​“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik

Baxış sayı: 
92
1  
0  

 
Mayın 20-dən etibarən başlayan Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.
 
Mayın 24-dək keçiriləcək təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
 
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetirilir.
 
 
 
Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunur.
 
 
 
Ötən gün genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyərək qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib. Eyni zamanda təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.
 
 
 
Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi düşmən ölkədə narahatlıqla izlənilir. Bəzi erməni ekspertlər Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün qəfil əməliyyat keçirəcəyindən təşvişə düşüblər. Hətta Nikol Paşinyanın belə bir hücum planından ciddi narahat olduğunu ermənilər özləri təsdiqləyib.
 
Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ordumuzun təlimlər planlı olaraq həyata keçirilir: “Ümumi plana əsasən, məhdud görmə şəraitində, kəskin relyef ərazisində gecə təlimləri keçirilir. Ordu həm gündüz, həm gecə, həm də istənilən hava şəraitində qoyulan tapşırığı yerinə yetirməyə və döyüşləri həyata keçirməyə hazır olmalıdır. Sadəcə, gecə təlimləri, əsasən də irimiqyaslı dərslər təbii ki, daimi proqram əsasında keçirilir. Ancaq irimiqyaslı təlimlər üçün əlbəttə, ilk növbədə rəhbər heyətinin hazırlığı olmalıdır. Düşünürəm ki, indiyədək Azərbaycan bu qədər irimiqyaslı hərbi təlimlər keçiribsə, deməli, Azərbaycanın bugünkü idarə heyəti, qərargahlar, komandirlər bu təlimi keçirmək üçün artıq hazırlıqlıdırlar və əvvəlcədən lazım olan təlimlər keçirilib. Göründüyü kimi, budəfəki təlimlər də digərləri kimi, çox uğurla davam keçirilir”.
 
Ş.Ramaldanov hərbi təlimlərin keçirilməsində əsas məqsədin təbii olaraq torpaqlarımızın azadlığı ilə bağlı olduğunu qeyd etdi: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan torpaqlarının azad edilməsi üçün əməliyyatlar hər an başlaya bilər. Əlbəttə, Ermənistan daxilində baş verənlər düşmən ölkə üçün mənfi perspektivlər vəd edir. Bu hadisələr onlara nə qədər çox mənfi təsir göstərəcəksə, təbii olaraq bizim mövqelərimiz daha da güclənəcək”.
 
Bəzi müşahidəçilərin fikrincə, Ermənistandakı daxili gərginliklər Azərbaycana torpaqlarını azad etmək şansı yaradır. Xatırladaq ki, Qarabağın işğalı məhz Azərbaycanda oxşar gərginliklərin yaşandığı dövrə təsadüf etdi. Ş.Ramaldanov bu əziyyətin fürsət olduğunu təsdiqlədi: “İstisna olunmur ki, Ermənistandakı vəziyyət Azərbaycanı hansısa addım atmağa imkan verəcək”. Ancaq hərbi ekspert bir məqama xüsusi diqqət çəkdi: “Bu gün hər kəs bilir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməməsinin ilk səbəbi Ermənistanla əlaqədar deyil. Azərbaycan prezidenti aprel hadisələrindən sonra demişdi ki, əgər Ermənistanı və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı ordunu qısa zamanda darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu mənada deyə bilərik ki, Ermənistan bizim üçün əsas maneə deyil”. Maneələrə gəldikdə, Ş.Ramaldanov dedi: “Biz bilirik ki, burada əsas maneə Rusiyadır. Bunu təkcə biz yox, bütün dünyada bilirlər. Azərbaycan torpaqlarının işğal olunmasının da səbəbkarı Rusiya olub, ərazilərimiz Rusiyanın köməyi ilə işğala məruz qalıb. Bunu tarix də sübut edir. Həmçinin işğalın bu günə qədər davam etməsi də Rusiya faktoruna görədir. Aprel döyüşləri başlayanda da məsələ Moskvada həll olundu. Bu, danılmaz bir faktdır”.
 
 
 
Hərbi ekspert onu da qeyd etdi ki, Ermənistanın vəziyyəti Rusiyanın mövqeyini də dəyişə bilər: “İndi biz bilmirik ki, Paşinyan hansı qüvvələrin təsiri altında bu vəziyyətlə üzləşib. Onun hakimiyyətə gəlişini demokratik proseslə əlaqələndirirdilər. Sonra üzə çıxdı ki, burada Amerika və Avropaya bağlılıqlar meydana çıxdı. Bütün bunlar da Rusiyanı qıcıqlandırdı. Hətta müəyyən bir soyuqluq oldu. Hətta o soyuqluğun fonunda Azərbaycan əraziləri ilə bağlı da nikbin açıqlamalar verilirdi. İddialar var idi ki, Dağlıq Qarabağla bağlı “yaşıl işıq” yandırıla bilər. Ancaq vəziyyətin gərginliyi münasibətlərə hansı formada təsir göstərəcək, yaxın zamanlarda bunun şahidi olacağıq”. 
 
Polkovnik qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri daim özünün döyüş potensialını artırmaqla məşğuldur, öz vəzifəsini yerinə yetirir: “Bu yaxınlarda Türkiyədə keçirilən hərbi sərgidən sonra Azərbaycanın müdafiə nazir cənab Zakir Həsənov mətbuata açıqlamasında demişdi ki, Azərbaycan Silahlı Qüvvələri hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Mən də əminəm ki, Silahlı Qüvvələrimiz hər an döyüş əmrini yerinə yetirməyə hazırdır.
 
 
 
Bütün prosesləri izləyirik, götür-qoy edirik. Artıq hər kəsə aydın olur ki, Dağlıq Qarabağ məsələsinin həllində sülh yolundan daha çox, hərb yoluna üstünlük verilir. Həmçinin biz bu həll yoluna üstünlük veririk. Yəni indiyədək bu barədə fərqli yanaşmalar var idisə, artıq Azərbaycanda da anlayırlar ki, Dağlıq Qarabağ sülh yolu ilə yox, hərb yolu ilə qaytarılacaq. Bunun üçün təlimlərin intensivliyi, bu formada keçməsi də, hazırlığın daim yüksək səviyyədə saxlanması da ona bağlıdır ki, hər an öz torpaqlarımızı azad etməyə hazır olaq, qısa zamanda ərazilərimizi düşməndən geri qaytaraq”. Hərbi ekspert bildirdi ki, hərbi əməliyyatlar başlanan zaman Azərbaycanın vaxtı çox olmayacaq: “Bizə Dağlıq Qarabağı işğaldan azad etmək üçün çox uzun vaxt verməyəcəklər. Ona görə də biz torpaqlarımızı qısa zamanda azad etməli və qələbə bayrağını Azərbaycanın sərhədlərində sancmalıyıq! Qısa zaman ərzində qarşıya qoyulmuş tapşırığı icra etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünün döyüş hazırlığını daim yüksəltməklə məşğuldur. Ola bilsin ki, Ermənistan daxilində yaranmış vəziyyət Azərbaycan üçün əlverişli vəziyyət yaradacaq və biz gücümüzü göstərərək öz torpaqlarımızı azad edə biləcəyik. Odur ki, bu durumdan istifadə olunması istisna deyil”.
 
Elşad PAŞASOY,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...