Bakıxanovda narkomanların, əxlaqsız qadınların yığışdığı, ətrafı villalarla dolu unikal yaşıllıq - "1 hektar ərazidir, sotu 50 minə..."

Baxış sayı: 
83
2  
0  

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 1-də çoxillik şam ağaclarından ibarət yaşıllıq zonası baxımsızlıqdan məhv olub gedir. 1924-cü ildə salınmış və uzun illər “Pionerlər parkı” kimi fəaliyyət göstərmiş park son 3-4 ildə baxımsızlıqdan xarabalığa çevrilib.
 
Fikrət Tağıyev küçəsində son illər çoxsaylı dəbdəbəli villalar tikilib, elə parkın qara günləri də bundan sonra başlayıb. Ərazi hasarlanıb, içərisindəki tikililər dağıdılıb, yerdə qalan yarıuçuq tikililər isə tez-tez yandırılır.
 
Sakin: 11 yaşlı uşaq, damağında siqaret...
 
Parkın yaxınlığında yaşayan sakinlər virtualaz.org-a bildiriblər ki, vaxtı ilə azyaşlıların asudə vaxtının səmərəli təşkilinə xidmət edən park indi uşaqların bəlasına çevrilib. Evdən qaçan, valideyn nəzarətindən yayınan azyaşlılar parkda toplaşır, kimi siqaret çəkir, kimi də içki içir. “Baxırsan ki, 11 yaşlı uşaqdır, damağında siqaret ağacın altında gizlənib. Bir neçə dəfə içki məclisi qurmuş uşaqları qovmuşuq. Hələ narkomanları demirəm, elə bil Bakıxanovun bütün narkomanları burda cəmləşir”,-sakinlərdən biri belə deyib.
 
 
 
Əxlaqsız qadınların məkanı...
 
Sakinlərdən biri isə ərazinin əxlaqsız yuvasına çevrildiyini iddia edib və əlavə edib ki, yaxınlıqda yaşayanların əksəriyyəti cəmiyyət içində tanınmış adamlardır, hansısa müəssisəyə rəhbərlik edən şəxsin adının belə bir şikayətdə hallanması yaxşı səslənmir. Amma tədbir görülməyəcəyi halda cavanlar arasında qan töküləcəyindən narahatdılar.
 
Parkın hər iki tərəfində villalar tikilib və təxminən 20-ə yaxın villanın arxa qapısı parka açılır. Sakinlərdən biri uçub-dağılmış tikilini göstərib deyib ki, ötən həftənin cümə axşamı yanğın törətməyə cəhd ediblər. “Baxın, nə qapısı qalıb, nə də pəncərəsi, hamısını yandırıblar. Elə bil qəsdən xarabalığa çevirirlər. Bilmirsən nəyə hirslənəsən, parkın dağıdılmasına, yoxsa əraziyə toplanan əxlaqsız qadınlara?”
 
95 yaşlı ağaclar baxımsızlıqdan quruyub
 
Parkdakı az qala 95 yaşına çatmış, iri gövdəli şam ağacları susuzluqdan quruyub, bəzi ağacların budaqları qırılıb. Amma uşaqlar üçün qurulmuş attraksion və ərazidə yalnız dəmir konstruksiyası qalmış skamyalar, fontan, kütləvi tədbirlərin keçirilməsi üçün səhnə vaxtilə buranın gözəl istirahət parkı olmasından xəbər verir.
 
 
 
Adil adlı sakin deyib ki, bu parka 46 il Səriyyəxanım adlı qadın rəhbərlik edib, qoruyub, sahib çıxıb. Ondan sonra park baxımsız qalıb: “Sovetlər dövründə bura məktəblilər gəlirdi, gördüyünüz yarıuçuq binalar o vaxt bu vəziyyətdə deyildi və orada şagirdlərə dərnəklər keçilirdi. Sonradan idarəni ləğv elədilər. Hazırda hansı təşkilatın balansında olduğunu bilmirik. Gündüz yaxınlıqdakı məktəbin şagirdləri dərsdən qaçıb bura yığışır. Bir sözlə, atasından-anasından küsənlər bura doluşur - qumar oynayan kim, içib keflənən kim. Sonra da dava-dalaş başlayır. Ona görə də, uşaqlarımızı bura buraxmırıq”.
 
