Bakıda qeyri-adi məkan: 1 manata fotosessiya, kofe və... - REPORTAJ

Baxış sayı: 
72
1  
0  

Kim deyir ki, zamana səyahət etmək mümkün deyil? Cəmi bir fotoşəkil bəs edir ki, həmin o ana qayıdıb üzünüzü güldürən, yaxud qəlbinizi yoran gözləri xatırlayasınız. Bəlkə də yaddaşınızın bir köşəsində unutduğunuz ətirə yenidən bürünəsiniz.
 
Bilirdinizmi, 200-ə yaxın yaşı olan fotoqrafiyanın cəmi bir kadrında yaşamaq üçün tarixən insanlar hədsiz əziyyətə qatlaşıblar. Məsələn, əzəl vaxtı Viktorian ailələrinin London fotoemalatxanasında bir fotoya həkk olunmaq üçün saatlarla tərpənmədən verdikləri savaşdan xəbərdarsınız? Hətta həmin illər insanlar tək dirilərinə yox, ölülərinə də obyektivdə can verirdilər. Hələ tam təkmilləşməmiş fotoaparatlardan istifadə edən fotoqraflar üçün cəsəd şəkili çəkmək daha sərfəli idi. Çünki fotoşəkillərin yaranması çox vaxt aparırdı. Canlı insanın üz-göz hərəkətləri, qeyri-ixtiyarı reaksiyaları şəkili keyfiyyətsiz və kölgəli edirdi. Odur ki, ölülər fotoqrafların ideal modelləri sayılırdılar. Cəsədi canlıya ən çox bənzədənlər isə dövrünün ən məşhur fotoqraflarına çevrilirdilər.
 
 
Postmortem kimi tanınan həmin fotolar digər arxaik adətlər kimi indi bizə qəribə görünür.
 
Bəs bu gün fotoqrafların ideal modelləri kimlərdir?
 
Peşəkar fotoqraf deyəndə təsəvvürünüzdə kim canlanır?
 
Artıq fotoqrafiya ən yeni dövrünü yaşayır. Bu gün arzulayan hər kəs "fotoqraf" olur.
 
Çünki müasir texnologiya reallığı daha real təsvir etmək imkanı yaradır…
 
Çünki müxtəlif proqramlardan istifadə edib simanızı da, vücudunuzu da tamamilə dəyişə bilərsiniz…
 
Amma fotoqrafın duyğuları obyektivin imkanlarından daha dərin, ürəyinin istisi süni lampa işığından daha aydın deyilsə, ən son model fotoaparat da zamanı əbədiyyətə çevirməkdə, hər baxanda mürgülü duyğularınızı oyatmaqda aciz qalacaq.
 
 
 
Artıq şəhərimizin mərkəzində Günəş kimi isti, "Yellow" adlı fotostudiya fəaliyyətə başlayıb. İki istedadlı fotoqraf İslam Kazımov və Səfiyar Məcnunun sarı işıqla, sevgi və əməklə qurduğu məkanda ən doğma anlarınızı fotoya çevirə biləcəksiniz. Publika.az SARI məkanın qonağı olub fotoqraflarla həmsöhbət oldu.
 
Sarıya sarı…
 
Səfiyar Məcnun: Sarı həm isti, şən, həm də qəmgin və həsrətin rəngidir. Amma mən bunları sarını səbəbsiz sevdikdən sonra öyrənmişəm. Studiya üçün ad seçərkən günlərlə düşünüb, bir neçə seçim arasında qalmışdıq. Ən yaxın dostumuz Nəriman bu müzakirələrə “hamı sənin sarı rəngə bağlı olduğunu bilir. Niyə də “YELLOW” olmasın” deyə son qoydu. Bununla da “sarı” dostluğumuzun rənginə çevrildi.
 
- Rəsmlə fotonu yadlaşdıran səbəb hansıdır?
 
İslam Kazımov: Rəsmlə fotonu müqayisə etmək doğru deyil. Bəli, fotoqrafiyanın janrları özündən əvvəl rəssamlıqla yaranıb. Lakin rəsmdə rəssamın xəyal gücü işin əsasını təşkil edir. Fotoqrafiyada isə görüntünün var olması bir, onu görə bilməyin isə başqa ehtimaldır. Kvant fizikasında belə bir fikir var: "Heç bir hadisə müşahidə edilmədən hadisə deyil”. Bu o deməkdir ki, rəsm əsərini hadisə baş vermədən, yaxud hər hansı bir görüntüyə baxmadan çəkmək mümkündür. Fotoqrafiyada isə əsla.
 
