Bədənindən cin çıxarılan zaman ölən Muradın atası: "Kimi tutsa, dişləyirdi" - TƏFƏRRÜAT

Baxış sayı: 
20
3  
0  

 
"Cin çıxaran" dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, cin çıxarmaq adı ilə bir gəncin ölümünə səbəb olmaqda ittiham edilən şəxslərin növbəti məhkəməsi keçirilib.
 
6 nəfərlik dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.
 
Məhkəmə iclasında mərhumun atası, hüquqi varis kimi tanınan Şahin Soltanov ifadə verib.
 
Ş.Soltanov deyib ki, yoldaşından boşandıqdan sonra oğlu ilə münasibətləri yaxşı olub.
 
Onun sözlərinə görə, oğlu Murad ana nənəsi ilə birlikdə yaşayıb. Şahin Soltanov bildirib ki, Murad hərbi xidmətdən gəldikdən sonra işləməyə başlayıb. Həmin ərəfədə isə səhhətindən heç bir problemi olmayıb.
 
Ş.Soltanov deyib ki, oğlunun səhhətində problem anasının yenidən ailə qurmasını eşitdikdən sonra başlayıb:
 
"Əvvəlcə nənəsi dünyasını dəyişdi. Murad nənəsinə bağlı olduğu üçün bu hadisə ona təsir elədi. Yas günündə Muradın anası hamının içində elan etdi ki, yenidən ərə gedib. Oğlu əsgər gedəcəyi bir vaxtda, özündən yaşca kiçik olan biri ilə evlənməsi hamıya pis təsir etdi. Qohumları onun üstündən xətt çəkdi. Bu da Murada pis təsir etdi. Murad əsgərlikdən gələndən sonra da çox normal idi".
 
Ş.Soltanovun dediyinə görə, oğlunun səhhəti anidən pisləşib.
 
"Bir gün evdə oturanda Murad qışqırmağa başladı. Başını divara vuraraq qışqırıb, söyüş söyürdü. Əlimi atanda dişlədi. Barmağımı çəkməsəydim, qopardacaqdı. Mən qonşuları köməyə çağırdım. Çünki onu saxlaya bilmirdim. Kimə təpik vururdusa, yıxılırdı. Kimi tutsa, dişləyirdi. Biz təcili yardım çağırdıq. Onun əllərini bağlayıb xəstəxanaya apardıq. Bir gün sonra Murad bibisi ilə görüşmək istədiyini dedi. Bibisinə demişdi ki, dəli deyil, xəstəxanada qalmaq istəmir"- deyə hüquqi varis bildirib.
 
Ş.Soltanov daha sonra əlavə edib ki, keçmiş həyat yoldaşı xəstəxanaya gəlib və oğlunun bədəninə cin girdiyini deyib:
 
"Dedi ki, uşağı aparıram, onun bədəninə cin girib. Mən orda olanda xəstəxanada işləyən bir nəfər həkim mənə dedi ki, uşaq salamatdır. Onu pirə aparmaq lazımdır. Anası Muradı aparandan iki gün sonra bacıma zəng edib. Deyib ki, Murad evdən qaçıb. Biz də onu axtarmağa başladıq. Muradı parkda gəzəndə tapdıq. Həkim çağırdıq. Murada iynə vurdular ki, sakitləşsin. Amma təsir etmədi. İkinci iynəni vuranda həkimlər mübahisə elədilər. Biri deyirdi ki, vurma. Sonra Muradı xətəxanaya apardıq. Orada bir gün də qaldı. Sonra dost-tanışla soraqlaşdıq. Dedilər ki, bədənində cin var. Bir molla gətirdik. Murad mollanı söyürdü, sonra bir az düzəldi. Mən Muradı həkimə də apardım. Dedilər ki, əsəb problemidir. Dəlixanaya aparmağımı istədilər. Mən də oradakı vəziyyəti bilirdim. Orada zombi yetişdirirlər. Ona görə də uşağı ora aparmaq istəmirdim. Sonra molla evə gəlirdi, dua oxuyurdu. 2 ay sonra düzəldi. Xəstə olan vaxtı yemək yeyəndə ətin sümüyünü də yeyirdi. Elə bil ki, it yemək yeyirdi. Qaynar su ilə çimirdi. Sonradan tam düzəldi.
 
Artıq özü sərbəst, rahat gəzirdi. Molla da hər gün gündə 3 dəfə gəlib gedirdi, dua oxuyurdu, Murad da etiraz etmirdi. Murad özü həyətə çıxırdı, nənəsigilə gedirdi, dostları ilə görüşürdü".
 
Daha sonra Ş.Soltanov hazırda həbs edilən şəxslərin necə tanınmasından danışıb.
 
"Bir gün Muradın anası dedi ki, bir nəfər də var. Muradı onun yanına da aparmağı istədi. Mən də uşağın xatirinə razılaşdım. Burada əyləşənlərdən Füzuli bizə gəldi. O, Murada dua oxudu. Murad sonra mənə dedi ki, Füzulidən qorxub. Füzuli mənə dedi ki, Muradda cin var. Mən də nə lazımdırsa edilməsini istədim, nə lazımdırsa, hörmət edəcəkdim. Amma Füzuli dedi ki, pul lazım deyil. Özüm məcbur Füzuliyə bir dəfə 300, bir dəfə də 400 manat vermişəm".
 
Bundan sonra Füzuli və digər təqsirləndirilən şəxslər Muradı "müalicə"yə başlayıb.
 
Ş.Soltanovun bildirdiyinə görə, onlar dua oxumaqla yanaşı, Muradı çubuqla ağrıtmayacaq həddə vururmuşlar. Hətta atası özü də hərdən Murada çubuqla vururmuş.
 
Atanın dediyinə görə, nar çubuğu ilə döyülmək Murada yaxşı təsir göstərirmiş.
 
"Bir gün Muradı çimizdirəndə onun qarnında qançır zolağı gördüm. Nə olduğunu soruşanda cavab vermədi. Füzuliyə dedim ki, birdən uşaqlar Muradı möhkəm döyərlər. Həmin gün Muradı götürməyə gələndə gördüm, vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, qətiyyən həkimə zəng eləmə, evə apar, düzələcək. Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim, gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar isə dayanıb baxırdılar".
 
Ş.Sultanov deyib ki, oğlunun ölümündə hamısını günahkar görür: "İndi deyirlər ki, Füzuli bizə dedi, biz də kömək məqsədi ilə etdik. Deməli, Füzuli bunlara desəydi ki, cini çıxarmaq üçün, uşağın dərisini soymaq lazımdır, onu da edəcəkdilər? Adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər, Murad yalvarıb onlara, amma biri insafa gəlməyib. Hətta küçədə itə belə bir şey edəndə adamın yazığı gəlir, bunların heç biri deməyib ki, adamı bu qədər döymək olmaz, öləcək".
 
Məhkəmə araşdırması davam etdirilir.
 
İttihamda yazılır ki, 25 yaşlı Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.
 
Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılıblar.
 
İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.
 
Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə "seans" zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı "Toz-8" markalı tüfəng aşkar edilərək götürülüb.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
 
Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...