Bir təriqətin izi ilə...: müxalifətlə “Şimalın şahı”nı nə birləşdirir? – SENSASİYALI FAKTLAR

Baxış sayı: 
51
1  
0  

 

Avropada internet tv-lər və sosial şəbəkələr üzərindən Azərbaycana qarşı virtual nifrət püskürən “söyüş müxalifəti”nin gerçək niyyətinin nə demokratiya, nə də insan haqları olmadığı, əslində pul və digər məqsədlər naminə hansısa xarici kəşfiyyat orqanları, yaxud güc mərkəzləri tərəfindən idarə olunduğu dəfələrlə gündəmə gəlib.
 
Təqdim edəcəyimiz faktlar daxildəki radikal və Avropadakı “söyüş müxalifəti”nin bağlantılarının qeyri-ənənəvi təriqətlərə qədər gedib çıxdığını, “hakimiyyətlə mübarizə” adı altında Azərbaycan dövlətinə qarşı planlara xidmət etdiklərini növbəti dəfə sübut edir.
 
“Şimalın şahı” niyə “mühacir” oldu?
 
“Söyüş müxalifəti”nin Feysbukda əsas ruporlarından biri “Anti-Korrupsiya” səhifəsidir. Səhifə “Şax Severniy” (Şimalın şahı) adlı profil tərəfindən idarə olunur. Adından da göründüyü kimi profil saxtadır. Burada ilk diqqət çəkən məqam Avropaya sığınmış və iaşə müxalifətinə qoşulmuş birinin niyə gizli profillə fəaliyyət göstərməsidir. Ənənəvi olaraq o, sığındığı ölkənin müvafiq orqanları qarşısında Azərbaycandan qaçışını legitimləşdirmək üçün öz adı ilə daha açıq mövqe sərgiləməli idi. Burada bunun tam əksi görünür.
 
Araşdırmalar nəticəsində məlum olur ki, “Şax Severniy” profili Rizvan Kərimov adlı şəxsə məxsusdur. Hazırda Almaniyada yaşayan R.Kərimov əslən Xaçmaz rayonundandır, yaxınları bizneslə məşğuldur. Bu fakt bir daha təsdiq edir ki, “siyasi mühacir” donuna bürünmüş və öz ölkələrinə qarşı hər cür oyuna gedənlər heç də iddia etdikləri kimi “Azərbaycanda təzyiqlərə məruz qalıb, yaxud pis həyat yaşamayıblar”. Hərçənd, o da maraqlıdır ki, təmin olunmuş həyat yaşayan şəxs niyə Avropaya qaçaraq, “söyüş müxalifəti”nə qoşulub?! “Kələfin ucu” burada açılır.
 
Bir təriqətin izi ilə...
 
R.Kərimov və biznesmen olan yaxınları Süleymançı təriqətinin üzvləridir. Hətta təriqət üzvlərinin cümə namazını onlara məxsus evlərin birində qıldığı haqda məlumatlar var. R.Kərimov da məhz süleymançıların dəstəyi ilə əvvəlcə Türkiyəyə, daha sonra Almaniyaya köçə bilib və orada “Şax Severniy” olaraq peyda olub.
 
Süleymançılar XIV əsrin ikinci yarısında yaradılmış Nəqşibəndlik təriqətinin Xalidiyə qolundandırlar. Bu qoldan Erenköy, İşiqçılar, İsgəndərpaşa, İsmayılağa, Mənzil kimi hərəkatlar da çıxıb, lakin dünya ölkələrndə ən aktivləri süleymançılardır. Ötən əsrin əvvəllərində Süleyman Hilmi Tunhanın Türkiyədə qurduğu məktəblərdə təşkilatlanan təriqət “süleymançılar” adlandırılmağa başlandı. Təriqətin dünyanın müxtəlif ölkələrində, o cümlədən, ABŞ-da ofisləri var. Lakin ən güclü bağlantıları Almaniyadadır. Hətta Almaniya kəşfiyyatının süleymançıların əli ilə Türkiyənin daxilinə nüfuz etməsi haqda da informasiyalar mövcuddur. Buna paralel olaraq, təriqətin tanınmış simalarından olan Hayrullah Karadenizin “Bir ölünün ardından” başlıqlı etiraflarında ABŞ kəşfiyyatının süleymançılardan necə istifadə etdiyinə dair müfəssəl məlumatlar yer alır.
 
