​Bakıda kişi baldızını izləyib ona 6 bıçaq vurdu... – Alatavada şok hadisə

Baxış sayı: 
123
1  
0  

 
Bakıda baldızını öldürməyə cəhddə təqsirli bilinən Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Dinar Təhməzovun işinə Ali Məhkəmədə baxılıb.
 
Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qətnaməsi ilə Dinar Təhməzov arvadı ilə boşanıb.
 
O, keçmiş arvadı ilə münasibətlərinin bərpa olunmasına və barışmağa cəhd göstərib. Amma cəhdləri uğursuz alınıb. Bu uğursuzluğa görə isə baldızı Nuranə Fərzəliyevanı günahkar bilib.
 
O, arvadının bacısı Nuranə Fərzəliyevanın ailəsi ilə barışmağa mane olduğunu güman edib, heç bir əsaslı səbəb olmadan onu öldürmək qərarına gəlib.
 
Niyyətini həyata keçirmək üçün o, əvvəlcədən özü ilə götürdüyü bıçaqla silahlanıb və sərxoş vəziyyətdə 2018-ci il iyunun 7-də, saat 21 radələrində işlədiyi "Bay man" dükanından çıxaraq evlərinə gedən Nuranə Fərzəliyevanı izləyib.
 
Dinar Nuranənin izləyərək kirayədə yaşadığı Yasamal rayonu, 2-ci Alatava ünvanında ona yaxınlaşıb və bıçaqla arxadan qadına ardıcıl zərbələr vurub.
 
Ümumilikdə 6 bıçaq xəsarəti alan Nuranə səs-küy salaraq kömək istəyib. Zərərçəkmişin qışqırdığını görən Dinar hadisə yerindən qaçıb.
 
Hadisə şahidləri tərəfindən Nuranə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
 
İstintaq orqanı tərəfindən Dinar Təhməzova Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb. Dinar Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.
 
Dinar Təhməzov qeyd edib ki, Nuranə Fərzəliyevanı öldürmək niyyəti olmayıb. Onun şikayətinə görə, Nuranə hadisə zamanı onu təhqir edib, bundan əsəbləşərək onu vurub.
 
Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti təqsirləndirilən şəxsin şikayətinin təmin olunmaması barədə qərar elan edib.
 
Bu qərardan narazı qalan Dinar Təhməzov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırııması üçün Ali Məhkəməyə göndərilib.
 
Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada şikayət qismən təmin olunub.
 
Dinar Təhməzovun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib, həmin maddə ilə təqsirli bilinib.
 
Dinar Təhməzovun cəzası 10 il 6 aya endirilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...