Belarusda parlament seçkiləri: Müxalifət nəticələrin əvvəlcədən bəlli olduğunu iddia edir

Baxış sayı: 
230
1  
0  

 
Bu gün Belarusda parlament seçkiləri keçrilir.
 
“Nəticələr isə artıq indidən məlumdur. Artıq indiyə qədər saxtalaşdırma ilə bağlı yüzlərlə şikayət daxil olub”, - deyə Almaniyanın “Die Tageszeitung” qəzetinin Lukaşenko rejiminin tənqidinə həsr olunmuş məqaləsində bildirilir.
 
Seçkiləri izləmək üçün bu ölkəyə gedən jurnalist Paul Flükiger Minskdə müxalif və qərbyönümlü “Azadlıq uğrunda” partiyasının lideri Yuri Qubareviçlə görüşüb.
 
Onun sözlərinə görə, artıq bəzi məntəqələrdə seçkinin taleyi bir neçə gün öncədən həll olunub: “Məsələn, 571 saylı bir məntəqədə seçki qutusunda iki gün içində 107 bülleten aşkar edilib. Digərinin isə ümumiyyətlə, doldurulduğu və 571 bülletenin olduğu ortaya çıxıb”.
 
Y.Qubareviç bununla bağlı polisə müraciət etdikərini, lakin hüquq-mühafizə orqanlarının tədbir görmək əvəzinə onların özlərini həbs edəcəyi ilə hədələdiyini söyləyib. Müxalifət nümayəndəsi bütün bunları mobil telefonla görüntülədiyini, lakin etirazın mənasız olduğunu ifadə edib.
 
Belarus seçkilərinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Belə ki, seçkilər bazar gününə təyin olunsa da vətəndaşların müxtəlif əsaslara daha əvvəl səs vermək hüququ da var. ATƏT nümayəndələrinin fikrincə, bu, saxtalaşdırmada əsas rol oynayan faktor sayılır. Belə ki, artıq seçki günündən qabaq qutular hakimiyyət partiyasının lehinə doldurulmuş olur.
 
Belarus parlamentindəki 110 yerə hazırda 516 namizəd iddia edir. Onlardan 13-ü son anda seçkidən kənarlaşdırılıb, 33-ü isə könüllü olaraq yarışdan çəkilib. Səsvermə prosesindən uzaqlaşdırılan siyasi qüvvələrdən biri də Birləşmiş vətəndaş partiyasıdır.
 
“Lukaşenkonun dövründə onsuz da parlamentin elə bir ciddi rolu yoxdur”, - deyə partiyanın liderlərindən olan Anatoli Lebedko qəzetə danışıb.
 
2016-cı il seçkilərində Belarus lideri parlamentin yuxarı palatasına yalnız iki müxalifət nümayəndəsini buraxıb. A.Lebedkonun fikrincə, bu seçkilərdən sonrakı iclaslarda daha çox susmağa üstünlük verən bir neçə “müstəqil” deputatı görmək mümkün olacaq.
 
Avropa müşahidəçiləri 2019-cu ildəki seçkilərin saxtalaşdırılma səviyyəsinin əvvəlki illərdən daha yüksək olacağını bildirirlər. Belə ki, Belarus prezidentinin hazırda reytinqi olduqca aşağıdır.
 
“Bu, həm “dost və qardaş Rusiya”nın ölkəyə verdiyi subsidiyaları kəsməsi, həm də Aleksandr Lukaşenkonun seçkiqabağı vədlərini reallaşdıra bilməməsi ilə bağlıdır,” - deyə məqalədə vurğulanıb.
 
Müəllif Aleksandr Lukaşenko və Vladimir Putin arasındakı münasibətlərin gərgin olduğunu bildirib və onun bu yaxınlarda Brüsseldə təmtəraqla qarşılanmasına diqqət çəkib.
 
“Belarus rəhbərinin planı aydındır. O, Brüsseli (yəni Avropa Birliyini) yenidən Moskva ilə üz-üzə qoyub, hər ikisindən də “iqtisadi hədiyyələr” qoparmaq istəyir. Avropa Birliyi deyəsən, bu tələyə düşməyə hazırdır. Çünki rəsmi Minskdən seçkilərin azad və və adalətli keçrilməsini tələb edən artıq yoxdur”, - deyə yazının sonunda qeyd olunub.
 
Musavat.com

Загрузка...
Загрузка...