Sakinlər onu da söyləyiblər ki, icazə veriləcəyi halda ərazini cənnətə döndərməyə hazırdılar. Yaşlı ağacları qoruyub, sahib çıxa bilərlər.
 
Parkın sahibi kimdir?
 
Bakıxanov bələdiyyəsindən virtualaz.org-un sorğusuna bildiriblər ki, “Pionerlər parkı” Mədəniyyət Nazirliyinin balansındadır, ona görə də bələdiyyə əraziyə müdaxilə edə bilmir. “Əslində, yaxınlıqdakı villaların sahibləri qəsdən belə edirlər ki, əraziyə sahib çıxsınlar. Bildiyim qədər park nazirliyin balansındadır, onların parka nəzarət edən gözətçiləri də var”,-bələdiyyədən belə deyiblər.
 
 
 
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən isə bildiriblər ki, idarənin tabeliyində 5-6 park olub, onu da təxminən 2 il əvvəl rayon icra hakimiyyətlərinin tabeliyinə veriblər: “Həmin siyahıda “Pionerlər parkı” olmayıb. Ümumiyyətlə, indi parklar bizim nəzarətimizdə deyil”.
 
Sabunçu rayon İcra Hakimiyyətindən isə Bakıxanovda, həmin ərazidə nə vaxtsa parkın olduğunu inkar ediblər. “Orada heç vaxt park olmayıb” – İcra Hakimiyyətindən deyiblər.
 
İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri İsa Həsənov söyləyib ki, ərazinin niyə hasarlanmasını da izah edə bilməz: “Əgər hasara alınıbsa, deməli sənədləşdirilib. Sənədsiz heç bir yer hasara alına bilməz. Ümumiyyətlə, həmin ərazidə heç vaxt park olmayıb. Bakıxanov qəsəbəsində cəmi 3-4 park var, onları da hamı tanıyır”.
 
Şöbə müdiri ərazidə hansısa tikintinin aparılmasına gəlincə isə bildirib ki, tikintinin aparılmasına icra hakimiyyəti icazə vermir.
 
Sotu 50 minə...
 
Virtualaz.org bir neçə uğursuz cəhddən sonra uzun illər parka rəhbərlik etmiş Səriyyəxanım İldarova ilə əlaqə saxlayıb. İldarova söyləyib ki, park 47 nömrəli Məkdəbdənkənar İş Mərkəzinin tabeliyində olub, amma sonra oradan da alınıb.
 
 
 
“Mən həmin parkda 45 il işləmişəm, təsəvvür edin ki, xarabalıq ərazisini ərazini əllərimlə yaşıllaşdırmışam, tikib ərsəyə gətirmişəm. Amma sonra bizdən alındı, hasarladılar. Həmin ərazidə torpağın sotu 50 min manatdır, 1 hektar ərazidir, qiymətini özünüz hesablayın”,-İldarova parkdan ürək ağrısız danışa bilmədiyini söyləyərək ərazinin məhv edilməsinin qarşısını almaqda köməklik istəyib.
 
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə söyləyiblər ki, ərazidə araşdırma aparmaq və tədbir görmək üçün şikayətçi icra hakimiyyətinə rəsmi müraciət etməlidir, icra hakimiyyəti də öz növbəsində birliyə məktub göndərməlidir. Bundan sonra tədbir görülə bilər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə araşdırma aparılacağını, nəticəsi ilə bağlı məlumat veriləcəyini deyib./virtualaz.org/

Загрузка...
Загрузка...