BAXCP SƏDRİNİN RUSİYA SEVGİSİNİN NƏDƏNLƏRİ... - Qüdrət Həsənquliyev qulluq etdiyi məmurların sifarişiylə Sərdar Cəlaloğluna şər-böhtan atır

 
Əgər o, belə hünərlidirsə, o zaman Dilanla görüşdə iştirak edənlərin hamısının adını açıqlamalıydı
 
Həm parlamentdə, həm də iştirak etdiyi müxtəlif tədbirlərdə, o cümlədən mediaya verdiyi açıqlamalarında daim Kremlin mövqeyini qoruyan, biət etdiyi fövqəladə hallar nazirinin diqtəsindən kənara çıxmayıb onun göstərişlərinə sözsüz itaət edən, Rusiyapərəstlərin ölkəmizdəki “danışan dili” olan BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev bu günlərdə özünə və maliyyəçisi Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən saytlardan birinə açəqlamasında barəsində deyilən haqlı iradları, ciddi ittihamları sovuşdurmaq məqsədiylə ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu ilə bağlı cəfəng, başdan sonadək iftiralarla dolu fikirlər səsləndirib. Belə ki, o, Sərdar Cəlaloğlunun PKK lideri Dilanla görüşdüyünü, gecə İran səfirliyindən gizli çıxarkən tutulub ifşa olunduğunu iddia edib.
 
Görünən odur ki, əlinə düşən hər fürsətdə Moskvanın maraqlarına uyğun çıxışlar edən, Azərbaycanı yenidən Rusiyanın boyunduruğuna salmağa çalışın BAXCP sədri məhz bu yolla, yəni Sərdar Cəlaloğluna qara yaxmaqla onu gözdən salmağı, ADP sədrinə simpatiyası olan, onun platformasını dəstəkləyən seçicilərin səsini qazanmağı planlaşdırır. Lakin bu, baş tutan iş deyil. Çünki bu gün ölkədə hər kəs, hətta ucqar dağ kəndlərinin sakinləri belə, Qüdrət Həsənquliyevin kimə, nəyə və hansı səbəbdən qulluq etdiyini çox gözəl bilir. Yəni onun Rusiyapərəst olduğu, Kremlin diqtəsiylə hərəkət edənlərin əmrlərini icra etdiyi artıq heç kimə sirr deyil. Sərdar Cəlaloğluna gəlincə, ADP sədrinin müavini Taliyət Əliyevin də qeyd etdiyi kimi, PKK-nın nümayəndəsi Dilanla həmin görüş milli azadlıq hərəkatının ilk illərində baş tutub və Dilan başqa təşkilatın adıyla Naxçıvandakı bütün qruplarla görüşüb:
 
"Həmin dövrdə PKK haqqında dolğun informasiyalar olmadığından Naxçıvanın yerli siyasiləri Dilanı kürd separatçısı kimi yox, Türkiyədən gəlmiş qonaq kimi qarşılayıblar. Yalnız söhbət əsnasında bu "qonağın" PKK-çı olduğu aydınlaşıb və Sərdar Cəlaloğlu tərəfindən öz layiqli cavabını alıb".
 
Onu da qeyd etmək lazımdır ki, barəsində danışılan Dilan adlı şəxs həmin dönəmdə Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri, o cümlədən mərhum prezident Heydər Əliyev və müxalifətdə təmsil olunan digər partiya sədrləriylə də görüşmüşdü. Qüdrət Həsənquliyev isə digərlərinin adını çəkməyə cəsarəti çatmadığından, guya Dilanla yalnız Sərdar Cəlaloğlunun görüşdüyünü bildirib. Bununla da BAXCP sədri prezident seçkilərində rəqibi olan ADP sədrinə qarşı qarayaxma kampaniyası apardığını sübuta yetirmiş olub. Əgər o, belə hünərlidirsə, o zaman Dilanla görüşdə iştirak edənlərin hamısının adını açıqlamalıydı. Ancaq o, hər mövzuda olduğu kimi, bu məsələdə də Rusiyapərəst məmurlardan aldığı sifarişi icra edərək, türk dövlətlərinin birliyinin tərəfdarı olan, Azərbaycanda Kremlin maraqlarını təmin etməyə çalışanlarla mübarizə aparan və bunu açıq şəkildə bəyan edən Sərdar Cəlaloğlunu hədəf seçib. Çünki adam ona verilən əmrə itaət etmək zorundadır. Əks halda, QULluq etdiyi Rusiyameylli məmurlar ondan əlini çəkə, Qüdrət Həsənquliyevi himayəsindən məhrum edə, maliyyəsini kəsə bilərlər...
 
