"Biriləri sosial şəbəkədə Rəsulzadəni və Elçibəyi fahişələrə məxsus üslubda təhqir edirsə..."

Baxış sayı: 
85
2  
0  

Azərbaycan türkləri ilə iç içə, canı-qəlbi, məişəti tarixi ən yaxın olan, ətlə dırnaq qədər bir-birinə bağlı olan əsas xalqlardan biri məhz talış xalqıdır. Siyasi natamamlıq, etnik küstahlıq motivləri ilə kimlərsə bəzən bu xalq haqqında incidəcək ifadələr işlədibsə, bunu heç vaxt türklərin talışlara münasibəti kimi qələmə vermək doğru deyil. Həqiqətən talışlar Azərbaycanın ən dəyərli etnik sərvətidir və kimlərsə başqa yerlərdən idarə olunan siyasi konspektlərlə hansısa ayrılıq toxumları səpməyə çalışsalar da, sağduyulu türklər və talışlar birlikdə bu ləyaqətsiz addımların qarşısını almağı bacaracaqlar. Çünki Azərbaycanın gələcəyi, bütövlüyü məhz bu birliyin qorunmasından keçir. Bu ayrılığı Rusiyada da, Avropa məkanında da salmağa çalışırlar və bəzən də nail olurlar. Ona görə də hər iki xalqın təmsilçiləri bir-birinə qarşı ehtiyatsız fikirlər səsləndirməkdən çəkinməli, bir ölkənin bərabərhüquqlu vətəndaşları kimi problemləri mədəni şəkildə çözməlidirlər. Xaricdə yaşayan bir neçə ayrılıqçı düşüncəyə sahib insanlar var ki, məhz talış xalqını qarşıdurmaya sövq etmək üçün ən çirkin üsullara əl atırlar. 

Əlbəttə, hər bir xalqın mədəni, siyasi, sosial xarakterli müxtəlif problemləri ola bilər və bunları Azərbaycan dövlətinin qanunları çərçivəsində gündəmə gətirmək olduqca zəruridir. Bunların həlli üçün də birlikdə çalışmamız daha çox işin xeyrinə olardı. Ancaq istər türk milliyətçisi mövqeyindən, istərsə talış milliyətçisi mövqeyindən çıxış edərək cəmiyyətə qarşı tərbiyəsizlik nümayiş etdirmək, birbaşa bu şəxslərin özlərini gülünc vəziyyətə qoyur. Diqqət edirəm, Əli İmranov Tolışı adlı həm Azərbaycan dövlətinin, həm də birbaşa talış xalqının düşməni olan şəxs sosial şəbəkədəki paylaşımlarında Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi fahişələrə məxsus üslubda təhqir edir, ünvanlarına söyüş yağdırır və hiss olunur ki, birbaşa milli ədavəti körükləmək tapşırığını yerinə yetirir. Məqsəd aydındır, bu şəxsin hansı konspektdən istifadə etdiyi bəllidir. Bu cür yaramazların cavabını yalnız bu dövlətin təəssübünü çəkən vətəndaşlar verməməlidir, həm də öz xalqını və bu dövləti sevən ləyaqətli talış ziyalıları verməlidirlər. Ən azı deməlidirlər ki, ay Tolışı ləqəbindən istifadə edən ləyaqətsiz, talışların sosial, mədəni problemlərini qaldırmaq niyyəti ilə Azərbaycan dövlətinin qurucuları barədə təhqiramiz fikirlər qətiyyən bir araya sığmır, bu qızışdırıcılığın ən böyük ziyanı da məhz talış xalqına dəyir. Mənim onlarla talış dostum var, hamısı etiraf edir ki, 1993-cü ildə Əlikram Hümbətovun o zamankı Rusiya və İran kəşfiyyatının maraqlarını qabardan təxribatçı hərəkətləri qədər talış xalqına tarixdə ikinci belə zərbə vurulmayıb. Bu səbəbdən də Azərbaycan dövlətini sevən, onun gələcəyini düşünən hər kəs bu məmləkətdə türklərlə başqa xalqların, özəlliklə də talışların dostluğunun möhkəmləndirilməsi üçün öz töfhəsini verməlidir. Separatçı düşüncəyə qarşı isə birlikdə və qətiyyətlə çıxış etməliyik.
 
Загрузка...
Загрузка...