Bakıda tanınmış özəl klinika cərimələndi - Vətəndaşa təyin olunan diaqnoz digər klinikalarda təkzib olunub

Baxış sayı: 
169
1  
0  

Bakı Apellyasiya Məhkəməsi Avropa Məhkəməsinin qərarına istinad edərək özəl klinikanı cərimələyib.

“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər dövlətdən tələb edir ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə məcbur edən hüquqi aktlar qəbul etsin. Dövlətin borcudur ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”, – bu, Avropa Məhkəməsinin qərarındandır.

Bakı Apellyasiya Məhkəməsi də «Eriksson İtaliyaya qarşı» adlı həmin işə istinad edərək, Bakıda fəaliyyət göstərən «Ömür» klinikasını cərimələyib. Səbəb isə klinikada götürülən analizin cavabının yanlış olmasıdır.

İki laboratoriya virus olmadığını göstərib

Fariz Rüstəmov bir şirkətə işə düzələndə ondan sağlamlıq haqda arayış istəyiblər. O da «Ömür» klinikasında müayinədən keçib və ona «Hepatit C» aşkarlanması barədə arayış verilib. Daha sonra Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzinin Bakterioloji Laboratoriyasında təkrar analiz verib. Məlum olub ki, onda bu virus yoxdur. Bir daha əmin olmaqdan ötrü «Sağlam Ailə»də də yoxlanıb. Yenə də ona bu virusun daşıyıcısı olmaması haqda arayış verilib.

Bunun ardınca həm F.Rüstəmov, həm də valideynləri məhkəməyə üz tutublar. Onlar yanlış diaqnoz nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq, 50 min manat tələb ediblər. İddia ərizəsində yazılıb ki, F.Rüstəmovun «Hepatit C» xəstəliyinə tutulduğunu eşidəndən sonra atasında fikirdən şəkərli diabet yaranıb, anası həyəcandan huşunu itirərək yıxılıb və xəsarət alıb: “Anası həkimdir və bu xəstəliyin ağırlığını dərk edir”.

Bu məhkəmə çəkişməsi il yarıma qədər davam edib. Suraxanı Rayon Məhkəməsi iddianı təmin etməyib. Məhkəmə belə nəticəyə gəlib ki, birincisi, iddiaçı tərəf onlara dəymiş ziyanla bağlı yetərincə sübutlar ortaya qoya bilməyib. İkincisi, məhz klinikanın yanlış diaqnozunun bu ailəyə mənfi təsiri müəyyən edilməyib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarla razılaşıb. Ancaq Ali Məhkəmə qərarı ləğv edib və işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

Klinikanın nümayəndəsi deyir ki, yanlış diaqnozun səbəbi həkim səhlənkarlığı yox, avadanlığın nasazlığı olub. Üstəlik, analizin nəticəsi F.Rüstəmovda «Hepatit C» olması anlamına gəlməməlidir. Çünki cavab blankında ona qanda PZR üsuluyla yenidən yoxlanmaq məsləhət görülüb.

500 manat cərimə kəsilib

Məhkəmə isə bu arqumentlə razılaşmayıb. Qərarda yazılıb ki, avadanlığın nasazlığı klinikanı məsuliyyətdən azad etmir. Avadanlıqdan, texnikadan istifadə edən şəxs ona nəzarət etməlidir.

“Tibb müəssisəsi müayinə və müalicə zamanı yanlışlığa yol verdikdə (xəstəni səhv əməliyyat etdikdə, yanlış diaqnoz qoyduqda və s.) xəstəyə dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməyə borcludur. Tibb müəssisəsi maddi-hüquqi məsuliyyətdən o vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübut etsin. Bu işin faktiki halları isə göstərir ki, klinika ona yanlış diaqnoz qoyub. Virusun təhlükəliliyi, sağalma prosesinin uzun çəkməsi, cəmiyyətdə doğurduğu əks səda nəzərə alınmaqla, iddiaçının mənəvi iztirab keçirməsi aşkardır”, – Bakı Apellyasiya Məhkəməsinin qərarında belə yazılıb.

İddiaçı tərəf klinikadan 50 min təzminat tələb etsə də, Bakı Apellyasiya Məhkəməsi «Ömür»ü 500 manat cərimələyib. Buna baxmayaraq, iddiaçı tərəf şikayət vermək istəməyib.

“Əsas olan klinikanı bundan sonra daha diqqətli, daha məsuliyyətli olmağa vadar etmək idi. O üzdən yenidən Ali Məhkəməyə şikayət vermək istəmədik. Klinikalar anlamalıdır ki, pasiyentlərə qoyulan yanlış diaqnoz onların özlərinin, yaxınlarının həyatının alt-üst olmasına gətirib çıxarır. Belə məsələlərə barmaqarası yanaşmaq olmaz”, – iddiaçının vəkili Aqil Layıcov Azadlıq Radiosuna bildirib.

Загрузка...
Загрузка...