Bakı metrosunda mühüm YENİLİK - FOTO

Baxış sayı: 
123
1  
0  

Əhalinin bütün təbəqələrinin metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədi ilə “Bakı Metropoliteni” QSC tarixinin ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəsinə start veriləcək.

 

“Report”un quruma istinadən verdiyi xəbərə görə, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır.

“Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır.

Bununla belə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi “Bakı Metropoliteni”ndə daim gündəlikdə saxlanılan məsələdir. Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə qurumun sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

Layihənin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq”, – məlumatda qeyd olunub.

Загрузка...
Загрузка...