“Bastiliya Qalası” uğrunda sonuncu Bakı “döyüşü” - Milli Məclisdə təmsil olunmaq üçün dövlətçi və paralelçi qüvvələr bu döyüşə qatılıblar

Baxış sayı: 
63
2  
0  

Dövlət bağımsızlığımıza qovuşan gündən Azərbaycanda ikihakimiyyətlilik hökm sürür. Belə ki, Kremlin metropol siyasətinin genetik baxımından daşıyıcıları və onların varisləri hələ də dövlət bağımsızlığımızın ulusal (milli) konspetual dəyərlərlə inkişafına mane olmaqda davam edirlər. Öncələr onlar sadəcə gözlərini Kremlə dikirdilərsə, bu gün anti-ulusalçı zəkanın daşıyıcıları İran, Amerika, Çin, Hindistan və digər dış güclərin ideoloji dəyərlərinin içində yer aldıqlarını heç də gizlətmirlər.
 
Hər dəfə dövlət quruculuğu ilə bağlı problemlər yarananda məhz həmin anti-ulusalçıların simalarını görürük. Onlar hətta “paralel dövlət” şəbəkəsini yaşatmaqla Azərbaycanı dövlətləşməsinə mane olduqlarını da gizlətmirlər.
 
Ölkəmizdə son iki ildə aparılan genişmiqyaslı islahatların bir əyləc kimi qarşısının alınmasında bu ünsürlərin hələ də dirəniş göstərdikləri göz önündədir. Milli Məclis seçkilərinə 125 yerə 1500 nəfərdən çox namizədin irəli sürülməsinin arxa baxçasında da məhz bu hədəflər durur.
 
Bakını milli olmağa qoymayan sirli hədəflər
 
Azərbaycanın Çarlıq Rusiyası tərəfindən işğalına qədər bütün sənaye, ticarət və mədəniyyət baxımından şəhərlərimiz dominantlıq təşkil edən superetnosunun ali konseptinə bağlı olurdular. Çarlıq Rusiyasının işğalından sonra, mərkəz Bakı olmaqla, bu şəhər kosmopolit bir konsepsiyanın axarına yönləndirilir. 1920-ci ildə bolşevik istilasının ardından dərhal bu konsepsiya “qırmızı” rəngə boyanaraq, fərqli ideologiya altında davam etdirildi. Min dəfələrlə təəssüflər olsun ki, 1991-ci ildən bu günə kimi fərqli formada anti-ulusal baxışların dövlət siyasətinin bir parçasına çevrilməsi hədəflərinin daşıyıcısı olanlar dövlətin ən ali məqamlarında belə, yer almaqdan çəkinməyiblər. Süni şəkildə irəli sürülən “azərbaycançılıq” konsepti buna örnəkdir.
Bu gün Azərbaycan iqtidarında olduğu kimi, müxalifətin də içində keçmiş “Sovetlər Birliyi” imperiyasını idarə edən primakovlar, qraçovlar və barannikovlar tərəfindən idarə olunan qruplar mövcuddur. Kremlin imperiya təfəkkürlü metropol siyasətinin “Azərbaycan masası”nı idarə edənlər çoxdan gəbərsələr də, mənəvi baxımdan onların ruhuna səcdə qılanlar ölkəmizdə hələ də siyasi-ictimai, elmi-mədəni, hüquqi və sosial baxımdan fəaldırlar. Məhz bu faktor əsasında dayaqlarını mümkün qədər qorumağa çalışırlar.
 
Bu anti-ulusalçı çetelər Bakını Çarlıq və Sovet imperiyaları dönəmindəki kimi, “kosmopolit” mərkəz və ya beyin olaraq qorunub saxlanılmasını müdafiə edirlər. “Azərbaycançılıq” ideyası bu kosmopolitizmin əsl istinad nöqtəsidir. Çünki 1930-cu illərdə stalinizmin mirasının dayışıcıları bu gün də həmin hədəflərlə siyasət yürüdürlər. Ona görə də, “kosmopolitizm”i “paralel dövlət” modeli standartları altında idarəetməyə cəhdlər olunur.
Bu gün Milli Məclis seçkilərinə qatılan 1500 nəfərdən çox namizədin yarıdan çoxu elə paytaxt Bakıda yarışa girişib. Başlıca məqsəd “kosmopolitizm”i daha da yayğın bir duruma yönəltməkdir. Namizədlərin çoxunun seçki platformasının ideya məzmunu da bu notlar üzərində köklənib.
 