Bu arada, İran səfirliyi ilə bağlı məsələyə toxunarkən, qeyd etmək lazımdır ki, 1990-cı illərin sonlarında "Yeni Müsavat" qəzeti, uzun illərdir ona himayədarlıq və maliyyə yardımı edən, bir sıra dövlət adamları ilə bağlı kompromat xarakterli məlumatlar ötürən Rusiyapərəst məmurlardan birinin sifarişi ilə Sərdar Cəlaloğlu haqqında bu tip iftira dolu məlumat yaymışdı. Qezət iddia edirdi ki, guya ADP sədri gecə saatlarında İran səfirliyindən çıxarkən yaxalanıb. Halbuki bu barədə deyilənlər ağ yalan idi. Məhz elə buna görə də həmin vaxt Sərdar Cəlaloğlu məhkəməyə müraciət edib və nəticədə "Yeni Müsavat"ın dezinformasiya yaydığı məlum olub. Nəticədə məhkəmənin qərarı ilə adıçəkilən qəzet cərimələnib, baş redaktor Rauf Arifoğlu isə Sərdar Cəlaloğlundan üzr istəyib.
 
Onu da nəzərinizə çatdıraq ki, həmin vaxt bu məsələ heç də əbəs yerə ortaya atılmamışdı. Belə ki, hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev o zaman ADP sədri postunda təmsil olunurdu. Görünən odur ki, "Yeni Müsavat"a Sərdar Cəlaloğlunun guya gecə saatlarında İran səfirliyindən çıxdığını yazdıran Rusiyapərəst məmur bununla da ABŞ-a bir mesaj göndərmək, eyni zamanda Rəsul Quliyevlə Sərdar Cəlaloğlunun arasını vurmağı planlaşdırıb. Məhz həmin məmurun tapşırığı ilə "Yeni Müsavat"da yayımlanan başqa bir yazıda isə Sərdar Cəlaloğlunun guya İran səfirliyindən 15 milyon manat (Əvvəlki manatla - red.) aldığı qeyd olunmuşdu. Lakin ADP sədri bu dəfə də məhkəməyə müraciət edərək barəsində deyilənlərin iftira olduğunu sübuta yetirib və sözügedən qəzet məhkəmə qərarı ilə 2 milyon manat cərimələnib.
 
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun pulları hesabına həm özünün, həm də partiyası və qəzetinin mövcudluğunu qoruyub saxlayan Qüdrət Həsənquliyev isə Sərdar Cəlaloğlu ilə bağlı dediklərinin məhkəmə qərarı ilə şər-böhtan olduğunun sübuta yetirildiyini bildiyi halda, bu məsələni yenidən gündəmə gətirməklə ADP sədrinə açıq-aşkar şəkildə çirkab atmağa çalışır. Məhkəmələrin isə Azərbaycan dövləti adından qərar çıxardığını nəzərə alsaq, o zaman bu qənaətə gəlmək olar ki, BAXCP sədri buna rəğmən, Rusiyapərəst məmurlar tərəfindən ona verilən tapşırığı icra edir.
 
Məsələnin maraqlı tərəfi ondadır ki, Türk Konfederasiyasının yaradılmasını, Türkiyə ilə Azərbaycanın vahid xarici siyasət yürütməsini təklif edən, ümumiyyətlə ideyaları və prezidentliyə namizəd kimi platforması ilə digərlərindən fərqlənən Sərdar Cəlaloğluna qarşı həm iqtidar cəbhəsindən, həm də radikal müxalifət düşərgəsindən müxtəlif səpkili hücumlar edilir. Görəsən, onları bu məsələdə birləşdirən, təxminən eyni istiqamətdən çıxış etməyə vadar edən nədir? Kim bilir, bəlkə də radikal müxalifət düşərgəsinə bu sifariş elə hakimiyyətdən gəlir...
 
Son olaraq bir məqamı da diqqətinizə çatdıraq ki, türk milli kimliyi ilə fəxr etdiyini iddia edən Qüdrət Həsənquliyev masasının üstündə Azərbaycanla yanaşı, Türkiyə bayrağının da olduğunu desə də, cibindəki pullar Rusiyayönümlü məmurlardan gəlir. Sərdar Cəlaloğlunun isə həmin məmurlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
 
Valeh TÜRKSOY, Hurriyyet.org

Загрузка...
Загрузка...