​Bitməyən durğunluq: Kirayə mənzil bazarı nə zaman canlanacaq? - AÇIQLAMA

Baxış sayı: 
131
1  
0  

Ötən illərdə avqust ayında kirayə mənzil tapmaq çox çətin idi. Bölgələrdə günlük kirayə evləri tapmaq isə ümumiyyətlə müşkülə çevrilirdi. Hətta istirahətə gedəcək şəxslər bir ay əvvəldən evləri sifariş edirdilər. Bu ay isə ali məktəblərə ixtisas seçimləri başladığı üçün paytaxtda kirayə mənzil bazarında canlanma müşahidə olunurdu.
 
Bu il üçün isə eyni sözləri deyə bilmirik. Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də mənzil, xüsusilə kirayə mənzil bazarıdır.
 
Publika.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, kirayə mənzil bazarında ötən aylarla müqayisədə bu ay bir qədər canlanma müşahidə olunur.
 
O bildirib ki, icarəyə verilən obyektlər uzun müddətdir bağlı qaldığı üçün problemlər yaşanır: “Boşalan obyektləri belə artıq icarəyə götürmürlər. Çünki bəzi sahələrin nə vaxt fəaliyyətə başlaması məlum deyil. Hazırda kirayə götürülən mənzillər nisbətən ucuz olanlardır və köhnə layihəli binalarda olan 300-400 manatlıq mənzillərə tələbat var. Bahalılarda isə durğunluq yaşanır.
 
 
 
Ekspert qeyd edib ki, kirayə mənzil bazarında yay aylarında həmişə durğunluq olur. Ancaq bu dəfəki durğunluq 5 aydan çoxdur ki, davam edir:
 
“Hazırda həm tələbələr öz evlərinə, həm də ölkəmizdə işləyən xarici iş adamları ölkələrinə geri dönürlər. Belə olduqda isə kirayə bazarında durğunluq yaşanır. Ancaq pandemiya ilə əlaqədar olaraq durğunluq mart ayının sonundan başladı. Təhsil müəssisələrinin bağlanması və xarici ölkə vətəndaşlarının Azərbaycandan getməsi ilə əlaqədar olaraq bu proses bir neçə ay tezləşdi. Amma buna baxmayaraq bir qədər canlanma var və ötən ayla müqayisədə kirayə mənzillərə 20-30 faiz tələbat artıb”.
 
E.Fərzəliyev deyib ki, bu gün ən böyük durğunluğun yaşandığı obyektlərin əvvəlki vəziyyətə qayıtmaları pandemiya bitəndən bir neçə ay sonra ola bilər: “Hazırda obyektlər bağlı olaraq qalır və hazırlıq kurslarının, geyim mağazalarının və digər ictimai iaşə obyektlərin fəaliyyətinə icazə verilmir. Effektli olmasa da onların əksəriyyəti onlayn olaraq fəaliyyət göstərir. Obyektlər bu gün fəaliyyətə başlasalar belə ümumi iqtisadi vəziyyət onların əvvəlki qaydada fəaliyyətinə mane olacaq. Hazırda obyektlərin bəzilərində qiymət aşağı düşüb, qiyməti bir qədər yüksək olan digərlərini isə icarəyə götürmək çox risklidir”.
 
Ekspert vurğulayıb ki, günlük kirayəyə verilən evlərə olan tələbat isə demək olar ki, sıfırdır: “Çünki xaricdən turistlər gəlmir və insanlar istirahət üçün rayonlara gedə bilmirlər. Gündəlik mənzil bazarına yay fəsli olmasına baxmayaraq tələbat yoxdur. Hotellərdə də vəziyyət ürəkaçan deyil. Xüsusilə də bölgələrdə vəziyyət heç də ürəkaçan deyil”.
 
Akqabay Mıradov

Загрузка...
Загрузка...