Müxtəlif dövrlərdə Azərbaycana gələn və tərəfdar toplayan süleymançılar yalnız Türkiyə və Azərbaycanda FETÖ-yə qarşı mübarizənin sərtləşməsindən sonra heç olmadıqları qədər güclənə bildilər. Xüsusilə sıravi gülənçiləri də aralarına qatmaqla sıralarını genişləndirdilər. Hərçənd, missiya baxımından süleymançıların FETÖ-dən çox da fərqi yoxdur. Onlar da ya xarici kəşfiyyat orqanlarının istəyinə, ya da özünüqoruma instinktinə uyğun olaraq var gücləri ilə idarəetmə orqanlarında təmsil olunmağa can atırlar.
 
Rizvan Kərimovun Azərbaycanda təmin olunmuş həyatına rəğmən Avropa çöllərinə üz tutması və Almaniyaya çatan kimi “Şax Severniy” olması isə Azərbaycandakı süleymançıların müxalifətə də nüfuz etmək planlarından xəbər verir. “Şax Severniy”in Almaniyada “söyüş müxalifəti”nin qarşıdurmada olan müxtəlif qanadları ilə eyni məsafədə təmas saxladığı, hər kəslə yaxşı münasibət qurduğu haqda məlumatlar da diqqətdən yayınmır. Görünür, onun missiyası “söyüş müxalifəti”ni eyni çətirin altına toplamaq və nəzarət etməkdir. Lakin müxalifətə yaxınlıq planı təkcə Avropada yox, Azərbaycanda da tətbiq olunur.
 
Milli Şuraya qədər uzanan şəbəkə...
 
“Şax Severniy”in və süleymançıların Azərbaycanda ən yaxın adamlarından biri Xaçmazda yaşayan Cəmil Məmmədli adlı şəxsdir. C.Məmmədli süleymançı deyil, lakin təriqətin diqqətinə məhz Əli Kərimli ilə yaxınlığına görə düşüb. Məmmədli Əli Kərimlini açıq dəstəkləyir, lakin AXCP rəhbərliyi üçün sıradan tərəfdarlardan olmadığı da dəqiqdir. Onun bu ilin 17 aprel və 19 iyun tarixlərində Əli Kərimlinin əsas “təbliğat maşını” sayılan və Avropada yaşayan Qənimət Zahidin “Sözarası” verilişinə dəvət olunması bu kontekstdə təsadüfə bənzəmir. Veriliş zamanı ən fəal cəbhəçilərin belə C.Məmmədli haqqında “Bu adam kimdir” deyə yazması da diqqətdən qaçmır. Maraqlıdır, Əli Kərimli cəbhəçilərin belə tanımadığı bir şəxsi partiyada özündən başqa heç kimin çıxmasına imkan vermədiyi tribunaya niyə çıxarır?!
 
Məlumatlara görə, C.Məmmədli süleymançılarla Əli Kərimlinin arasında əsas vasitəçidir və o da iddia olunur ki, təriqət gizli şəkildə Milli Şuraya maliyyə dəstəyi verir.
 
Bu faktlar radikal və “söyüş müxalifəti”nin maliyyə üçün istənilən qüvvələrlə əməkdaşlığa getdiyini və dövlət təhlükəsizliyinə təhdid olan planlarda sevə-sevə iştirak etdiyini təsdiqləyir.
 
Asif Nərimanlı

Загрузка...
Загрузка...