görə həm xaricdə AB ilə, həm də daxildə etnik bölgələrlə üz-üzə gəlib

Baxış sayı: 
34
1  
0  

 
Böyük Britaniyanın baş naziri Boris Conson hökumət başçısı kimi özünün ilk Avropa turnesinə çıxır.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Avropa Bilriyinin iki əsas lideri Angela Merkel və Emmanuel Makronla görüşəcək.
 
Burada Boris Conson ölkəsinin AB-dən çıxmasına iki ay qalmış onları Britaniyanın şərtləri ilə saziş imzalamağa razılaşdırmağa çalışacaq. Əks-halda rəsmi London anlaşmadan, sərt “Breksit”ə hazırlaşmalı olacaq. Bununla bağlı Boris Conson artıq Brüsselə məktub ünvanlayıb.
 
Birləşmiş Krallığın hökumət başçısı ən çox AB-nin sazişdə “bekstop” müddəasında israr etməsinə görə gileylənir.
Belə ki, həmin müddəaya əsasən Böyük Britaniyanın tərkibindəki Şimali İrlandiya bir növ İttifaqdan çıxmış sayılmayacaq və xüsusi statusa malik olacaq.
 
Boris Conson bunu ölkə suverenliyi ilə bir araya sığmadığını, Krallığın faktiki olaraq iki yerə bölünməsi ilə nəticələnəcəyini yazıb.
 
İkincisi bu rəsmi Londonun "Breksit"dən sonra Avropa Birliyi ilə quracağı yeni münasibətlərin ruhuna zidd olacaq. Belə çıxır ki, Şimali İrlandiya köhnə qaydalarla yaşamağa davam etdiyi halda, Böyük Britaniya Birliyə daxil olan ölkələrlə tamam başqa hüquq çərçivəsində əlaqə quracaq.
 
Üçüncüsi isə Böyük Britaniyanın ərazi bütövlüyünə yaranacaq təhdidlə bağlıdır. Belə ki, terrorçu İRA ilə 1998-ci ildə bağlanan sazişə görə Şimali İrlandiya əhalisi uyğun bildiyi təqdirdə İrlandiya Respublikasına birləşmək haqqında referendum keçirə bilər. İrlandiya adasının cənub hissəsinin (respublikanın-red.) Avropa Birliyinə daxil olduğu nəzərə alınsa, bunun Böyük Britaniya üçün hansı perspektivi vəd etdiyini proqnozlaşdırmaq çətin deyil.
 
“Buna görə də “bekstop” AB-dən çıxmaqla bağlı sazişin tərkib hissəsi sayıla bilməz. Biz bu faktı nəzərə almalı və başqa qərar tapmağa cəhd etməliyik”,-deyə baş nazir məktubunda bildirib.
 
Lakin Boris Consonun vətənpərvərliyi nə Avropa Birliyində, nə də “Breksit” səsverməsində AB-dən qalmaqdan yana səs verən Şimali İrlandiyada, hətta Uelsdə anlayışla qarşılanmayıb.
 
“Əgər Boris Conson gələcəkdə İrlandiya və Şimali İrlandiya arasında heç bir sərhəd infrastrukturunun olmayacağını söyləyirsə, qoy bunu necə edəcəyini desin. Biz artıq 3 ildir eyni mövzuda müzakirə aparırdıq və hətta anlaşma da imzalamışdıq. Boris Conson isə bundan qaçmaq istəyir. Lakin əgər sazişi dəstəkləmirsənsə, onda özün nə təkilf edirsən”,-deyə İrlandiya Respublikasınınn xarici işlər naziri Saymon Koveni Rusiyanın “Kommersant” qəzetinə bildirib.
 
“Baş nazir müqavilədəki “bekstop” müddəasını qeyri-demokratik adlandırır, lakin heç onun özünün AB-dən sazişsiz çıxmaqla bağlı mandatı yoxdur. Bu əsl riyakarlıq və ikiüzlülükdür”,-deyə Uelsin birinci naziri Mark Dreykford qeyd edib.
 
Onun sözlərini İrlandiyanın millətçi “Şinn Feyn “partiyasının lideri Mişel O`Nil də dəstəkləyib. O, sazişsiz “Breksit”i adada 20 ildən çoxdur bərqərar olan sülh prosesini təhlükə altına qoyacağını vurğulayıb.
 
Musavat.com

Загрузка...
Загрузка...