 
 
“Paralel dövlət” yapısının arxa baxçası
 
Kimsəyə sirr deyil ki, 2003-ci ildən sonra, Azərbaycanda Prezident Aparatına qədər “paralel yapı” siyasətinin formalaşdırılmasına çalışıldı. Hətta prezidentin icra aparatının rəhbəri, “akademik”, “dərin siyasətçi”, “saray kombinasiyaları”nın mahir idarəedicisi tipli epitetlərlə özünü ən qüdrətli hökmdar cildində görən Ramiz Mehdiyevin dəstəyi ilə məhz bu “pararlel dövlət” modeli anti-ulusal konseptin zirvəsinə qalxmışdı. Onlar üçün fərqi yox idi, “paralelçilər” hansı ideyanın daşıyıcısıdırlar: keçmiş “kommunist”, ya da bu günkü “fətullahçı”. Əsas konsep ondan ibarət idi ki, antiulusal projedə birgə addımlasınlar. Özünə köməkçi statusu ilə işə götürdüyü Elnur Aslanlının “fətullahçı” olmasına baxmayaraq, Ramiz Mehdiyevin maraq dairəsi “V. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" və "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" yönündə formalaşmışdı. Faktiki olaraq, 15 il Prezident Aparatı və bölgələrdəki icra strukturlarını bu gerizəkalı təfəkkürlə idarə etdi. Belə bir anlamın dayaq nöqtəsi: “məmur oliqarxiya” və ya “feodalizm” düşüncə sisteminin XXI yüzilin standartlarına pərçimlənməsi idi. Hətta prezident İlham Əliyev və onun qurmaq istədiyi komandaya qarşı üsyan edərək: “Azərbaycanda kadr qıtlığı var” tipli ajiotajlar yaradılırdı. Orta əsrlərin feodal təfəkkür tərzinin davam etdirilməsi əslində Azərbaycanı çağdaş inkişaf proseslərindən azından 50-100 il geri salmaq hədəfləri olaraq görülürdü.
Bu gün “paralel dövlət yapısı” tərəfdarlarının total şəkildə Milli Məclis seçkilərində iştirakı da Azərbaycanda bu günün və gələcəyin standartlarına uyğun qanunvericlik təşəbbüslərinin buxovlanması deməkdir. Buna adi örnək göstəməklə oxucularımızı inandırmaq üçün deyil, gerçəklikləri daha dərindən bilmələrinə çalışacağıq. Demək olar ki, postsovet məkanında yerli özünüidarəetmə kimi demokratik proses sadəcə Azərbaycanda yox kimidir. Belə ki, bələdiyyələrin hüquqlarının inkişafı baxımından onların heç bir hüquqlarının olmaması, daha çox icra strukturlarına tabe etdirilməsi “ifrat mərkəziyyətçilik”, “inzibati amirlik” və sair metodların sayəsində feodalizmin çürümüş dəyərlərinin hökm sürməsi deməkdir. Təhsil, vergi, səhiyyə, aqrar sektor və digər sahələrin inkişafının qarşısı məhz inzibati idarəetmə rejiminin sayəsində alınmışdı. Bunun fəsadları ilə üz-üzə qalan Azərbaycan dövləti, eləcə də milyonlarla insan dözülməz həyat şəraitinin içində boğulub məhv olmaq təhlükəsini yaşayırdı. Bələdiyyə strukturları ilə yanaşı, dövlətin digər sahələrdə demokratikləşməsinin qarşısını alan “mehdiyevçilik” təfəkkür tərzinə ona görə bu gün prezident qəti şəkildə “YOX!!!” deyir.
 
 
 
Milli Məclisə “Bastiliya Qalası” kimi nə üçün yanaşılır?
 
Yanvarın 10-da faktiki olaraq namizədliyini irəi sürmüş vətəndaşlar açıq şəkildə seçki təbliğatını aparmaq hüququ qazanıblar. Namizədlərin sosial mənşəyini, ideoloji və siyasi baxımdan qavramlarını incələdikdə bəlli olur ki, onların çoxu “paralel dövlət” yapısının tərəfdarlarıdırlar. Belə taktika ilə bir yandan Milli Məclis seçkilərinə olan maraqların heçə endirilməsi, digər yandan isə, bütün seçki dairələrində rəqabətliliyi tam bağımsız Azərbaycan dövlətçiliyi üçün mücadilə aparanları küncə sıxışdırmaq kimi hədəfləri görürük. Bu gün hakimiyyətin bütün eşalonlarından güclü dəmir iradə ilə uzaqlaşdırılan “paralel dövlət” yapısının tərəfdarlarının indi ən son ümid yeri Milli Məclis olduğuna görə, seçkilərə çoxsaylı namizədləri ilə qatılıblar. Çünki hakimiyyət və səlahiyyət baxımından Milli Məclis dövlətin 3-cü bel sütunu hesab olunur.
 
