Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?

Baxış sayı: 
112
2  
0  

 
Avropadan Azərbaycan və Gürcüstana işğaldan qurtuluş üçün yeni kart-planş; Azərbaycanın hərb naziri Gürcüstana gedir - məqsəd...
Bu günlərdə Avropa Birliyinin (AB) əsas orqanı olan Avropa Parlamenti mühüm bir sənəd qəbul elədi. Sənəddə AB-nin bütün “Şərq tərəfdaşlığı” ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklər haqda xüsusi maddə yer alır. Həmçinin münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına - qaçqın və məcburi köçkünlərə dəstəyi gücləndiriləyin vacibliyi vurğulanır.
 
Bu, təbii ki, “Şərq tərəfdaşlığı” Proqramının üzvləri kimi Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın milli maraqlarına tam cavab verir. Diqqətçəkici məqam həm də odur ki, sənəddəki maddə öhdəlik xarakteri daşıyır. Yəni bundan sonra suverenlik və ərazi bütövlüyü kimi prinsipial məsələlərdə hansısa lobbi qruplarının təsiri altında manipulyasiya cəhdləri mümkünsüz olacaq. Çünki söhbət Avroparlament üzvlərinin, bütövlükdə AB-nin üzərinə qoyulan öhdəlikdən gedir.
 
Bununla konkret halda işğalçı Ermənistanın Qarabağ məsələsində Azərbaycan əleyhinə Avropa məkanında apardığı və nəticəyə hesablanmış təbliğatda əl-qolu bir az da bağlanmış olacaq. Təsadüfi deyil ki, düşmən ölkənin rəsmi və qeyri-rəsmi KİV-ləri Avroparlamentin son qərarı haqda heç nə yazmadı, faktiki, susdu.
 
*****
 
Yeri gəlmişkən, Ermənistan rəsmiləri tez-tez belə bir cəfəng iddianı təkrarlayırlar ki, guya “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb”. Onların nə söyləməsindən, daha dəqiqi, işğalçı siyasətə hansı yolla haqq qazandırmağa çalışmasından asılı olmayaraq, gerçək belədir ki, AB-nin son sənədində açıq və birmənalı şəkildə “Şərq tərəfdaşlığı” ölkələrinin məhz BEYNƏLXAQL SƏVİYYƏDƏ (seçdirmə bizimdir - “YM”) tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü, siyasi müstəqillikləri dəstəklənir.
 
Eləcə də digər mötəbər beynəlxalq təşkilatların - BMT-BMT-nin, Avropa Şurasının, Qoşulmamaq Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digərlərinin analoji qərar və qətnamələrini yada salmaq olar. Əlbəttə ki, konfliktin həlli üçün bu kimi yüridik sənədlər çox vacibdir, çünki onlar beynəlxalq birlikdə konfliktlərin hansı hüquqi baza əsasında həll oluna biləcəyi haqda rəyi daha da möhkəmlədir. Lakin əfsuslar olsun ki, bu kifayət deyil. Çünki işğalçıya təzyiq mexanizmi də yaradılmalıdır ki, o, beynəlxalq hüquqa sayğılı olsun. Bu isə ilk növbədə qlobal güclərin iradəsindən asılıdır. Ya da Azərbaycan kimi ölkələr hərbi yolla işğala son qoya bilər. Hər necə olmasa, AB-nin son qətnaməsi ərazisinin bir hissəsi işğala məruz qalan “Şərq tərəfdaşlığı” ölkəsinə müharibə haqqı tanıyır.
 
Ermənistan üçün neqativ gəlişmə də ən əvvəl bununla bağlıdır. Nədən ki, sabah Qarabağda döyüş əməliyyatları bərpa olsa, antiterror əməliyyatı başlasa, Azərbaycan həm də bu kimi hüquqi sənəd və qətnamələrdən çıxış edəcək. Avropa İrəvanın yox, Bakının yanında olacaq. Çünki öz sənədinə, prinsipial mövqeyinə xilaf çıxa bilməz. Bu mənada Avropa Birliyinin mövqeyi Azərbaycan və Gürcüstana savaş üçün “kart-blanş” anlamına da gəlir və işğala qarşı müharibə haqqı verir.              
 
*****
 
“Avropa Birliyi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Trend-ə rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, AB nümayəndələri hər zaman Qarabağla bağlı sənəd, protokol və qətnamələri dəstəkləyiblər: “Bu baxımdan ”Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə" qətnamənin qəbul olunmasında əslində yeni bir şey yoxdur. Bütün məsələ ondadır ki, bu yanaşmalar təcrübədə və müharibəsiz necə tətbiq olunacaq".
 
Politoloq bu xüsusda hesab edir ki, daha bir vacib məqam Azərbaycan və onun nümayəndələrinin bu qətnamə əsasında necə hərəkət edəcəyidir. “Burada hər şey özlərindən asılıdır. Məsələ Qarabağ nizamlanması ilə bağlıdırsa, onlar avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir”, - deyə o vurğulayıb və Avropada Azərbaycan diasporlarının nümayəndələrinə mövcud vasitələrdən düzgün istifadə etməyi və səmərəli təsir sistemi yaratmağı tövsiyə edib.
 
*****
 
 
 
İstənilən halda, Azərbaycanla Gürcüstan iki qonşu və tale ortaqları kimi anti-işğal məsələsində ölçülü-biçili, sinxron hərəkət etmək zorundadır. Çünki o halda işğalçılıq siyasətini faş eləmək daha effektli və asan olur. Təqdirəlayiqdir ki, Azərbaycan və Gürcüstan üstəlik, NATO üzvü Türkiyə ilə çoxdandır ortaq siyasi, iqtisadi-energetik, təhlükəsizlik və hərbi işbirliyi içindədir və faktiki surətdə Bakı-Ankara-Tiflis geosiyasi üçbucağı mövcuddur. Üç ölkənin hətta ortaq silahlı qüvvələrinin yaradılması yönündə müzakirələr gedir, vaxtaşırı birgə hərbi təlimlər həyata keçirir. Buna müharibə öncəsi baş məşq də demək olar.          
 
Yeri gəlmişkən, yanvarın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana rəsmi səfər edəcək. Bu haqda Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Səfər çərçivəsində iki ölkə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənədin imzalanması planlaşdırılır. Səfər zamanı Z. Həsənovun bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi də bildirilib.
 
“Yeni Müsavat”ın analitik xidməti
 

Загрузка...
Загрузка...