​Bakıda 25 nəfərin öldüyü yanğın cinayətin üstünü açdı

Baxış sayı: 
89
2  
0  

15 gün əvvəl qaçırdığı xanımı öldürməyə cəhd edən və daha sonra başqa adla Narkoloji Mərkəzdə gizlənən şəxsin məhkəməsi başlayıb​.
 
Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
 
Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.
 
Hadisədən sonra Şirzad Əsədov naromaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb.
 
Bundan 2 gün sonra Narkoloji Mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib.
 
Şirzad Əsədov isə sağ qalıb. Bu yanğınla bağlı araşdırma aparılarkən Şirzad Əsədovun əsl kimliyi üzə çıxıb. Bundan sonra o həbs edilib.
 
Narkoloji Mərkəzdə baş verən yanğına görə davam etdirilən məhkəmə iclasında da Şirzad Əsədov zərərçəkmiş kimi ifadə verib.
 
Ş.Əsədov həmin ifadəsində bildirib ki, Mərkəzə gələndə ad-soyadını yanlış deyib: "Mən 3 ay idi ki, axtarışdaydım. O zaman həbsdən az bir müddət idi ki, çıxmışdım. Həm müalicə almaq üçün, həm də həbsə düşməmək üçün Mərkəzə müraciət etdim. Azad müəllimə adımı və soyadımı səhv dedim. Məni palataya köçürdülər. Bir-iki gündən sonra bu hadisə baş verdi. Həmin gecə tüstünün qoxusuna oyandım, boğulurdum. Tez çölə qaçdım. Hər yanı tüstü bürümüşdü, duman kimi idi. Göz-gözü görmürdü. Birtəhər çölə çıxdım. İlkin yardım elədilər, boğulurdum. Sonra bizi başqa palataya köçürdülər. Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Mən orada tutuldum. Heç kimdən şikayət və tələbim yoxdur".
 
Ş.Əsədov indi Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Загрузка...
Загрузка...