Digər yandan isə, Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından öncələr olduğu kimi, əyləc yolu ilə addımlamaq üçün status əldə etməyə çalışırlar. Milli Məclis “paralel dövlət” yapısının tərəfdarları üçün “Bastiliya Qalası” deməkdir. Min dəfələrlə təəssüflər olsun ki, Milli Məclisi ələ keçirmək üçün sadəcə keçmiş texnokratlar deyil, həm də müxalifətdə olub, illər boyu “paralel dövlət” yapısına dəstək verənlər də bu prosesdə fəallaşıblar.
 
Reformistlər qalib gələ biləcəklərmi?
 
Milli Məclis seçkilərinə qatılanların arasında etnik, dini və siyasi separatizmə dəstək verənlər də az deyillər. Eynilə 1920-ci il 27 aprel tarixində Azərbaycanın işğalını canı könüldən müdafiə edənlər və 1991-ci ildə dövlət bağımsızlığımıza qarşı olanlar yer alıblar. Ölkəni “məmur oliqarxiya” təfəkkür tərzindən çıxarmaq, dinamik dövlət modeli ilə addımlamaq istəyənlər Milli Məclis seçkilərinə qatılsalar da, onların ictimai-sosial baxımdan nüfuzları və apardıqları təbliğatlar çox zəif, bəsit görünür. Çünki xalqla uzlaşa biləcək baxışlarını tam mənada açıqlamaqda çətinlik çəkirlər. Siyasi avantüra üzrə ixtisaslaşmış “paralel dövlət” yapısının tərəfdarları isə, gecə-gündüz demədən cəmiyyətdə, sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə zahiri baxımdan effektiv görünən təbliğatlarını daha üstün səviyyədə qura biliblər.
Fikrimizcə, həm hakimiyyətdəki, həm də müxalifətdəki islahatçılar, özəlliklə də milli dövlət təməllərinə üstünlük verənlər seçki ərəfəsində xalqın içinə gedərək nepotizm siyasətinin bütün eybəcərliklərini açıqlamaqdan çəkinməməlidirlər. İslahatların millət və dövlət modeli olaraq hansı uğurlara səbəb ola biləcəyini çılpaqlığı ilə danışmalı, seçicilərin inamını qazanmağı bacarmalıdırlar. Cəmiyyətdə inam olmalıdır ki,artıq “yuxarıların siyahısı” anlayışına son qoyulmasının dönəmi çatıb. Reformistlərin bir qədər susqun və lal baxışlarla əhatələnmiş addımları cəmiyyətdə heç də normal qəbul edilmir. Biz demirik ki, populizmə dayanıqlı fırtınalar qopsun. İntellektual və üstün səviyyədə baxışlarını cəmiyyətlə bölüşməyin zamanı çatıbdır. 2018-ci ilin aprel ayından etibarən Azərbaycanın texnokrat-menecer kadrlar tərəfindən idarə olunması ölkəmizin sürətli inkişaf doktrinasına çevrilib. İndi bu prosesi qanunvericilik bazası sayəsində daha da inkişaf etdirmək Azərbaycanın bütün köklü problemlərinin çözüm yoludur. Ona görə də zəli kimi 29 ildir Azərbaycanı daxildən sömürən “paralel dövlət” yapısının tərəfdarlarının iflasa uğradılması zamanın hökmü deməkdir. Bu prosesin qarşısını ancaq reformist düşüncə ilə almaq mümkündür. Milli Məclis seçkilərinin bu qədər aktual olmasının səbəbi də budur. Ona görə də prezidentin iradəsi ilə Milli Məclis istefaya göndərilmişdir. Çünki “paralel dövlət” yapısı bir güc kimi ölkənin irəli çıxmasına uzun illərdir ciddi şəkildə mane olub.
 
“Bastiliya Qalası”na olan yürüş Fransa və dünya demokratiyasına hansı uğurları veribsə, Milli Məclis və Azərbaycan da bir dövlıt olaraq bundan faydalanmalıdır.
 
Ənvər BÖRÜSOY

Загрузка...
Загрузка...