- Hər hansı bir görüntüyə baxıb çəkmək onu görmək, göstərmək anlamına da gəlmir. Hansı halda deyə bilərik ki, fotoqraf baxdığı obyekti sənət əsərinə çevirdi?
 
Səfiyar Məcnun: Baxdığı yox, gördüyü desək, daha dəqiq olar. Çünki fotoqraf bir obyektə durmadan baxa bilər, amma görməsi, ümumiyyətlə, foto çəkmək üçün uyğun məqamın yaranması ehtimaldır. Rakursun doğru seçilməsi, hadisələrin gedişatına münasibət, zamanında məkanda olmaq da fotonun taleyini həll edən əsas səbəblərdir. Doğrudur, fotoqrafiyanın müxtəlif janrları, əməl olunmalı qaydaları var. Amma Bresson deyir ki, yaxşı foto çəkməyin qaydası yoxdur. Yəni fotoqrafın öz yanaşması da vacibdir. İstər müharibə, istər portret, istərsə də interyer istiqaməti olsun. Fotoqraf işini icra edərkən öz yanaşmasını qoruyub anladığı, duyduğu şəkildə sənətə çevirməlidir. Ən əsası isə özü bundan zövq almalıdır.
 
 
 
- Rəqəmsal fotoqrafiya ənənəvi üsuldan nə ilə fərqlənir?
 
İslam Kazımov: Rəqəmsal fotoqrafiyanı ənənəvi üsuldan fərqləndirən əsas cəhət demək olar ki, yoxdur. Bu mənada ki, rəqəmsal fotoqrafiya da artıq ənəyə çevrilib. Əgər sual analoq kamera ilə rəqəmsal kameranın fərqinə aiddirsə, yeganə fərq işin asanlaşmasıdır. Nəticə etibarı ilə hər ikisi zərbəni eyni nöqtəyə vurur.
 
- Ənənəyə çevrilən, üstəlik asan əldə olunan hər şey bir gün marağını itirir. Sənətinizdən yorulmağa qoymayan bir səbəb deyin...
 
Səfiyar Məcnun: İstənilən peşə sahibi üçün işi sənətdir. Amma tutaq ki, bir xalçaçı gün ərzində 10 dənə eyni xalça toxuyursa, hətta ilmələrin rəngini, yerini dəqiq hesablayır. Fotoda isə heç nə təkrarlanmır. Hər kadr yenidir, fərqlidir. Belə deyək, hər yeni foto caz improvizəsinə bənzəyir. Bezməyə, yorulmağa qoymayan əsas səbəb də budur.
 
-Dünyadan köçmüş bir dahinin fotosunu çəkmək şansınız olsaydı...
 
Səfiyar Məcnun: Həmin şəxs şübhəsiz ki, Albert Eynşteyn olardı.
 
İslam Kazımov : Mən dünyasını dəyişənləri yox, qeybdə olanları çəkmək istərdim.
 
- Qeybdə olanların qayıtmaq şansı daha çoxdurmu deyə?
 
- Tam əksinə. Ölənlərin qayıtmaq şansı qeybdə olanlardan daha çoxdur.
 
- “Yellow” studiyanın digərlərindən nə kimi fərqi olacaq?
 
Səfiyar Məcnun: Bizi digər studiyalardan fərqləndirən əsas cəhət odur ki, bu məkana təkcə foto və video xidmətlərdən istifadə etmək məqsədilə deyil, həm də kofe içib söhbətləşmək üçün gələ bilərsiniz.
 
- Yəqin ki, sosial layihələrlə də fərqlənməyi nəzərdə tutmusunuz...
 
İslam Kazımov: Gələcəkdə maddi durumu imkan verməyən müştərilər üçün simvolik olaraq “1 manata fotosessiya” və uşaq evlərindəki balalarımızın portretlərini çəkib hədiyyə etmək kimi sosial layihələr nəzərdə tutmuşuq.
 
- Niyə sizə sarı gələk?
 
- Sarı işıqdır. İşığa SARI gəlin!
 
Leyla Sarabi

Загрузка...
Загрузка...